Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi güc mərkəzinə çevrilir

 

 

 

 

 

Son illərdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirmiş və beləliklə, Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Bu gün Azərbaycanın hər bir bölgəsinin tikinti meydançasını xatırlatması və ölkədə həyata keçirilən mühüm layihələrin yerli şirkətlər tərəfindən uğurla reallaşdırılması, sosial tərəqqi bunun bariz ifadəsidir. Bir sözlə, quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar  isə ölkəmizin gücünü daha da möhkəmləndirir. Beləliklə, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Hazırda respublikamızın iştirakı olmadan regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.

Ölkədə  biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət proqramlarının icrası müddətində qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  “bir pəncərə” prinsipinin tətbiqi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Bu gün qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxarılaraq özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur.

İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Dövlətimizin  başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsindədir. 2013-2023-cü illəri əhatə edən bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalinin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi – Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun yenilənməsi prosesinə də ölkəmizdə xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələrin icrası məqsədilə Azərbaycanın yetərli resursları mövcuddur. Bunun üçün ölkəmiz nə xarici maliyyə, nə də texniki yardımlara ehtiyac duyur. 2010-cu il dekabr ayının 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir layihə ilə müqayisə olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin ərsəyə gəlməsi yalnız Azərbaycanın öz imkanları hesabına reallaşdı. Digər belə iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri, yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət tullantılarının yandırılması zavodu, turizm infrastrukturu, Şəmkir çay dəryaçası, Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası (Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Təsadüfi deyildir ki, artıq Azərbaycan dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır.

Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.

Bu gün Azərbaycanda dövlətin investisiyası hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü və Şəmkirçay su anbarlarını buna misal göstərmək olar. Hər iki obyekt istifadəyə verildikdən sonra ölkəmizdə aqrar sektorun inkişafında böyük dönüş yaranacaq. Bundan başqa, Azərbaycanda güclü ixracyönümlü sənaye potensialı yaradılır. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində bu məqsədlə dünya standartlarına cavab verən texnoparklar tikilir. Yeri gəlmişkən, xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən texnoparkda istehsal olunan məhsullar dünya standartlarına tam cavab verir və rəqabətqabiliyyətlidir.

ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. 2013-cü illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində ciddi irəliləyişlərin əldə olunduğu göstərilir.

Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqının maraqlarını müdafiə edəcəkdir”.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir.  Həmin konsepsiyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi əsas istiqamətlərdən birini təşkil edir. Burada qarşıya  qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. Bundan başqa,  2020-ci ilə qədər  “Elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində keyfiyyətli xidmətlərlə təmin olunacaqdır.

Yaxın illər ərzində kosmik sənayenin daha da inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyan Azərbaycan dövləti aşağıorbitli peykini  2015-ci ildə, ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır.

Telekommunikasiya peyklərinin geostasionar orbitə çıxarılması ölkəmizi daha etibarlı peyk rabitəsi ilə təmin edəcəkdir. Yuxarıda adıçəkilən konsepsiyaya uyğun olaraq, yaxın illərdə telekommunikasiya şəbəkəsində həm də  yeni texnologiyaların tətbiqi genişləndiriləcək, milli radio və televiziya proqramlarının peykdən yayımı təşkil olunacaqdır. Aşağıorbitli peyklərin orbitə çıxarılması isə respublikada ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.

2020-ci ilə qədər ölkəmizin  regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcəkdir. Onu da əlavə edək ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin, böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway)  layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.

Azərbaycan hazırda region ölkələri  üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir. Artıq həmin istiqamətdə işlər sürətlə aparılır. Belə ki, bu gün respublikamızdan Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir. Mütəxəssislərin araşdırmalarına görə,  həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qarşıdakı 10 il ərzində  Azərbaycanda İKT sektorunun həcmi təxminən 4,5-5 dəfə artacaqdır. Bu isə ölkədə sosial-iqtisadi inkişafın daha da sürətlənməsinə, insanların  rifahının yüksəlməsinə və cəmiyyətin digər problemlərinin uğurlu həllinə öz  müsbət təsirini göstərəcəkdir.

Yuxarıda sadalananlardan da göründüyü kimi, Azərbaycan Prezidenti  İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Son illərdə  dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirmişdir. Elə bunun nəticəsidir ki, Azərbaycanın yaxın gələcəkdə dünyanın nüfuzlu iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə doğurmur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında