Yeni iş yerlərinin açılması prioritet vəzifədir

Azərbaycanın mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən birinci və ikinci  dövlət proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın  uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Regional  dövlət proqramları Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü son illərdə bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən proqramların real nəticələrini öz gündəlik həyatında, yaşayış şəraitində hiss etməkdədir.

Xatırladaq ki, regional dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı sosial-iqtisadi inkişafa nail olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Başqa sözlə, hər iki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə 55 min  615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enmişdir.

Respublika Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında ölkədə 65,1 min yeni, o cümlədən 52,8 min daimi iş yeri açılmışdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış iş yerlərinin 69,3 faizi regionlarda, 83,9 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Ölkə Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yeni iş yerlərinin açılmasının prioritet vəzifə olduğunu diqqətə çatdıraraq demişdir: “Azərbaycanda  işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.

Yeni iş yerlərinin yaradılmasında özəl sektor mühüm rol oynayır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin  “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Hazırda  qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  “bir pəncərə” prinsipinin tətbiqi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Xatırladaq ki,  2014-cü ilin ötən ayları ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilmişdir ki,  həmin kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 6600-dan çox yeni iş yerinin açılmasına şərait yaratmışdır. 

Bu ilin yeddi ayında verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisəsi artıq istifadəyə verilmiş və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. 

İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycanda yeni iş yerlərinin yaradılması ilə bərabər, həmin iş yerlərində çalışan işçilərin əmək haqlarının artırılması da daim diqqət mərkəzində saxlanılır. Faktlara nəzər salaq. Statistika Komitəsinin hesabatında göstərilir ki, 2014-cü ilin yanvar-iyun aylarında sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat olmuşdur. Hesabat dövründə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında