Bu gün reallaşdırılan sosial-iqtisadi, siyasi strategiyanın əsas prinsipləri sırasında şəffaflıq mühüm yer tutur. Bu, vətəndaşlarla qarşılıqlı münasibətlərdə mənfi halların, korrupsiya elementlərinin yaranmasının qarşısını alan başlıca amillərdən biridir. İndiyə kimi şəffaflığın təmin olunması, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılması məqsədi ilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər reallaşdırılmışdır.
Bununla bağlı bir fakta diqqət yetirək. Heç kəsə sirr deyil ki, pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır. Belə halların aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə dövlət yol polisinə, gömrük xidmətinə və digər dövlət qurumlarına cərimələrin, rüsumların və digər ödənişlərin POS-terminal vasitəsilə, yaxud elektron qaydada həyata keçirilməsi tapşırığı verilmişdir. Bundan başqa, ölkəmizdə müasir milli ödəniş sisteminin yaradılması məqsədilə elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsilə şəffaf, təhlükəsiz, səmərəli reallaşdırılmasına geniş imkanlar açır. Son dövrlərdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2004-cü ilin dekabrında “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi isə respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alqı-satqı əməliyyatlarının əsasən nağdsız ödəmələr vasitəsilə aparılması sisteminə keçilməsi prosesini gücləndirmişdir. Xatırladaq ki, istənilən prosesdə şəffaflıq yaratmaqla yanaşı, nağd hesablaşmaların məhdudlaşdırılması həm də antiinflyasiya tədbirlərindən biri kimi həyata keçirilir ki, bu prosesin isə tərkib hissəsi pos-terminalların tətbiqidir.
Ölkə başçısının imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı da sözügedən sahənin inkişafına mühüm təsir göstərmişdir. Adıçəkilən sənəddə elektron xidmətlərin göstərilməsi və ödəmələrin elektron qaydada təşkili ilə bağlı dövlət orqanlarına və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı bütün dövlət qurumları tərəfindən vahid koordinasiya şəklində qarşıya qoyulan tələbləri yerinə yetirmək istiqamətində əməli tədbirlər reallaşdırılır.
Mərkəzi Bank da öz mandatına uyğun olaraq ölkədə nağdsız ödənişlərin artırılmasını özünün prioritet vəzifələrindən biri hesab edir və nağdsız ödəniş infrastrukturunun yaradılması, inkişafı və istifadəsinin genişləndirilməsi istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirir.
Adıçəkilən bank tərəfindən hazırda “Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası, regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunur, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirlərinə mühüm önəm verilir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması uğurla reallaşdırılır.
Bu gün nağdsız ödənişlərin getdikcə artması bank sisteminin resurs bazasının genişlənməsinə, faiz dərəcələrinin azalmasına, iqtisadiyyatın kapitalizasiya imkanlarının güclənməsinə müsbət təsir göstərir ki, bu da son nəticədə iqtisadi artımın sürətlənməsinə gətirib çıxarır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə makroiqtisadi idarəetmə asanlaşır, iqtisadiyyata təsir vasitələri çoxalır, maliyyə intizamı yüksəlir, şəffaflıq artır.
Son 10 ildə Mərkəzi Bank tərəfindən müasir texnologiya və arxitekturaya malik Milli Ödəniş Sisteminin yaradılması nəticəsində ölkədə nağdsız dövriyyənin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2003-cü ildən indiyədək nağd pulun manatla geniş pul kütləsində xüsusi çəkisi 20 faiz bəndi azalmışdır. Elektron Milli Ödəniş Sistemi İnfrastrukturu vasitəsilə ötən il aparılmış ödənişlərin həcmi 128 milyard manat təşkil etmişdir ki, bu da ÜDM-ə nisbətdə 2,3 dəfə çoxdur.
Dövlət başçısı tərəfindən son zamanlar ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və “elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi məqsədilə vergi, gömrük, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə reallaşdırılması üzrə bir sıra tapşırıqlar verilmişdir. Həmin tapşırıqların qısa müddət ərzində yerinə yetirilməsi aidiyyatı dövlət orqanlarının daxili informasiya sistemlərinin Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiya olunması məsələsini daha da aktuallaşdırmışdır.
Respublikada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin nağdsız ödəniş mexanizmlərindən istifadə edilməklə toplanmasının reallaşdırılması üçün Mərkəzi Bank tərəfindən xüsusi bir layihə də həyata keçirilmişdir. Bunun nəticəsində Hökumət Ödəniş Portalı (HÖP) Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentlərindən birinə çevrilmişdir.
Regionlarda Milli Ödəniş Sistemi vasitəsi ilə əhalinin və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanları təmin edilmişdir. Yeri gəlmişkən, hazırda ölkədə fəaliyyət göstərən 700 bank filialının yarısı regionların payına düşür. Ötən il 50 yeni bank filialının fəaliyyəti lisenziyalaşdırılmışdır ki, onlardan da 19-u regionlarda fəaliyyətə başlamışdır. Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinin göstərilməsi üçün müvafiq icazə verilmiş poçt filiallarının sayı 63-ə, onların tərkibində poçt şöbələrinin sayı isə 952-yə çatmışdır.
Bu gün mövcud potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə edilməsi, habelə beynəlxalq təcrübədən yararlanmaqla nağdsız ödənişlərin çeşidinin, effektivliyinin və tətbiqi dairəsinin genişləndirilməsi Mərkəzi Bank qarşısında mühüm vəzifə kimi durur. Eyni zamanda, cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin, elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin inkişafı üçün geniş təbliğat və təşviqat kampaniyası aparılması da adı çəkilən bankın diqqət mərkəzində saxlanılır. Fikrimizin təsdiqi kimi, Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatındakı bir məqama diqqət yetirək. Burada bildirilir ki, ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı nəticəsində “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət qurumlarının sayı əhəmiyyətli dərəcədə artmış, kommunal xidmət haqları ilə yanaşı, dövlət ödənişlərinin 1200-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də internet və bankomatlar vasitəsilə nağdsız həyata keçirilməsi reallaşdırılmışdır. Təkcə ötən il ərzində kart infrastrukturunun inkişafı sürətlənmiş, ödəniş kartlarının sayı 5,5 milyon ədədə çatmışdır. 2012-ci illə müqayisədə ödəniş kartlarının sayında 9 faiz, bankomatların sayında 8 faiz, POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1,8 dəfə artım olmuşdur.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov söhbət zamanı bildirdi ki, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması Azərbaycanda mühüm önəm verilən məsələdir. Son illər respublikada POS-terminalların quraşdırılmasının daha da sürətləndirilməsi bunun bariz ifadəsidir. lidir. Çünki POS-terminallar quraşdırılan obyektlərdə vergidən yayınma hallarına demək olar ki, rast gəlinmir. Belə şəraitdə həm Vergilər Nazirliyi, həm də Mərkəzi Bank ticarət obyektlərinin dövriyyəsinə nəzarət etmək imkanı qazanır. Əksər inkişaf etmiş ölkələrdə pos-terminalların quraşdırılması prosesi artıq başa çatıb. ABŞ və Avropa Birliyinə üzv olan ölkələrdə əməliyyatların, demək olar ki, 80 faizi bu terminallar vasitəsilə aparılır. ABŞ-da əhalinin çox az hissəsi üzərində nağd vəsait gəzdirir. Onlar əsasən kredit kartlarından istifadə edərək əməliyyatları həyata keçirməyə üstünlük verirlər. Azərbaycanda da POS-terminalların quraşdırılması ilə bağlı ümumi vəziyyəti təhlil edən zaman son illər onların sayında kəskin artımın olması nəzərə çarpır.
İnsanların POS-terminallardan istifadə ilə bağlı məlumatlılıq səviyyəsindən danışarkən, V. Bayramov dedi ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Amma bütövlükdə tendensiyanı qiymətləndirsək, son illər plastik kartlardan yararlanan şəxslərin sayında artım var. Mərkəzi Bankın rəsmi məlumatları da göstərir ki, əhali onlardan istifadəyə maraqlıdır. Bu, həm ölkə daxilində plastik kartlardan istifadə imkanlarının olması, həm də xarici səfərlər zamanı insanların özləri ilə nağd pul gəzdirməmləri ilə əlaqədardır. Plastik kartların digər müsbət cəhəti odur ki, pulların qorunması etibarlı şəkildə təmin edilir. Belə ki, əgər nağd pul itərsə, onu geri qaytarmaq mümkün deyil. Amma işlədilən plastik kartla bağlı belə bir hal baş verərsə, təkcə itən kartın şifrəsini bilməklə vəziyyətdən çıxmaq olar.
Burada bir məqama da toxunmaq istərdik. Bu, ödəniş kartlarından istifadəni ləngidən səbəblərlə bağlıdır. Belə ki, hələ də bəzi müəssisələr ikili mühasibatlıq üzərində iş aparır. Başqa sözlə, hazırda əksər iş yerlərində çalışanlar əməkhaqlarını plastik kartlar vasitəsilə əldə edirlərsə, bu xidmətin həyata keçirilmədiyi müəssisələr də az deyil. Kartlardan zəif istifadə bu amilin rolunun mövcudluğunu təsdiqləyir. Ümumiyyətlə, ödəniş kartları, eləcə də POS-terminallardan istifadə tam dövriyyənin qeydiyyata alınmasıdır. Yəni, bu, o deməkdir ki, iş yerləri və ticarət obyektləri artıq nağd ödənişlərdən imtina edir. Bu isə ikili mühasibatlığın qarşısını alır, əməliyyatların qeydiyyatını reallaşdırır. Belə şəraitdə isə təbii ki, vergidən yayınma halları ilə qarşılaşılmır. İkili mühasibat sisteminə malik şirkətlərə gəlincə, onlar şübhəsiz ki, nağd ödənişlərdən istifadə edirlər. Burada nəzarətin gücləndirilməsi vacibdir.
V. Bayramov söhbətinin sonunda onu da vurğuladı ki, banklar tərəfindən müştərilərə kredit kartları təqdim edilərkən həmin kartların kredit imkanlarının nağd şəkildə istifadəsini məhdudlaşdırmaqla istifadəçini nağdşız ödənişə məcbur etmək olar. Bundan başqa, bütün ölkə böyu ödənişin bu növünü reallaşdırma imkanı yaradan texnoloji təchizat vasitələri təmin edilməklə nağd pul daşıma zərurətini aradan qaldırmaq olar. Bu isə son nəticədə insanların nağd pul daşıma üsulundan imtinasını sürətləndirər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikası Mərkəzi Bankının “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.