Almaniya-Azərbaycan Forumunun sədri: Sənayeləşmənin nəticəsi olaraq Azərbaycan müəssisələri Almaniyada əlavə sərmayələr yatıra biləcəklər

Hazırda Azərbaycanda sənayeləşmə prosesinin getməsi çox önəmlidir. Bu sənayeləşmənin nəticəsi olaraq, Azərbaycan müəssisələrinin inkişaf qabiliyyəti daha da artacaq və bu da imkan verəcək ki, Almaniyada da əlavə sərmayələr yatıra bilsinlər. Bunu Trend-ə açıqlamasında Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer bildirib.

Şlayerin sözlərinə görə, Azərbaycanda Kimya Sənaye Parkı yaranır ki, bu da səneyeləşmənin tərkib hissəsi olaraq qəbul olunur: “Burada qazanılan təcrübə və şirkətlərin investisiya qabiliyyətinin artması imkan verəcək ki, şirkətlər bu sahədə Almaniyada da fəaliyyət göstərsinlər”.

H.E.Şlayer qeyd edib ki, Azərbaycan iqtisadiyyatı rəqabətə davamlı bir iqtisadiyyatdır: “Bu da bazar iqtisadiyyatında çox önəmli bir faktordur və Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyini təmin edib. Bunun da əsasında akademik təhsillə yanaşı, peşə təhsili dayanır. Peşə təhsilinin olması sabit sənayeləşmənin yaradılması üçün çox vacibdir”.

Forumun idarə heyətinin sədri bildirib ki, Almaniya iqtisadiyyatının kökündə dayanan əsasən böyük şirkətlər deyil: “Bunlar əsasən orta və kiçik miqyaslı şirkətlərdir. Orta və kiçik şirkətlərin də texniki və akademik uğurunun kökündə, yeni iş yerlərinin yaranmasında iki məsələ dayanır. Birincisi, onların çevik fəaliyyəti, yəni bazar şəraitinə uyğunlaşması, ikincisi isə onların peşə təhsili sahəsində mütəxəssislər hazırlaya bilməsi. Bu iki amil bizim iqtisadi uğurumuzu təşkil edir. Biz həmin təcrübəni sizin ölkənizlə bölüşmək istəyirik”.

Şlayer qeyd edib ki, Azərbaycan resurslarla zəngin olan bir ölkədir və bu sahədə daha çox inkişaf əldə edib. Lakin nəzərə almaq lazımdır ki, hər bir dövlətdə iqtisadi və siyasi sabitlik olmadan inkişaf mümkün deyil: “Hər bir davamlı iqtisadi sabitliyin kökündə siyasi sabitlik dayanır. Bu mənada buradan aldığımız təklifləri Berlinə çatdıracağıq və bildirəcəyik ki, Azərbaycan dövlətinə, bu respublikaya öz inkişafı yolunda hansı sahədə dəstək lazımdır və federal dövlətdən gözlənilən siyasi dəstək nədən ibarətdir. Bu sahədə son günlər apardığımız fikir mübadiləsi və çıxardığımız nəticələrlə geri dönəcəyik”.

Qeyd edək ki, Alman-Azərbaycan Forumunun İdarə Heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində bir sıra dövlət qurumları ilə görüşlər keçirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında