Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsini vacib regional təşəbbüs adlandırmışdır. Bildirmişdir ki, bu layihənin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Bu uzunmüddətli təşəbbüsün reallaşması iki mərhələdən ibarət olacaqdır: birinci mərhələdə aparıcı region ölkələri və operatorlar Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar; ikinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya da daxil olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcəkdir.
Bununla yanaşı, milli telekom infrastrukturu inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, TASİM layihəsinin reallaşdırılması region üçün aşağıdakı əsas faydaları verəcəkdir: Təkmilləşdirilmiş regional və qlobal bağlantı; telekommunikasiya tranzit marşrutunun diversifikasiyası; təkmilləşdirilmiş qəza bərpa çevikliyi; rəqəmsal uçurumun azaldılması və davamlı inkişaf məqsədlərinə töhfə; regional innovasiya və müasirləşməyə töhfə.
TASİM layihəsi Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək və Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaqdır. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
Layihə təşəbbüsü 2008-ci ilin noyabr ayında XIV “Bakutel” Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülmüş və həmin ayın 11-də TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilmişdir.
2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında layihəyə dair qətnamə qəbul edilmişdir. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən bu qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunmuşdur.
2010-cu ilin aprelindən etibarən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin idarəetmə qrupunu yaratmış və maliyyələşdirməkdə davam edir. İdarəetmə qrupu beynəlxalq məsləhətçi şirkət (Booz&Co) ilə əməkdaşlıq edərək layihənin ilkin biznes konsepsiyasını hazırlamış, aparıcı regional dövlətlər və operatorlarla birgə TASİM konsorsiumunun yaradılmasını müzakirə etmişdir.
2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq işinin nəticəsində Azərbaycan tərəfi aparıcı telekom şirkətləri - Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə TASİM üzrə 1-ci Beynəlxalq seminar keçirmişdir. Tədbirin nəticəsində layihənin katibliyi yaradılmış və operatorlar “TASİM” konsorsiumunun yaradılmasına dair təfsilatlı Anlaşma Memorandumu üzərində işləməyə razılaşmışlar.
TASİM layihəsi üzrə telekom operatorlarının növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilmişdir. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanmışdır.
2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə yekdilliklə qəbul edilmişdir. Layihənin reallaşdırılmasına dəstək məqsədilə regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması üçün Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması təklifi bu qətnamədə öz əksini tapmışdır.
Avrasiya regionunda “TASİM” kimi telekommunikasiya tranzit marşrutları üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək EuraCA-nın yaradılması üçün BMT-nin növbəti siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə ilə bir daha yenilənmişdir.
TASİM layihəsinin katibliyi yarandığı ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat və qruplarla sıx əlaqələr qurur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası və BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamentindən (UN DESA) başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit Okeanı üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UN ECE), BMT-nin İnkişaf Proqramı (UNDP) və Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) kimi qurumlar TASİM layihəsinə öz dəstəklərini ifadə ediblər. Bunlarla yanaşı, katiblik Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa başlamışdı. Bu baxımdan, UN ESCAP tərəfindən 2013-cü ilin 24-25 sentyabr tarixində Manilada, 3-4 dekabr tarixində isə Bakıda İnformasiya Super Magistralı və Regional Bağlantı mövzusunda təşkil edilən ekspert məsləhətləşməsi adlı tədbirlərdə TASİM və EuraCA layihələrinin təqdimatı keçirilmişdir.
TASİM layihəsi ilə əlaqədar işlərin davamı və nəzərdə tutulan konsorsiumun yaradılması məqsədi ilə 2013-cü ilin 3 dekabr tarixində Bakıda keçirilən 19-cu “Bakutel” beynəlxalq sərgi və konfransı zamanı Azərbaycanın, Rusiya, Çin, Qazaxıstan və Türkiyənin müvafiq hüquqi təsisatlarının iştirakı ilə Anlaşma Memorandumu imzalanmış, tərəflərin iştirakı ilə 4 məsələ (Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi - maliyyə, “Rostelecom” OJSC və “China Telcom Global Limited” - texniki, “Kaztranscom” JSC - hüquqi və tənzimləmə, “Türk Telekomünikasyon” A.Ş. - kommersiya) üzrə müvafiq işçi qrupu yaradılmışdır.
Nəticədə, regional əhəmiyyətli hər iki tədbirin yekun sənədlərində TASİM layihəsi Avropa və Asiyanı birləşdirən trans-sərhəd yerüstü bağlantının vacib regional nümunəsi olmaqla yanaşı, Asiya İnformasiya Super Magistralı təşəbbüsünün əsas hissəsi kimi əks olunmuş Manila Ekspert Məsləhətləşməsinin yekun tövsiyələrində BMT-nin “EuraCA” təşəbbüsünə dəstəyini ifadə edən qətnaməsi öz əksini tapmışdır.
Bundan başqa, 2014-cü il iyunun 2-dən 3-dək Almatı şəhərində UN ESCAP və Dünya Bankının birgə təşkilatçılığı ilə baş tutmuş Mərkəzi Asiyada telekommunikasiya sahəsində yüksək səviyyəli regional dəyirmi masada EuraCA və TASİM layihələri haqqında növbəti ətraflı təqdimat keçirilmişdi. Təqdimatda Avrasiya məkanı və qlobal səviyyədə rabitənin təminatı məsələlərində böyük əhəmiyyət kəsb edən, Azərbaycan hökuməti tərəfindən irəli sürülən və BMT-nin qətnamələri ilə dəstəklənmiş EuraCA -nın əsas məqsədləri ekspertlərin diqqətinə çatdırılmışdır. Belə ki, rabitə sahəsində mövcud və perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı və s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli və uğurlu təcrübələrin bölüşməsi, rəqabətə davamlı biznes telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət özəl tərəfdaşlığını nəzərdə tutan trans-regional layihələrin təşviqi məsələləri xüsusilə qeyd olunmuşdu. Təqdimatda həmçinin TASİM layihəsinin yaranması, məqsədləri, mövcud biznes modeli, layihənin Mərkəzi Asiyada genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsində rolu və layihənin reallaşmasında atılan son addımlar haqqında məlumat verilmişdi. Tədbirin sonunda qəbul olunmuş “Təkmilləşdirilmiş Telekommunikasiya İnfrastrukturu Vasitəsilə Mərkəzi Asiya Bağlantısının Gücləndirilməsi” adlı Almatı Bəyannaməsinə Azərbaycan nümayəndə heyətinin təklifi və səyləri nəticəsində EuraCA-nın vacibliyini əks etdirən üç yeni bənd daxil edilmişdi.
2014-cü il iyunun 11-də SPECA -nın Aşqabadda təşkil edilmiş “Bilik Əsaslı İnkişaf ” layihəsi işçi qrupunun elm, texnologiya və innovasiyalar üzrə yüksəksəviyyəli iclasının yekun qərarı ilə SPECA ölkələrinin EuraCA -da iştirakı dəstəklənmişdir.
Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkə xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan, yaranmış “rəqəmsal fərq”in aradan qaldırılmasında EuraCA və TASİM layihələri xüsusi əhəmiyyətə malikdir.
Beləliklə, EuraCA regionda siyasi dialoqun təşviqi, maarifləndirmə, təcrübə və bilik mübadiləsi, o cümlədən beynəlxalq əməkdaşlığın (hökumətlər, BMT sistemi təşkilatları, beynəlxalq maliyyə institutları, regional qruplar) təşviqi, TASİM isə informasiya cəmiyyətinin yaradılması, bağlantının sürətləndirilməsi və internet xidmətlərinin inkişafını dəstəkləməklə iqtisadi inkişafa, iqtisadiyyatların şaxələndirilməsinə və rəqabətin artırılmasına səbəb olacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.