“Günəşli” yatağı üçün inşa olunan yeni özülün dayaq bloku layihə yerində quraşdırılmışdır

 

 

Xəzərin Azərbaycan sektorunda yerləşən neft-qaz yataqları sırasında öz zənginliyi ilə seçilən “Günəşli” yatağında yeni infrastruktur öbyektləri yaradılır. Bu da adıçəkilən yatağın karbohidrogen ehtiyatlarının işlənməyə cəlb edilməsinə geniş imkanlar yaradır.

Bu yaxınlarda “Günəşli” yatağı üçün inşa olunmuş 7 saylı dərin dəniz özülünün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış dayaq bloku Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən STB-1 barjına yüklənərək layihə nöqtəsinə nəql edilmişdir. Xatırladaq ki, 151 metr hündürlüyündə olan piramida şəkilli blok barj üzərindən suya buraxılmış və ballastlaşma sistemi vasitəsilə tarazlaşdırılaraq verilmiş koordinatlara uyğun şəkildə dənizin 147 metr dərinliyində quraşdırılmışdır. Quraşdırma işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilmişdir. Blokun dayanıqlığını təmin etmək üçün 10 ədəd əsas və eyni sayda köməkçi svayların vurulması tələb olunur. Əsas svaylar 120 metr, köməkçi svaylar isə 90 metr dərinliyə vurulacaqdır.

Avqustun 19-da müasir tipli “Delmag” markalı svayvuran çəkic vasitəsilə blokun orta  dayaqları iki ədəd svayla ilkin olaraq 40 metr dərinlikdə qrunta bərkidilmişdir. Hazırda orta dayaqlara daha iki svayın vurulması işləri davam etdirilir. Svayların vurulmasından sonra “Neftqaztikinti” Tresti tərəfindən borulararası boşluğa sement məhlulu töküləcək, 12 ədəd quyu şaxtası, çəkisi 1872,2 ton olan daşıyıcı göyərtə, ümumi çəkisi 3561,23 ton olan 14 ədəd qazma və istismar modulları, qülləaltı postament, vertolyot meydançası, 52 nəfərlik üçmərtəbəli yaşayış bloku və məişət binası quraşdırılacaqdır. Bundan əlavə, paylayıcı qurğu blokunun “General Şıxlinski” kran gəmisi vasitəsilə sahildən yüklənərək yerləşdirilməsi də həyata keçiriləcəkdir. Xatırladaq ki, iki ədəd modul, eləcə də yaşayış bloku və məişət binası trestin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən Zığ istehsalat sahəsində tikilərək quraşdırılmaq üçün  hazırlandır. Hazırda paylayıcı qurğu blokunun inşası davam etdirilir. Eyni zamanda, Zığ istehsalat sahəsində və “BOS Şelf” MMC-də üst tikililərin hazırlanması işləri yerinə yetirilir. Üst tikililər hazır olduqdan sonra trest tərəfindən özüldə quraşdırılacaqdır.

M. YAQUBZADƏ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında