Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi artır

Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsinə, iqtisadiyyatın neft amilindən asılılığının azalmasına geniş imkanlar yaradır. İndi ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf və tərəqqi meyilləri nəzərə çarpmasın. Son illər neft gəlirlərindən səmərəli istifadə edilməsi ölkə iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektorunda 6,8 faiz artım baş vermişdir. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.

İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə  çevrilir. Bu baxımdan  Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş vermiş, yerli istehsal hesabına daxili bazarda məhsul  bolluğu müşahidə olunmuşdur.

Son illər  aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlıq hissinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və  yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkanlar, ən başlıcası dövlət dəstəyi mövcuddur.

Yeri gəlmişkən, 2005-ci ildən fəaliyyət göstərən  “Aqrolizinq” ASC-nin  xətti ilə son səkkiz ildə 274,45 milyon manat dəyərində  kənd təsərrüfatı texnikası alınaraq ölkəmizə gətirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il iyun ayının 4-də “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” imzaladığı sərəncam isə bu sahəyə göstərilən dövlət qayğısının  daha bir parlaq nümunəsidir. Xatırladaq ki, sənədə əsasən,  kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara əlavə ehtiyacını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15  milyon manat vəsait ayrılmışdır. Bütövlükdə isə cari ilin əvvəllərindən etibarən kənd təsərrüfatının texnika ilə təchizatının daha da yaxşılaşdırılması məqsədilə ölkədə mühüm işlər görülmüşdür. Belə ki, ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 milyon manat dəyərində 504 ədəd taxılyığan kombayn, 499 ədəd müxtəlif növ traktor, 355 ədəd kotan, 44 səpici aqreqat, 42 ədəd otbiçən, 30 ədəd çiləyici və tozlayıcı maşın, 22 ədəd ot dırmığı, 15 ədəd gübrəsəpən maşın və 55 ədəd digər kənd təsərrüfatı maşın və avadanlığı satılmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanda 2 milyard 990 milyon manatlıq  kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu ilin ötən dövründə ölkədə 948,5 min ton dənli bitki (qarğıdalı istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 22,8 sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı da nəzərə alınmaqla 2014-cü ilin yanvar-iyul aylarında dənli bitki istehsalı 2 milyon 176,3 min ton təşkil edib. Hesabat dövründə təsərrüfatlarda 717,8 min ton tərəvəz məhsulu, 466,1 min ton kartof, 325,1 min ton bostan məhsulu, 176,6 min ton meyvə və giləmeyvə istehsal olunub. Bütövlükdə isə yanvar-iyul aylarında Azərbaycanda bitkiçilik məhsullarının istehsalı 10,8 faiz artıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1 milyon 612,7 min hektar təşkil edib ki, bunun da 62 faizi dənli və paxlalı bitkilərin, 3,6 faizi texniki bitkilərin, 10,3 faizi kartof, tərəvəz və bostan, 25 faizi isə yem bitkilərinin payına düşüb.

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də bir sıra təxirəsalınmaz işlər görülür. Bu ilin ötən dövrü ərzində sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər  heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, eləcə də bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Belə ki, cari ilin yanvar-iyul aylarında ölkəmizdə 252,4 min ton diri çəkidə ət, 1 milyon 103,6 min ton süd, 889,1 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal edilmişdir. Yanvar-iyul aylarında ət istehsalı 1,7 faiz, süd istehsalı 3,5 faiz, yumurta istehsalı 11,3 faiz, yun istehsalı isə 1,6 faiz artmışdır. Bütövlükdə isə Azərbaycanda heyvandarlıq sahəsində məhsul istehsalı əvvəlki ilin müvafiq dövründəkindən 3 faiz çox olmuşdur. Yeri gəlmişkən, Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsinə diqqət və qayğı ildən-ilə artırılır. Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyevin bir qədər əvvəl imzaladığı sərəncama əsasən, 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” ASC-yə 13,5 milyon manat, habelə Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat  vəsait ayrılmışdır.

Hazırda ölkə əhalisinin 47 faizi aqrar bölgələrdə yaşayır. Onların kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən dəstək göstərilir, aqroservislər yaradılır, kreditlər verilir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsait ayrılır. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gələcəkdə bu yardımların daha da  artırılması və onların verilmə mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Göründüyü kimi, hazırda əhalisinin təqribən yarısının bölgələrdə yaşadığı Azərbaycanın kənd təsərrüfatı sahəsində yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi son dərəcə vacib və gərəkli bir sahədir. Təşəbbüslərdən söhbət düşmüşkən, aqrar bölmənin inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılmasını  bu sahədə reallaşdırılan mühüm tədbirlərdən biri kimi qeyd etmək olar. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir... Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır”.  Artıq ölkə üzrə iri fermer təsərrüfatlarının yaradılması məqsədilə xüsusi yerlər də müəyyən edilmişdir. Bu istiqamətdə ilkin təcrübə olaraq beş min hektarlıq sahədə yaradılmış iri fermer təsərrüfatı uğurlu nəticələr əldə etmişdir. Belə ki, hər hektardan 50 sentnerdən artıq məhsul toplamağa nail olan həmin təsərrüfat Azərbaycanda bu layihənin perspektivliyini tam sübuta yetirmişdir. Hazırda iri fermer təsərrüfatlarının təşkili istiqamətində işlərin intensivləşdirilməsi məqsədilə ölkə üzrə 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Yeni təsərrüfatların ən müasir texnologiya, texnika və gübrələrlə tam təchiz edilməsi və onlara lazımı aqroxidmətlərin göstərilməsi nəzərdə tutulur.

Azərbaycanın özünü ərzaq məhsulları ilə tam təmin etmək, həmçinin xaricə məhsul ixrac etmək üçün bütün imkanı var. Bunun üçün, ilk növbədə, bitkiçilik və heyvandarlığı inkişaf etdirmək, burada intensiv metodlara daha çox üstünlük vermək lazımdır. Bu sahənin prioritet olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev demişdir: “Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki,  yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir.Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma, hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq”.

Yeri gəlmişkən, son zamanlar kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi çətinliklərlə üz-üzə qalan Rusiya artıq  yaxın qonşusu Azərbaycana üz tutub. Məlum olduğu kimi, avqustun 20-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin dəvəti ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib. Səfər çərçivəsində keçirilən geniş tərkibli görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən D. Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb. Bu da Azərbaycanın kənd təsərrüfatı  məhsullarının Rusiya bazarlarına geniş yol açmasına imkan yaradır. Elə uzun illər ərzində istehsal etdikləri kənd təsərrüfatı mallarını qonşu Rusiyaya aparmaqda böyük çətinliklərlə üzləşən Azərbaycan fermerləri də artıq bir qədər ümidləniblər. Bu da təsadüfi deyil. Çünki bazar sarıdan əziyyət çəkən fermerlər öz məhsullarını, nəhayət, xarici bazara çıxarmaq imkanı qazana bilərlər. Bu da son nəticədə istehsalçı marağının artmasına və kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaq.

Göründüyü kimi,  Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 2014-cü ildə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2014-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 562 milyon 887 min manatdan artıq vəsait ayrlmışdır ki, bunun da 535 milyon 979 min manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında