Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə edilib

Sentyabrın 2-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Alman-Azərbaycan Forumunun (DAF) idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin uğurla davam etdiyini qeyd edən iqtisadiyyat və sənaye naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalandığını bildirib.

Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 milyon ABŞ dollarına yaxın investisiya yatırılıb. 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25 faiz, bu ilin yanvar-iyul aylarında isə 15 faiz artıb. Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir.

Nazir 2012-ci ildə Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatasının MDB məkanında 2-ci belə palata olduğunu və bu qurumun ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynadığını deyib.

Bildirilib ki, 1997-ci ildən etibarən aparılan Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi qrupunun yaradılması, “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir.

Qeyd edilib ki, 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Almaniyanın peşə təhsili sahəsindəki təcrübəsindən Sumqayıt Kimya Sənaye Parkında da istifadə ediləcək. İş adamları arasında da əlaqələr inkişaf edir, müxtəlif biznes forumlar, işgüzar görüşlər keçirilir, Azərbaycan Almaniyada təşkil edilən sərgilərdə iştirak edir.

Nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan-Almaniya əməkdaşlığının daha da inkişafında faydalı olacağını diqqətə çatdırıb.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, sosial sahədə görülən işlər barədə məlumat verib, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatın inkişaf tempinə görə dünyada aparıcı yerlərdən birini tutur.

Almaniya-Azərbaycan Forumunun prezidenti Hans-Eberhard Şlayer Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Almaniya nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini, keçirilən rəsmi görüşlərin nümayəndə heyətində geniş təəssürat yaratdığını vurğulayıb. DAF-ın fəaliyyəti barədə məlumat verən E.Şlayer təmsil etdiyi qurumun Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini deyib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən ölkəmizin biznes və investisiya imkanlarına, “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə sənaye parkının fəaliyyətinə dair təqdimatlar keçirilib.

Görüşdə iştirak edən alman iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat veriblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında