Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo artır

Cari ilin birinci yarısında Azərbaycan dünyanın 130 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır
Azərbaycanda baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır və nəticədə ölkəmizin adı müxtəlif reytinq sıralamalarında öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycan Respublikasında aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Təsadüfi deyil ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Son illər Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun xeyli artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan vermişdir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələri 1995-ci ilin səviyyəsini dəfələrlə ötmüşdür. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 130 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 13 milyard 147,1 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 10 milyard 245,4 milyon dolları ixracın, 2 milyard 901,7 milyon dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində cari ilin ilk yarısında 7 milyard 343,7 milyon dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 90,8 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv seçilməsindən on ilə yaxın vaxt ötür. Bu müddətdə Avropa iqtisadi məkanına daha sıx inteqrasiya istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2010-cu ilin altı ayında aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Türkiyə, Böyük Britaniya, Fransa, İspaniya, Yunanıstan, Xorvatiya, Almaniya və digər Avropa ölkələri ilə aparılmışdır. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.
Hesabat dövründə xarici ticarət əməliyyatları aparılmış ölkələr sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, adı çəkilən ölkə üzrə ilin altı ayı ərzində 3 milyard 490 milyon 518,9 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. İsrail, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, Çin, Malayziya, Türkiyə və s. ölkələr də Azərbaycanın mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra sahələrdə rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2010-cu ilin ötən altı ayı ərzində ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Kanada, İspaniya, Hindistan, Malayziya, Xorvatiya, Liviya Ərəb Cümhuriyyəti, Yunanıstan, Rumıniya və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları müsbət saldo yaratmışdır. MDB dövlətlərindən olan Türkmənistan, Ukrayna, Tacikistan və Qırğızıstanla ticarət dövriyyəsi zamanı da müsbət saldo əldə edilmişdir .
Cari ilin birinci yarımilliyində Azərbaycanın ən az ticarət əməliyyatları apardığı məkanlar, əsasən, uzaq xarici ölkələr olub. Bunlara isə Boliviya, Mərakeş, Somali, Mozambik, Suriya Ərəb Respublikası, Virgin adaları (Britaniya) Madaqaskar, Marşal adası, İslandiya, Honduras, Banqladeş və s. ölkələri misal göstərmək olar.
Azərbaycanda keçid iqtisadiyyatının başa çatması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 85 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda ölkənin özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.
Dövlət Statistika Komitəsinin Azərbaycanın 2010-cu ilin ilk yarısının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, cari ilin yanvar-iyun aylarında ölkəmizdən xaricə mühüm növ məhsullar ixrac olunmuşdur. Xarici ölkələrə göndərilən malların 93,5 faizini mineral məhsullar, o cümlədən 91,8 faizini xam neft və neft emalı məhsulları, 2,7 faizini ərzaq malları, 1,7 faizini quru, hava və su nəqliyyatı vasitələri, 0,6 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 0,4 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 0,3 faizini kimya sənayesi məhsulları, 0,3 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 0,2 faizini toxuculuq materialları və məmulatları, qalan 0,3 faizini isə digər mallar təşkil etmişdir. 2009-cu ilin 6 ayı ilə müqayisədə ərzaq məhsullarının, toxuculuq materialları və məmulatlarının, mineral və kimya sənayesi mallarının, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, maşın və mexanizmlərin, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatların, eləcə də elektrotexnika avadanlığının ixracı artmışdır. İxracın həcmində, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycandan dünya bazarına 15 milyon 305,4 min ton "qara qızıl" ixrac olunmuşdur. Bundan əlavə, cari ilin 6 ayında ölkəmizdən xaricə 800 min 548 ton qazoyl, 97 min 974,7 ton ağ neft, 79 min 196,1 ton mühərrik benzini, 68 min 817,9 ton maye yanacaq, 218 min 891,4 ton neft koksu və s. satılmışdır. Onu da deyək ki, ixrac olunmuş xam neftin və qazoylun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artmışdır. Yanvar-iyun aylarında Azərbaycandan 856,1 milyon kubmetr təbii qaz ixrac olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən təqribən 61,7 faiz çoxdur.
Son illər Azərbaycanın elektrotexnika sahəsi böyük inkişaf yolu keçmişdir. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq ölkəmizi elektrik enerjisi ixracatçısına çevirmişdir. 2010-cu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 208,1 milyon kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə bir qədər artıqdır.
Hesabat dövründə Azərbaycandan ixrac olunan ərzaq məhsullarından çay 36 faiz, bitkidən hasil olan piylər və yağlar 1,7 dəfə, marqarin 25,5 faiz, şəkər 23,7 faiz, makaron məmulatları 44,3 faiz, meyvə və tərəvəz konservləri 4,2 faiz çoxalmışdır. Bununla belə, təzə tərəvəz və meyvə ixracı isə azalmışdır.
2010-cu ilin yanvar-iyun aylarında ölkəmizə gətirilən məhsulların 25,2 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 19,3 faizini ərzaq malları, 15,2 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 13,9 faizini quru, hava və su nəqliyyatı vasitələri, 6,4 faizini kimya sənayesi məhsulları, 3,6 faizini daş, gips, sement, asbest, slyuda, keramika və şüşə məmulatları, 3,2 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 3 faizini mineral məhsullar, qalan 10,2 faizini isə digər mallar təşkil etmişdir. Hesabat dövründə hazır ərzaq məhsulları, mineral məhsullar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, toxuculuq materialları və məmulatları, kimya sənayesi məhsulları, elektrotexnika avadanlığı, quru, hava və su nəqliyyatı vasitələrinin və s. idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalmışdır.
Son illər xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda analoji malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adı çəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici 91,8 faiz təşkil edir. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, cari ilin altı ayının yekunlarına görə, bu göstərici 19,3 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında ölkənin bütün fiziki və hüquqi şəxslərinin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminin artırılmasına, idxal-ixrac əməliyyatlarında müsbət saldo əldə edilməsinə imkan yaradacaq.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında