Son illər Azərbaycan Respublikası dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. İndi ölkəmizin iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri kimi tanınır. Bu da Azərbaycanda həyata keçirilən müstəqil, düşünülmüş siyasətin nəticəsidir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qazanılmış uğurlar ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun hərtərəfli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan vermiş, makroiqtisadi sabitlik qorunub saxlanmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, yeni müəssisələr və iş yerləri açılmışdır.
Artıq ölkəmiz regionda və dünyada müstəqil iqtisadi siyasət yürüdən dövlətlərdən biri kimi qəbul edilir. Elə son illər dünyanın ən nüfuzlu maliyyə qurumları da Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirir, tərtib etdikləri hesabatlarda ölkəmizin adını öncül yerlərdə göstərirlər. Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən həmin təşkilatlar insan kapitalının inkişafı və institusional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini dönə-dönə vurğulayırlar. Azərbaycanın iqtisadi müstəqilliyinin əsas təminatçısı, heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası olmuşdur. Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyr-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, bu məsələni dövlətin iqtisadi siyasətinin prioritetinə çevirmiş Prezident İlham Əliyev demişdir: “Qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. İqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır... Bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”..
Ölkəmizdə iqtisadi şaxələndirmə və qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər 2014-cü ilin ötən dövründə də davam etmiş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi bir qədər də artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yeddi ayında ölkəmizdə 34 milyard manatlıq və ya ötən ilin eyni dövründəkindən 2,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 19 milyard 315 milyon manatlığı və ya 56,8 faizi qeyri-neft sahələrinin payına düşür. Bütövlükdə isə hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,8 faiz artmışdır. Bunu da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin uğurlu nəticəsi saymaq olar.
Bu ilin yeddi ayında ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənaye üzrə istehsal edilən məhsulun və göstərilən xidmətlərin həcmi 19, 8 milyard manat təşkil etmiş, sənayenin qeyri-neft bölməsində 4,4 faizlik artım qeydə alınmışdır. Hesabat dövründə sənaye istehsalının 72,5 faizi mədənçıxarma bölməsinin payına düşmüşdür. Burada istehsalın əsas hissəsi xam neft və təbii qazın hesabına təmin edilsə də, metal filizləri, eləcə də daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesinin mühüm növ məhsulları da sahənin ümumi inkişafında xüsusi paya malik olmuşdur. Belə ki, hesabat dövründə ölkədə miz filizləri və konsentratlarının hasilatı iki dəfə, qiymətli metal filizləri və konsentratlarının istehsalı 8,7 faiz, eləcə də inşaat üçün əhəng daşı və duz istehsalı müvafiq olaraq 14,8 faiz və 6,3 faiz artmışdır.
Cari ilin yanvar-iyul aylarında ölkə sənayesinin emal bölməsində 4,3 milyard manat dəyərində məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bütövlükdə isə ümumi sənaye istehsalının 21,6 faizi emal bölməsinin payına düşmüşdür. Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ərzaq təhlükəsizliyi ilə bağlı tapşırıqların ardıcıl şəkildə yerinə yetirilməsinin nəticəsidir ki, cari ilin yeddi ayında emal bölməsinin, xüsusən də qeyri-neft sektorunun mühüm səhələrindən sayılan qida məhsullarının istehsalı 3,1 faiz, tütün məmulatlarının buraxılışı isə 71,9 faiz artmışdır. Mühüm növ qida məhsullarından sayılan ət, üzlü süd, qaymaq və xama, pendir və kəsmik, kərə yağı, təmizlənmiş duru bitki yağları, marqarin, eləcə də qənd və şəkər tozu istehsalında əhəmiyyətli artım baş vermişdir. Üzüm şərabı və alkoqolsuz içkilər istisna olmaqla içki istehsalında isə bir qədər azalma qeydə alınmışdır.
Bu ilin yeddi ayı ərzində qeyri-neft sektorunun digər mühüm sahələrindən sayılan toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 49,8 milyon manatlıq, kimya sənayesi, əczaçılıq məhsullarının, habelə rezin və plastmas məmulatlarının istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 19,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bundan əlavə, qeyri-neft sektorunun tikinti materialları sənayesi üzrə 249,2 milyon manatlıq (əvvəlki ilin eyni dövründəkindən 22,6 faiz çox), metallurgiya sənayesi üzrə 230,8 milyon manatlıq, maşın və avadanlıqların istehsalı sahələrində isə 209 milyon manatlıq məhsul istehsal olunmuşdur. Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Elə Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İKT ili” elan olunması da bunu sübut edir. Yeri gəlmişkən, ötən ilin fevral ayında Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ölkəmizin İKT sahəsində əldə etdiyi son dərəcə mühüm nailiyyət kimi dəyərləndirilir. 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 135,6 milyon manatlıq komyuter, elektron və elektrik avadanlıqları istehsal edilmişdir.
Cari ilin yeddi ayında ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 5,3 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır. Bu dövrdə qeyri-neft sənayesinin mühüm sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1,5 milyard manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faizlik artım deməkdir. Qeyri-neft sənayesinin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə məhsul istehsalı və xidmətlərin səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 121,8 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-iyul aylarında ölkəmizdə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 9 milyard 75,5 milyon manat təşkil etmişdir ki bunun da 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Həmin vəsait hesabına Bakı şəhərində “Norm” sement zavodu, Suraxanı Günəş Elektrik Stansiyası, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Milli Konsrvatoriyanın yeni inzibati-tədris kompleksi, AMEA-nın Mərkəzi Kitabxanası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilmişdir. Sevindirici haldır ki, ilin buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Lənkəranda çörək istehsalı zavodu, Göygöl rayonunda Olimpiya-İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” oteli fəaliyyətə başlamışdır. Bundan əlavə, ilin altı ayında bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 986,5 min kvadratmetr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 3300 şagird yelik ümumtəhsil məktəbləri və 672 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir. Bununla yanaşı, ölkədə həyata keçirilən uğurlu investisiya siyasəti nəticəsində il ərzində digər sahələrdə də son dərəcə vacib olan bir sıra infrastruktur obyektləri inşa edilmişdir. İstifadəyə verilmiş hər bir obyekt isə, heç şübhəsiz, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Ölkə iqtisadiyyatının digər vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün də son illər konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. 2014-cü ilin yeddi ayında ölkənin aqrar bölməsi üzrə 2 milyard 990 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə demişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir... Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır”. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın illərdə kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm işlər həyata keçiriləcək ki, bu da ölkəmizdə qeyri-neft sektorunun inkişafını bir qədər də sürətləndirəcək.
Qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Cari ilin ötən dövründə həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.
Göründüyü kimi, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir. Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2014-cü ilin qalan dövrü ərzində də davam edəcək. İqtisadçı ekspertlərin proqnozlarına görə, dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Prezidenti İlham Əliyev bu barədə demişdir: “Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Ancaq çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək”.
Yeri gəlmişkən, 2014-cü ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2014-cü ildə 61,5 faizə qədər yüksələcək. Proqnozlar göstərir ki, iqtisadi inkişafımızın bu müsbət meyilləri gələcəkdə də davam etdiriləcək və 2017-ci ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 72,4 faiz təşkil edəcək. Bu dövr ərzində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı nəzərəçarpacaq dərəcədə aşağı enəcək ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığlnı göstərməklə iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sektorunun dinamik inkisaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər. Cari ildə qeyri-neft sektorundan daxilolmalar qeyri-neft ÜDM-in 17,3 faizini təşkil edəcək ki, bu da 2013-ci illə müqaisədə 1,1 faiz çoxdur. Bu il qeyri-neft ÜDM-in büdcə vasitəsilə yenidən bölünən hissəsinin artırılması planlaşdırılır ki, bu da büdcənin balanslaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə büdcədə neft gəlirlərinin payının aşağı enməsi, əsasən Dövlət Neft Fondundan transferlərin azalması hesabına baş verəcək. 2014-cü ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 2012-ci ilə nisbətən 34 faiz, 2013-cü ilə nisbətən isə 20,8 faiz artması büdcənin müsbət cəhəti kimi qeyd edilməlidir.
Yeri gəlmişkən, son on ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə10 dəfə artmışdır. İxracda neft və neft məhsullarının yüksək paya malik olması Azərbaycan iqtisadiyyatının formalaşmış ənənəvi strukturu ilə bağlıdır. Bununla belə, son illər ixracın strukturunda neft sektorunun payı azalmağa başlamışdır. Belə ki, 2011-ci ldə ixracda neft sektorunun payı 95,3 faiz, 2012-ci ilə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, cari ildə bu göstəricinin 90,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadçı ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.