Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkənin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Hazırda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. Artıq Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su  və kanalizasiya  sistemlərinin yenidən qurulması üzrə işlərin birinci mərhələsi yekunlaşmışdır.

Xatırladaq ki, layihənin ilkin mərhələsində su mənbələrinin bərpası  və magistral su xətlərinin çəkilişi işləri aparılmışdır. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı  nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək üç mənbə - Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilmişdir.

Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr  olan  drenaj sistemi bərpa edilmiş,  tutumu 4 min  kubmetr olan bir ədəd su anbarı inşa edilmiş və mənbədən anbaradək 24,5 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir.  Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır.  Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaqdır.

Bundan əlavə, şəhəri içməli su ilə təmin edən digər  mənbədə—Qızılqayada da bərpa işləri həyata keçirilmiş, bir ədəd 2 min kubmetrlik su anbarı tikilmiş, 9,5 kilometr anbarlararası su xətləri çəkilmişdir. Ümumi həcmi 10 min kubmetr olan iki ədəd yeni su anbarının tikintisi isə  yekunlaşmaq üzrədir.

Gəncə şəhərinin içməli suya olan tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan  götürüləcək  su  27,5 kilometr uzunluğunda  magistral kəmərlə Qızılqaya  ərazisində inşa edilən və sutkalıq  məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcəkdir.  Hazırda magistral su kəmərinin inşası davam etdirilir.

Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı, Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin də tikintisinə başlanılmışdır. Layihəyə əsasən, inşası nəzərdə tutulan  576 kilometr uzunluğunda paylayıcı su xəttinin 30 kilometrlik,  582 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin isə 32 kilometrlik hissəsi çəkilmişdir.  Gələcəkdə Gəncə şəhərinin  tullantı suları yeni tikiləcək  sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

Artıq Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına “smart-kart” tipli su sayğaclarının quraşdırılmasına da başlanılmışdır.  İndiyədək 119 binada 7 minə  qədər abunəçi bu tip sayğaclarla təmin olunmuşdur.

Yeri gəlmişkən, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla  450 min nəfər faydalanacaqdır.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında