İnformasiya cəmiyyəti quruculuğunun əsas məqsədi davamlı inkişafı təmin etməkdir

Son illər informasiya  cəmiyyəti  quruculuğu   daha çox işlədilən terminə  çevrilmişdir.. Dünyanın  bütün  dövlətləri  belə  bir  cəmiyyətin  formalaşmasına  can atır. Hazırkı redaksiyada istifadə edilən “informasiya cəmiyyəti” anlayışı 1960-cı illərin əvvəllərində yapon sosial elmlərində istifadə olunmağa başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib.

Nəzəri ədəbiyyatda  qeyd olunur ki, informasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir.Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Son zamanlar  respublikamızda  dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. Təsadüfi deyil ki, İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən də dəfələrlə bəyan edilib. Hətta,  cənab Prezident 2013-cü ili “İKT  ili”  elan etmişdi.           Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (distant təhsil, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

Bu il  aprelin 2-də   Prezident İlham Əliyevin  sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” İKT-nin  ölkəmizdə gələcək inkişafının  yeni konturlarını müəyyənləşdirmişdir. Bu  strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. O, cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmışdır. Strategiya İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərəcəkdir.

İKT-nin  qeyri-neft  sektorundakı  rolunun artması  onu deməyə əsas verir ki, Azərbaycanda informasiya  cəmiyyəti quruculuğu sürətlə irəliləməkdədir. Yaxın  gələcəkdə  başqa  sahələrdə olduğu kimi   informasiya  cəmiyyəti  quruculuğu  sahəsində  də  Azərbaycan  dünyanın inkişaf etmiş ölkələri ilə  rəqabətə  girə biləcək.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında