Artıq bir neçə ildir ki, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə respublikamız dünya ölkələri arasında ən yüksək yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, bazar institutlarının fəaliyyəti nəticəsində əldə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri iqtisadiyyatda keçid dövrünün tamamlandığını şərtləndirən əsas göstəricilərdir.
Son illər hökumət makroiqtisadi sabitliyin qorunması, istehsalın səviyyəsinin saxlanılması, pul-kredit siyasətinin gücləndirilməsi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi, sahibkarların işgüzar fəallığının stimullaşdırılması istiqamətlərində zəruri işlər görmüşdür. Həyata keçirilən qətiyyətli və səmərəli tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, qeyri-neft sektorunda şaxələndirmə əsasında iqtisadi artım əldə edilmişdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti "Doinq-Business" hesabatında Azərbaycan öz yüksək mövqeyini saxlamışdır.
Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünyada 51-ci yerə layiq görmüşdür ki, bu da Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək göstəricidir. "Standard&Poors" beynəlxalq reytinq agentliyi respublikamızın reytinq proqnozunun "sabit" səviyyəsindən "müsbət" səviyyəyə yüksəldiyini bəyan etmişdir.
Ötən il ÜDM-in həcmi 34,6 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 9,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil etmişdir. İnflyasiyanın səviyyəsi 1,5 faizə endirilmişdir.
Həmişə olduğu kimi, sosial məsələlərin həlli hökumətin fəaliyyətində prioritet yer tutmuşdur. Orta aylıq əməkhaqqı 8,6 faiz artaraq 298 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 100,4 manata çatdırılmışdır. Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 75 manat olmuşdur.
İqtisadi mühitin daha da yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması məqsədi ilə Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsi 35 faizdən 20 faizə, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi isə 35 faizdən 30 faizə endirilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi üçün əməliyyatların illik həcmi 90 min manatdan 150 min manatadək artırılmışdır.
2009-cu ildə hökumət Mərkəzi Bankla daha sıx əlaqədə işləmiş, aidiyyəti üzrə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində makroiqtisadi sabitliyin qorunmasına nail olunmuşdur. Böhranın ölkə iqtisadiyyatına təsirinin yumşaldılması istiqamətində qanunvericilikdə edilən mühüm dəyişikliklər tənzimləmə imkanlarını daha da artırmışdır. Bununla real sektora hökumət zəmanəti ilə məqsədli kreditlərin verilməsi, kommersiya banklarına isə subordinasiyalı kreditlərin ayrılması mexanizmi yaradılmışdır. Bank sisteminə ictimai inamı daha da möhkəmləndirmək məqsədi ilə illik dərəcəsi 15 faizədək olan əmanətlər sığorta sisteminə daxil edilmiş, onların maksimal məbləği beş dəfə qaldırılmışdır. Nəticədə banklarda yerləşdirilmiş əmanətlər ötən ilin ikinci rübündən artmağa başlamışdır.
Ölkənin strateji valyuta ehtiyatları ötən ilin sonuna 1,8 milyard ABŞ dollarından çox artaraq, Dövlət Neft Fondunun vəsaitləri də nəzərə alınmaqla 20 milyard dolları ötmüşdür. İl ərzində onların idarə olunmasından 430 milyon dollara yaxın gəlir əldə olunmuşdur. Dövlət büdcəsindən 287,7 milyon dollar məbləğində xarici borc ödənilməklə, kreditorlar qarşısında öhdəliklər tam həcmdə yerinə yetirilmişdir.
Hər il sahibkarlığın dəstəklənməsi məqsədi ilə böyük məbləğdə güzəştli kreditlərin verilməsi, aqrar sektora subsidiyaların ayrılması qeyri-neft sektorunun inkişafında çox mühüm rol oynayır.
Ötən il Sahibkarlığa Kömək Milli Fondundan 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kredit verilmişdir. Fondun qaydalarına edilən dəyişiklik nəticəsində güzəştli kreditlərin maksimum həddi 3 milyondan 5 milyon manata qaldırılmış, faiz dərəcəsi isə 7-dən 6-ya endirilmişdir. 2008-ci illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayının 2,6 dəfə, güzəştli kreditlərin məbləğinin isə 1,5 dəfə artması dövlət tərəfindən sahibkarlığa göstərilən qayğının real təzahürüdür.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyəti olan aqrar-sənaye kompleksinə xüsusi diqqət yetirilmişdir. Fermerlərə və sahibkarlara dövlətin günbəgün artan maliyyə və texniki dəstəyi, ildən-ilə yaxşılaşan infrastruktur təminatı öz bəhrəsini vermişdir. Əvvəlki ilə nisbətən bitkiçilik məhsulları istehsalında 4 faiz, heyvandarlıqda 2,8 faiz, ümumən, kənd təsərrüfatı məhsulları istehsalında 3,5 faiz real artım əldə edilmişdir. Ölkə tarixində ilk dəfə olaraq ən yüksək miqdarda dənli bitki məhsulu toplanmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 22,7 milyon manat ayrılmışdır. Kənd təsərrüfatı sahəsi üçün mühüm əhəmiyyəti olan meliorasiya tədbirləri davam etdirilmiş, suvarma və kollektor-drenaj şəbəkələri tikilmiş, yeni mühafizə bəndləri qurulmuşdur.
Taxtakörpü və Şəmkirçay su anbarlarında, Taxtakörpü-Ceyranbatan kanalında və digər mühüm obyektlərdə tikinti və yenidənqurma işləri aparılmışdır. Ümumilikdə əsaslı tikinti və yenidənqurma işlərinə 242,1 milyon manat vəsait yönəldilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair regional dövlət proqramları ölkə həyatının bütün sahələrini əhatə etməklə əhalinin rifahının yüksəlməsinə əsaslı təsir göstərir. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişaf edərək Dövlət Proqramının icrasının birinci ilində də qazandığı uğurlarla dünya ölkələri arasında öz yerini və mövqeyini daha da möhkəmləndirmişdir.
Ölkə Prezidenti İlham Əliyev birinci regional Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərlə bağlı yerlərdə vəziyyəti öyrənmək məqsədilə regionlara 27 dəfə səfər etmişdir. Ötən 5 il ərzində ölkədə 766,277 yeni iş yeri açılmışdır ki, bunun da 547,573-ü daimidir. Yaradılmış iş yerlərinin 80 faizi regionların payına düşür. Təkcə 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır. Beş ildə 27,572 yeni müəssisə yaradılmış, regionlarda min kilometrdən çox magistral yol çəkilmiş, 600 kilometr respublika əhəmiyyətli, 2,700 kilometr yerli əhəmiyyətli yollar bərpa olunmuş, 69 yeni körpü salınmış, 34 körpü təmir edilmişdir. Beş il ərzində 9 elektrik stansiyası tikilərək istifadəyə verilmişdir ki, onun da 7-si regionlardadır. Həmin dövrdə 1.566 kilometr yeni qaz xətti çəkilmişdir. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62 faiz təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 85 faizə çatmışdır. Əhalinin su təchizatı sahəsində də uğurlu işlər görülmüşdür. Regionlarda 723,5 kilometr yeni su xətti, 209,31 kilometr kanalizasiya xətti çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu qazılmışdır.
Uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin həlli istiqamətində də xeyli iş görülmüşdür. Regionlarda 75 qazanxana tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir edilmişdir. Bölgələrdə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 1.600-ə qədər məktəb və məktəbəqədər tərbiyə müəssisəsi tikilmiş və təmir olunmuşdur ki, bunun da 1.304-ü regionların payına düşür. Ayrı-ayrı şəhər və rayonlarda 16 xəstəxana, 42 ambulatoriya-poliklinika müəssisəsi, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer-mama məntəqəsi istifadəyə verilmişdir. Bundan başqa, regionlarda 18 müasir olimpiya-idman kompleksi tikilmiş, əlil və şəhid ailələri üçün 33 yaşayış binası, 7 bərpa mərkəzi istifadəyə verilmişdir. Qaçqınların məskunlaşdıqları çadır şəhərcikləri isə birdəfəlik ləğv edilmişdir.
İkinci regional Dövlət Proqramının ilk ilində görülən işlər də diqqəti çəkir. Nəzərə alsaq ki, 2009-cu ildə dünyada maliyyə böhranı ciddi fəsadlar törətmişdir, onda respublikamızda aparılan islahatların müsbət nəticələri aydın təsəvvür olunar. Belə ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan düzgün iqtisadi siyasət nəticəsində ötən il bütün sahələr üzrə uğurlu göstəricilər əldə edilmişdir. Keçən il ölkəmizdə ümumi daxili məhsul istehsalı 9,3 faiz, adambaşına düşən gəlir isə 7,9 faiz artmışdır. Bunun nəticəsində əhalinin gəlirləri 8 faiz yüksəlmiş, orta aylıq əməkhaqqı 298 manata çatmışdır.
Həyata keçirilən antiböhran tədbirləri nəticəsində qlobal maliyyə-iqtisadi böhranının Azərbaycana təsiri minimuma endirilmişdir. Ölkədə yaradılmış siyasi sabitlik, qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlıq təbəqəsinin formalaşması və onun inkişaf etdirilməsi, uğurlu neft strategiyası, əlverişli biznes və investisiya mühitinin yaradılması və digər amillər bu uğurların qazanılmasına şərait yaratmışdır.
Birinci regional Dövlət Proqramında bölgələrdə icrası nəzərdə tutulan bir çox layihələr uğurla həyata keçirilmişdir. Gəncədə yeni beynəlxalq hava limanı, Gəncə-Qazax avtomobil yolunun Gəncə-Şəmkir-Qazax hissələri, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu istismara verilmişdir. Gəncə və Qazaxda müalicə-diaqnostika mərkəzləri, Füzuli rayonunda tibb mərkəzi inşa edilmişdir. Gəncənin sənaye potensialını gücləndirmək məqsədilə "OKA" markalı avtomaşınların yığımına başlanılmış, "Jardin Röyal" şokolad fabriki fəaliyyətə başlamış, "Gəncə Sənaye Cihaz" ASC, tikiş fabriki, "Gəncə-Şərab-2" Səhmdar Cəmiyyəti yenidən qurulmuşdur. Ağstafada "Akkord" şirkətlər qrupunun tikiş fabriki istifadəyə verilmişdir. Qazaxda bentonit gili istehsalı müəssisəsi, Şəmkirdə "Ata-Sənaye" MMC-nin quşçuluq fabriki yenidən qurulmuş, Goranboyda yağlı boya zavodu istifadəyə verilmiş, gips zavodu tamamilə yeniləşdirilmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.