Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz  İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm önəm daşıyır. Bu zaman milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafına dair elmi tədqiqatların aparılmasına, həyata keçirilən araşdırmaların koordinasiya edilməsinə, kadr hazırlığına xüsusi diqqət yetirilir.

Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafı, regionların və sahibkarlığın, ixrac potensialının artırılması, qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması, eləcə də bunun üçün model və üsulların işlənilməsinə yönəldilmiş tədqiqatlar uğurla reallaşdırılmışdır. Bunların bir qisminə diqqət yetirək.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ölkə iqtisadiyyatının səmərəli idarəedilməsində mühüm əhəmiyyətə malik  elmi-tədqiqat işlərinin tərkib hissəsi kimi “Azərbaycan Respublikası üçün Ümumi Tarazlıq Modeli” (AZMOD) hazırlanmışdır. Xatırladaq ki, AZMOD əksər qabaqcıl ölkələrdə hazırda istifadə olunan müasir modelləşdirmə üsulları və proqram təminatına əsaslanır, müvafiq ssenarilərə uyğun orta və uzunmüddətli proqnoz və planların tərtib olunmasına geniş imkanlar yaradır. Eyni zamanda, adı çəkilən institut tərəfindən AZMOD-un əsas məlumat bazası olan Sosial Hesablar Matrisi tərtib edilmişdir. Bu isə orta və uzunmüddətli proqnozlarla yanaşı, qısamüddətli proqnozların verilməsinə də əlverişli şərait yaratmışdır.

Azərbaycanda hazırda iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla, sektorlar arasındakı qarşılıqlı əlaqələri sadə və dolğun şəkildə əks etdirən, eləcə də gələcəkdə genişlənmə imkanı olan qısamüddətli makroekonometrik informasiya bazası formalaşdırılmış və nəzəri baza işlənilmişdir. Bu zaman Türkiyənin makroekonometrik modellərin qurulması sahəsində 50 ilə yaxın təcrübəsinə xüsusi önəm verilmişdir.

Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi siyasətinə uyğun olaraq, vergi siyasəti və vergi dərəcələrinin optimallaşdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı iqtisadi sahələr üzrə mənfəət vergisinin optimallaşdırılması tədqiq olunmuş, mənfəət vergisinin faiz dərəcələri və büdcə daxilolmaları arasında asılılıqlar əsasında mənfəət vergisinin optimal dərəcəsi araşdırılmışdır. Eyni zamanda, iqtisadi sahə üzrə istehsal faktorlarından asılı olaraq, mənfəət vergisinin optimal səviyyəsinin müəyyənləşdirilməsi üçün yeni üsulla əlaqədar  çoxsaylı əsaslandırmalar aparılmış, müvafiq təklif və tövsiyələr hazırlanmışdır.

Qeyd edilənlərlə yanaşı, ölkədə insan kapitalının mövcud vəziyyəti tədqiq olunmaqla, sosial sahələrə yönəldilmiş investisiyaların insan kapitalına təsiri səviyyəsi müəyyənləşdirilmişdir. İnsan kapitalının inkişafına mane olan problemlərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlanmışdır. BMT İnkişaf Proqramının qəbul etdiyi metodologiya əsasında insan potensialının inkişafına təsir göstərən amillərin təsir səviyyəsi qiymətləndirilmişdir. Həmçinin insan inkişafı indeksinə daxil olan altqrup indekslərə əhalinin gəlir səviyyəsinin və bu sahələrə yönəldilmiş investisiyaların təsir səviyyəsi müəyyənləşdirilmişdir.

Azərbaycanda “Minimum istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsi” üzrə elmi əsaslandırılmış təkliflər hazırlanmışdır. Hazırda isə respublikada gəlir bərabərsizliyini və yaşayış minimumunu qiymətləndirmək məqsədilə “Cini” əmsalı, habelə  minimum istehlak səbətinin dəyərinin mütəmadi olaraq hesablanması üçün analitik təhlillər aparılır.

Yuxarıda adıçəkilən institut tərəfindən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə ali təhsil müəssisələrinə tələbə qəbulunun proqnozlaşdırılmasına dair müvafiq metodologiya işlənilmiş və aidiyyəti təşkilatlara təqdim olunmuşdur. Bununla da iqtisadi fəaliyyət sahələrində sahələrarası əmək balansı əsasında iş yerlərinin yaradılmasının simulyasiya modeli işlənilmişdir. Həmin model isə vergilərin və subsidiyaların iqtisadiyyatın ayrı-ayrı sahələrində (ümumi buraxılış həcmində, əlavə dəyərdə, əmək haqqında, mənfəətdə) mövcud təsirlərinin qiymətləndirilməsinə, habelə idxal və ixracın, dövlət, istehlak, investisiya xərclərinin son məhsula və son məhsulun isə məhsul istehsalı üçün zəruri ehtiyatların həcminə təsirinin qiymətləndirilməsinə imkan verir.

Mənzil-kommunal təsərrüfatı iqtisadiyyatın demək olar ki, bütün sahələri ilə birbaşa və ya dolayı əlaqələri olan mürəkkəb bir kompleksdir. Dövlət, bələdiyyə orqanlarının, təbii inhisar sahələrinin, habelə digər subyektlərin bir-birilə qarşılıqlı əlaqəsi və maraqları bu kompleks daxilində cəmləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda bu istiqamətdə aparılan siyasətin elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında həmin sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarəedilməsində rəqabətin inkişaf etdirilməsi və s. istiqamətində tədqiqatlar aparılır, müvafiq təklif və tövsiyələr verilir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafının elmi təminatının təkmilləşdirilməsi, regional tarazlığın təmin olunması və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məsələlərinin araşdırılmasının vacibliyi nəzərə alınaraq sahibkarlığın inkişafı istiqamətində elmi tədqiqat işlərinin aparılmasına da xüsusi diqqət yetirilir. Bununla əlaqədar son vaxtlar regional iqtisadiyyatın rəqabətqabiliynyətliliyinin yüksəldilməsi məqsədilə klaster yanaşma tətbiq olunmaqla, iqtisadi rayonların mövcud sosial-iqtisadi vəziyyəti təhlil edilmiş, hər bir iqtisadi rayon üzrə diversifikasiya əmsalları hesablanmış, regionların inkişaf reytinqləri hazırlanmış və iqtisadi potensialın səmərəli istifadəsi üçün  müvafiq təklif və tövsiyələr verilmişdir. Eyni zamanda, iqtisadi rayonlar üzrə məhsul buraxılışının kapitala (istifadəyə verilmiş əsas fondlar) və əməyə görə elastiklik əmsalları hesablanmış, həmin regionda əməyin məhsul buraxılışında rolunun əhəmiyyətli olduğu müəyyənləşdirilmişdir.

Bütün bunlarla bərabər iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin mövcud mənzərəsini, təbii və əmək resurslarını özündə əks etdirən informasiya bazasının formalaşdırması məqsədilə ölkənin iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportları hazırlanmışdır. Pasportlar yerli və xarici investisiyaların iqtisadi regionlara, həmçinin inzibati rayonlara istiqamətlənməsinin əhəmiyyətini nəzərə almaqla mütəmadi şəkildə yenilənir.

Yuxarıda sadalananlar hazırda ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının, struktur və innovasiya ilə bağlı dövlət siyasətinin elmi əsaslarla həyata keçirilməsindən xəbər verir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında