Uğurlar Sabirabadı daha aydın sabahlara aparır

Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il bundan əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

29 avqust 2013-cü il

 

Sabirabada hər dəfə yolum düşəndə qeyri-ixtiyari olaraq gözlərim nəsə bir yenilik axtarır. Bu, xüsusilə də daha çox  son illərə aiddir. Çünki rayonu  başdan-başa əhatə edən yenidənqurma, abadlıq-quruculuq işləri doğrudan da, əsrarəngiz Muğan torpağının mərkəzi sayılan bu bərəkətli diyarın həyatına “yeni nəfəs” verib.

Zəhmətdən çəkinməyən, yayın istisindən, qışın soyuğundan qorxmayan hünərvər insanların qüdrəti  Sabirabadı günbəgün göz önündə dəyişdirir, təzələyir, hüsnünə yaraşıq qatır. Bu lirik haşiyəni çox uzatmadan, qeyd etmək istəyirəm ki, Sabirabaddan heç zaman diqqət və qayğısını əsirgəməyən ölkə başçısı İlham Əliyev ötən il avqustun 29-da rayonda olarkən görülən işlərlə daha yaxından tanış olmuş və razılığını bildirmişdir. Bu səfərdən keçən bir il ərzində də rayonda xeyli iş görülmüş, mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

 ...Builin aprel-may ayları idi, Sabirabada gəlmişdim. Əzəmətli  Heydər Əliyev Mərkəzinin yerləşdiyi parkda (indi bu park sabirabadlıların ən sevimli istirahət ünvanıdır) rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovla qarşılaşdım. Sabirabadlıların doğrudan da, çox böyük razılıqla qarşıladıqları  bu layihənin gerçəkləşməsində onun da xüsusi rolu var. Həm də  maraqlı həmsöhbət kimi tanınan  rayon rəhbəri ilə söhbətə “körpü salmaq”, təəssüratlarımı bölüşmək bu dəfə də rahat alınır.

- Bu istirahət parkı və ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəz, ümumiyyətlə rayonda tikilən hər bir sosial obyekt, abadlıq-quruculuq işləri möhtərəm Prezidentimiz İlham Əliyevin sabirabadlılara töhfəsidir, onlara göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir,- deyə sözə başlayır. Sonra parkla üzbəüz tərəfi göstərir : - Bax, orda, yolun o biri tərəfində  cənab Prezidentin göstərişi ilə “Asan xidmət” üçün dördmərtəbəli inzibati bina tikilir. Burada Sabirabad sakinləri ilə yanaşı  ətraf rayonların əhalisinə də xidmət göstəriləcək. Ölkə başçısının əsas məqsədi odur ki, insanların sosial problemləri yerində həll olunsun, həmçinin vətəndaşlara geniş çeşidli xidmətlər göstərilsin, bürokratik əngəllər aradan qaldırılsın, vətəndaş - dövlət münasibətlərində şəffaflıq təmin edilsin. Bir sözlə, görüləsi işlərimiz çoxdur, yəqin ki yayın axırında, payızın əvvəlində ətraflı şəkildə rayondan bəhs edən yazı hazırlamaq üçün istədiyiniz qədər məlumat olacaq. 

  Aradan üç, ya da dörd ay keçib və necə deyərlər, vəd edilən  məqam  da yetişib. Yəni Sabirabada , bir az öncə də qeyd etdiyim kimi, avqustun axırına kimi bir illik dövrü əhatə edən zaman çərçivəsində xeyli işlər görülüb.

 Məlumdur ki, ölkə başçısı insanlara diqqət və qayğı ilə yanaşmağı bir nömrəli vəzifə kimi həmişə önə çəkmişdir. Məhz buna görə də respublikanın hər yerində olduğu kimi, Sabirabadda da  əhalinin məşğulluğunu təmin etmək prioritet vəzifə kimi qarşıya qoyulmuş, yeni müəssisələrin və iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmişdir. Son illər respublikada sahibkarlığın inkişafına yaradılan münbit şərait onların fəaliyyətlərini daha da genişləndirmişdir.

Ötən müddətdə rayonda sahibkarlar tərəfindən sənaye, tikinti, xidmət, kənd təsərrüfatı və digər sahələri əhatə edən 45 yeni kiçik müəssisə yaradılmış, bu da yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərmişdir. Həmin dövrdə 512-si daimi olmaqla 567 yeni iş yeri açılmışdır. Rayonda da sahibkarlığın inkişafına diqqət xeyli artırılmışdır. İstehsal sahələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ildə 42 sahibkara 599 min 800 manat məbləğində vəsait verilmiş və bunun nəticəsində əlavə olaraq 91 iş yeri açılmışdır.

  Məlumdur ki, Prezident  İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən mayın  1-dək ölkə əhalisi tibbi müayinədən keçirilmişdir. Sabirabadda da 112 min nəfərin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuşdu. Həmin müddət ərzində 108210 nəfər tibbi müayinədən keçirilmiş, 3239 nəfər ambulator, 628 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir. Müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 191 nəfər Bakı şəhərində profilinə uyğun klinikalara göndərilmişdir.

Hazırda Mərkəzi Rayon Xəstəxanası üçün 205 çarpayılıq xəstəxana binasının tikintisi davam etdirilir, bu da səhiyyə xidmətinin gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.

   Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması ilə bağlı görülən tədbirlər də uzun illərdir ki, bu barədə sıxıntı çəkən rayon əhalisi tərəfindən razılıqla qarşılanmışdır desəm, səhv etmərik. Çünki bu addımın atılması ilə antisanitariya mənbəyi olan xoşagəlməz vəziyyət aradan qaldırılacaqdır.

   Ulu öndər Heydər Əliyevin ciddi səyi nəticəsində  ötən əsrin səksəninci illərinin başlanğıcında rayon mərkəzində tikilən  Mədəniyyət Sarayının, nəhayət ki, adına yaraşan bir şəkildə əsaslı təmir olunması da 2014-cü ilin ötən dövrü ərzində görülmüş işlərin ən diqqət çəkənlərindən biridir.

  Rayonda təhsilin inkişafı da diqqətdə saxlanılır. Buna nümunə olaraq Çöl Beşdəli kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmasını, Türkədi, Cəngən kənd tam orta məktəblərinin və 3 saylı şəhər uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülməsini buna nümunə göstərmək olar. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə rayon mərkəzində və Qaragüney kəndində hər biri 100 yerlik olmaqla müasir tələblərə cavab verən uşaq bağçalarının tikilməsi də əlamətdar hal olmaqla sabirabadlıların ürəyincə olmuşdur.

 Hazırda şəhərin 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasad hissələri plitələrlə üzlənir, dam örtükləri dəyişdirilir. Bu işlərin digər ictimai yaşayış binalarında aparılması da nəzərdə tutulur. Bundan əlavə, Heydər Əliyev prospektindən Kürkəndi kəndi istiqamətində abadlıq işləri aparılmaqla 22 ədəd işıq dirəyi quraşdırılmış, 600 kvadratmetr yerə metlaq döşənmiş, 270 poqonometr bardür düzülmüşdür. Sözsüz ki, bütün bu işlərin həyata keçirilməsi ilə şəhərin siması da əsaslı şəkildə yenilənəcək.

  Rayon ərazisindəki yolların əsaslı şəkildə təmir olunması üçün müvafiq addımların atılması da ölkə başçısının Sabirabada qayğısına bir nümunədir. Dövlət başçısının sərəncamına əsasən uzunluğu 46 kilometr olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun 30 km-nin tikintisi başa çatdırılmış, qalan hissəsinin tikintisi davam etdirilir. 46 kilometrlik Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunda əsaslı təmir işlərinə başlanmış, cari ildə  yolun 20 kilometrlik hissəsinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şirvan-Noxudlu-Salyan və uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Nərimankənd-Həşimxanlı, Xəlfəli, Şəhriyar, Axtaçı avtomobil yollarının tikintisi ilə bağlı da hazırlıq işləri görülür.

Bundan başqa, qeyri hökumət təşkilatının xətti ilə Əhmədabad kəndi ərazisində 5 km asfalt yol çəkilmiş, 35 saylı Yol İstismar İdarəsi tərəfindən Şirvan-Noxudlu-Salyan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 33 km-lik hissəsində,  Xəlfəli, Yastıqobu kəndlərinin giriş yolları, Qaralar-Əsədli-Suqovuşan, Həşimxanlı, Türkədi, Surra-Qarasu və Surra-Padar kənd avtomobil yollarında cari təmir işləri aparılmışdır.

 Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Cavad, Ulacalı, Qaralı, Qaraağac, Şıx Salahlı kəndlərində kəndarası yollara çınqıl döşənməklə cari təmir işləri görülmüşdür.                                                                                                                                                                                                                                                                

Məlumdur ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.  İlin ötən dövrü ərzində 23850 hektar sahədən 82233 ton taxıl istehsal edilmişdir ki, bunun 47907 tonu buğda, 28780 tonu arpa məhsuludur. Ötən illə müqayisədə taxıl istehsalı 5546 ton çox, hər hektardan məhsuldarlıq 345 sentner olmuşdur. Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 4965 ton çox olmaqla 17001 ton tərəvəz,  1081 ton çox olmaqla 5241 ton bostan, 167 ton çox olmaqla  9143 ton kartof, 14 ton çox olmaqla 786 ton meyvə istehsal olunmuşdur.

 Azərbaycan Respublikası Prezidentinin “2008-2012-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” haqqında sərəncamına əsasən dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə rayonda müəyyən işlər görülür. Bu məqsədlə 11,667 hektar ərazi ayrılmış, ilkin mərhələdə meliorativ tədbirlər aparılacaq 5 min hektar ərazi seçilmişdir. Layihəyə əsasən mənbəyi Kür çayından götürülməklə 12 km uzunluğunda suvarma kanalının çəkilməsi, ərazidə 2 meliorativ nasos stansiyanın tikintisi nəzərdə tutulmuşdur.

Rayonda 7 hektar sahədə yaradılmış istixana kompleksində 1200 ton pomidor istehsal edilmiş, məhsulun satışında heç bir çətinlik olmamış, əksəriyyəti qadın olmaqla müəssisədə 40 nəfər işçi çalışır.

   Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən güzəştli şərtlərlə gübrə satışı təşkil olunmuş, subsidiyalar verilmişdir.

  Ötən dövr ərzində heyvandarlıq sahəsinin inkişafına da diqqət artırılmış, nəticədə qaramalın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1733 baş artaraq 113968 baş, qoyun-keçinin sayı 4381 baş artaraq 199766 baş olmuşdur. Mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması üçün Türkiyə Respublikası tərəfindən əvəzsiz olaraq ailə fermer təsərrüfatlarına 30 baş cins heyvan verilmişdir.

Bitkiçiliyin inkişafında və məhsuldarlığın artırılmasında torpaqların suvarılması və digər meliorativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə su idarələri tərəfindən 649,7 kilometr uzunluqda su kanalları, Meliorasiya İdarəsi tərəfindən 213,8 kilometr uzunluğunda dren-kollektorlar lildən təmizlənmişdir.

 Gələcəkdə baş verə biləcək sel daşqınlarının qarşısını almaq məqsədilə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən  rayon ərazisində bəndlərin təmiri, qayakəsmə işləri aparılmış və 600 kubmetr həcmində sahilbərkitmə işləri görülmüşdür.

 Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilmiş, şəhər və rayonun 13 kəndində elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı dövlət tərəfindən 26 milyon manat vəsait ayrılmış, görülən işlər sürətlənmiş, Bulaqlı, Əsgərbəyli, Yuxarı Axtaçı, Qasımbəyli və Muradbəyli kəndlərində işlər davam etdirilir. 2014-cü ilin birinci yarısında 854 ədəd “Smart” kart tipli sayğac quraşdırılmışdır. Hazırda 12756 abonent “Smart” kart tipli sayğacdan istifadə edir.

 Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişinə başlanılmış, gələcəkdə əhalini fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan iki  su anbarının tikintisi aparılır. Küçələrdə magistral xətlər və evlərə su xətləri çəkilir.  Rayonun Əsgərbəyli, Osmanlı, Rüstəmli, Qardaşkənd və Çöl Ağammədli kəndlərində modul tipli su durulducu qurğular tikilib istifadəyə verilmişdir.

Əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatı nəzərə alınaraq mərkəzi elektron ATS-də əlavə olaraq 2 DSLAM tipli avadanlıq quraşdırılmış və nəticədə montaj tutumu 1224-ə çatdırılmışdır. Kəndlərdə genişzolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə Zəngənə, Qaragüney, Həşimxanlı və Şıx Salahlı kənd ATS-lərində 48 portallıq DSLAM tipli avadanlıq quraşdırılaraq abunəçilərə yüksək sürətli internet xidməti göstərilir.  

Qeyd etmək lazımdır ki, ötən dövr ərzində keçirilən bir-birindən maraqlı tədbirlər  əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Məsələn, Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü, Gənclər Mərkəzində isə 28 May Respublika Günü və Gənclər Günü, 8 Mart – Beynəlxalq Qadınlar bayramı, 20 Yanvar və Xocalı faciələri ilə bağlı xatirə gecələri keçirilmişdir. 20 Yanvar və Xocalı faciələri ilə bağlı keçirilən tədbirlərdə şəhidlərin xatirəsinə həsr olunmuş film nümayiş etdirilmiş və gənclər arasında rəsm müsabiqəsi təşkil olunmuşdur. Müsabiqənin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılmışlar. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar Tarix və Diyarşünaslıq Muzeyində tədbir keçirilmişdir. Tədbirdə gənclərə soyqırımla bağlı məlumat verilmiş və sərgi nümayiş olunmuşdur.

Son illər rayonda idmanın inkişafına diqqət daha da artırılmışdır. Respublikada həvəskarlar arasında keçirilən futbol turnirində rayonun Çığırğan kəndindən olan həvəskar idmançılar respublika çempionu olmuşlar. Onlar cari ilin oktyabr ayında Xorvatiyada keçiriləcək Avropa birinciliyində ölkəmizi təmsil edəcəklər.

Yeri gəlmişkən, bir qədər də ölkə başçısının regionların sosial-iqtisadi inkişafına verdiyi  xüsusi əhəmiyyətin bariz nümunəsi olan dövlət proqramı  barədə haşiyə çıxmaq istəyirəm.  Məlumat üçün qeyd edək ki, yeni tamamlanmış İkinci Dövlət Proqramı respublikada olduğu kimi Sabirabad rayonunda da uğurla həyata keçirilmişdir. Həmin dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilmişdir. 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilmişdir. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, parkın ərazisi 4 hektar genişləndirilmiş, həmin ərazidə sahəsi 4 min kvadratmetr olan Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Maliyyə İdarəsi üçün yeni üçmərtəbəli bina tikilmiş, Dövlət Bayrağı Meydanı yaradılmışdır. Rayon icra hakimiyyətinin və dövlət müəssisələri yerləşən inzibati binalarında, həmin ərazidəki meydanda əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış, Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmışdır. Cavad kəndi ərazisində Kür çayı üzərində körpü tikilib istifadəyə verilmişdir. 88 kilometr kəndarası yollara asfalt döşənməklə əsaslı təmir işləri görülmüşdür. Müasir tələblərə cavab verən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi aparılır. Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.

... Yay vaxtı Günəş gec batır. Bu da insanlara öz vaxtlarını daha mənalı keçirmək üçün  əlavə imkanlar yaradır, hərə bir məkanda rahatlığını-dincliyini tapır. İndi sabirabadlıların çox rahatlıqla  üz tutacaqları belə ünvanlar var və bunların sayı artmaqdadır. Çünki burada hər gün günəşin doğuşu ilə yeni- yeni ideyaların, fikirlərin də üfüqü genişlənir, meydanı böyüyür. Bütün bunlar isə Sabirabadı daha aydın sabahlara aparır.

 

 Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında