Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, həm də texniki və intellektual dəstək göstərilir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Dövlət başçımız cənab İlham Əliyevin “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda respublika Prezidenti ölkəmizdə özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına bundan sonra da xüsusi diqqət göstəriləcəyini bir daha bildirmişdir. Bu da təsadüfi deyil. Çünki son illər Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son illərdə investisiyaların böyük əksəriyyəti özəl sektor tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor, sahibkarlıq ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.
Cənab Prezident bununla bağlı demişdir ki, biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də bunun böyük əhəmiyyəti vardır.
Ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulu həm də birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi nəzərdən keçirilməlidir. Çünki Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər reallaşdırır.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 28 avqust 2013-cü il tarixli Prezident fərmanı ilə quvvəyə minməsi sahibkarlıq sahəsində sadəcə hüquqi mühitin təkmilləşdirilməsi deyil, eyni zamanda, sahibkarlara dövlət dəstəyinin kompleks şəkildə göstərilməsidir. Qanunun əsas mahiyyəti sahibkarlıq üzərində adminstrativ təzyiqi azaltmaqdır. Ümumiyyətlə, sözügedən sənədin qəbul olunması dövlət-sahibkar münasibətlərinin tənzimlənməsində atılan ciddi addımdır. Eyni zamanda, bu, korrupsiya ilə mübarizə baxımından da mühüm əhəmiyyət kəsb edir.
Adıçəkilən qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuşdur ki, bu qanunun tələblərinə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.
Sözügedən qanun həm də yoxlamaların məqsəd və prinsiplərini müəyyənləşdirir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyənləşdirilməsi və təsdiqlənməsi nəzərdə tutulur. Burada isə əsas məqsəd icra hakimiyyəti orqanları tərəfindən yoxlama funksiyalarının təkbaşına müəyyənləşdirilməsinin qarşısını almaqdır.
Qanuna əsasən, hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilir. Bu da sahibkarlara həmin suallarla əvvəlcədən tanış olmağa şərait yaradır. Hər bir yoxlayıcı orqanda “qaynar telefon xətti” fəaliyyət göstərir. Bu telefon xətti ilə sahibkarlar onları maraqlandıran suallara cavab ala bilir və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılır.
Sənəddə sahibkarın gələcək qanun pozuntularından sığortalanması məqsədi ilə yoxlayıcı orqan mütəxəssisini öz obyektinə dəvət etməsi imkanı da nəzərdə tutulmuşdur.
Xatırlatmaq yerinə düşər ki, sözügedən qanunla yoxlayıcı orqanlar tərəfindən bir-birlərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamalar aparılmasına qadağa qoyulmuşdur.
Qanunun müəyyən hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspertizasının tənzimlənməsi ilə bağlıdır. Bu cür ekspertizaların yalnız müstəqil laboratoriyalarda keçirilməsi zəruri sayılır.
Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada sahibkarın günahı təsdiq edilmədən əvvəl işıqlandırılmasına qadağa qoyulur. Burada əsas məqsəd iş adamının işgüzar nüfuzunun qorunmasıdır.
Qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Burada plandankənar yoxlamaların əsaslarının detallaşdırılması isə bu növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq şəkildə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Təbii ki, bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə öz müsbət təsirini göstərir.
Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanuna görə, yoxlayıcı orqanın istəyi ilə yox, məhz qanunun konkret tələb etdiyi hallarda reallaşdırıla bilər. Başqa sözlə, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilir.
Onu da qeyd edək ki, yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə ziddiyyət təşkil edən müddəalarının sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir.
Qanunda sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların reallaşdırılması tezliyi müəyyənləşdirilir. Yoxlamalar, əsasən, yüksək risk qrupuna aid sahibkarlarda ildə bir dəfədən, orta risk qrupuna aid sahibkarlarda iki ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlarda üç ildə bir dəfədən çox olmayaraq aparılır. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar isə yüksək risk qrupuna aid sahibkarlara münasibətdə altı ayda bir dəfədən, orta risk qrupuna aid sahibkarlara münasibətdə ildə bir dəfədən, aşağı risk qrupuna aid sahibkarlara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq həyata keçirilir.
Qanunda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zəruri tədbir kimi baxılır. Bundan başqa, yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üçün konkret mexanizmlər göstərilir və burada yoxlayıcı orqanların məsulliyyəti məsələləri öz əksini tapır. Belə ki, qanunda göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Qeyd edək ki, sözügedən qanunla hər bir yoxlayıcı orqan tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlama zamanı cavab verilməli olan sualların siyahısı yerləşdirilməlidir. Yəni, sahibkar əvvəlcədən ondan nələr tələb olunduğunu bilməlidir.
Bu cür qanunların daha da təkmilləşdirilməsi və özəl bölmənin fəaliyyətinin getdikcə güclənməsi amilini nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərancamlar sahibkarlarımız tərəfindən razılıqla qarşılanır. Dövlət başçımız regionlara vaxtaşırı səfəri zamanı sahibkarlarla görüşlər keçirir, onlara göstərilən diqqət və qayğıdan səmərəli istifadə etmələrini tövsiyə edir.
Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlinir ki, ölkə rəhbərinin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-cənab Prezidentin qarşıya qoyduğu başlıca hədəflərdir.
Anar QULİYEV,
Ədliyyə Nazirliyinin əməkdaşı, kiçik ədliyyə müşaviri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.