“Şahdəniz-2” layihəsi Azərbaycanın ixrac imkanlarını xeyli artıracaq

 

 

 

 

Ötən əsrin sonlarında “Əsrin müqaviləsi”nin imzalanması ilə təməli qoyulmuş Azərbaycanın yeni neft strategiyasının həqiqiliyi dünyanın transmilli neft şirkətlərinin ölkəmizə inamını xeyli artırdı. Ölkəmizdə siyasi sabitliyə və əlverişli biznes mühitinə tam zəmanət alan iri neft şirkətləri təqribən iki il sonra -1996-cı il iyun ayının 6-da Bakıda Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair müqaviləyə imza atdılar.

Bununla da, neft ölkəsi kimi tanınan Azərbaycan əsas qaz təchizatçısı kimi dünyanın maraq dairəsinə daxil oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu barədə demişdir:“Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz hasil edən ölkə kimi tanınır. Bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki amili bir-birindən ayırmaq mümkün deyildir. 1996-cı ildə - “Əsrin kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün əlbəttə ki, xüsusi məna daşıyır. O illərdə də biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz “Şahdəniz” qaz yatağının işlənilməsi bunu təsdiq etdi. “Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50 faizini təşkil edir”. 

Xatırladaq ki, “Şahdəniz” layihəsinin səhmdarları bp (operator - 28,8 faiz), ARDNŞ ( 16,7 faiz), Statoyl (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. Artıq Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 18 ildən artıq vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Məlumat üçün bildiririk ki, birinci mərhələdə  “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi üzrə əməliyyatlara isə 2006-cı ildə başlanmışdır. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil etmişdir. bp şirkəti və tərəfdaşları tərəfindən “Şahdəniz-1” layihəsinə indiyədək 6 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir.

bp-nin 2014-cü ilin birinci yarısına dair yaydığı hesabata əsasən, “Şahdəniz” layihəsinin birinci mərhələsi üzrə fəaliyyətlərə 243 milyon dollar, əməliyyat məsrəflərinə isə 1 milyard 766 milyon dollar  əsaslı vəsait xərclənmişdir. Bütövlükdə isə cari il üçün bu rəqəmlərin müvafiq olaraq 483 milyon və 3 milyard 781 milyon dollar olacağı proqnozlaşdırılır.

Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. 2014-cü ilin birinci yarısı ərzində “Şahdəniz” yatağından 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton kondensat  çıxarılmışdır. Hesabat dövrü üçün sutkalıq qaz və kondensat hasilatının həcmi müvafiq olaraq təxminən 26,2 milyon kubmetr və 49 min 757 barrel təşkil etmişdir. Bütövlükdə isə 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin ikinci rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 52,7 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 13,6 milyon ton kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” layihəsinin hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 min barrel kondensat səviyyəsinə çatdırılmışdır. Şahdəniz konsorsiumunun tərəfdaşları 2014-cü ilin axırına qədər isə hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırmışlar.

2014-cü ilin ötən dövründə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilmişdir. Belə ki, SDA02 quyusunda intervensiya əməliyyatları tamamlandıqdan sonra SDA07 quyusunda qazma əməliyyatları aparılmışdır. Bu quyu 28 düyməlik kəmər quyruğunadək qazılaraq konservasiya olunmuş, sonra isə qazma qurğusu SDA08 quyusuna aparılmışdır. Həmin quyu 28 düyməlik kəmər quyruğu endirilib sementləndikdən sonra konservasiya olunmuşdur. Hazırda isə SDA06 quyusunda intervensiya əməliyyatları davam etdirilir.

Şahdəniz qazını xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilmişdir. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır. Cənubi Qafqaz boru kəmərinin  sərmayədarları bp (texniki operator - 28,8 faiz), ARDNŞ (16,7 faiz), Statoyl (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. 2014-cü ilin birinci yarısı ərzində kəmərin gündəlik orta ötürücülüyü 17,8 milyon kubmetr  təşkil etmişdir. Bu ilin altı ayı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 22,4 milyon dollar əməliyyat, 325 milyon dollar əsaslı xərclər sərf edilmişdir. İlin sonunadək  əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. Əsaslı xərclər isə kəmərin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyona qədər artacaq. 2013-cü il dekabrın 17-də Cənubi Qafqaz boru kəmərinin  genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edildikdən bəri layihə üzrə əksər müqavilələr imzalanmişdır. Həmin müqavilələrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi, kəmərin üzlənməsi, sözügedən layihə çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması, iki çay keçidi üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir.

Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Buna isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nail olunacaq. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Artıq Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinə start verilmişdir. 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.  Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki,  qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

Bu ilin ötən dövrü ərzində layihə çərçivəsində qazma işləri sürətlə davam etdirilmişdir. “İstiqlal” qazma qurğusu vasitəsilə SDC03 quyusunda qazma əməliyyatları başa çatdırıldıqdan sonra SDC04 quyusunda qazma işlərinə start verilmişdir. Həmin quyuda isə qazma əməliyyatlarının 2015-ci ilin yanvarında tamamlanması gözlənilir. Bundan əlavə, Heydər Əliyev qazma qurğusunun köməyilə ikinci rüb ərzində SDD02 quyusunun aşağı hissəsinin qazılması davam etdirilmişdir. Quyuda qazma əməliyyatlarının 2014-cü ilin üçüncü rübünün sonunda tamamlanması planlaşdırılır. Yeri gəlmişkən, 2018-ci ilin sonlarına planlaşdırılmış ilk qaz hasilatına hazırlıq istiqamətində də artıq 5 quyu qazılmışdır. Bütövlükdə isə hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan quyuların qazılması məqsədilə bu iki qazma qurğusu “Şahdəniz” yatağında öz fəaliyyətini davam etdirəcək.

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

2013-cü ilin dekabr ayında yekun investisiya qərarı veriləndən bəri “Şahdəniz-2” layihəsi qrafik üzrə davam etmişdir. Ötən müddətdə  layihə çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təqribən 8,5 milyard dollar dəyərində müqavilələr imzalanmışdır. ”Şahdəniz-2” layihəsi çərçivəsində imzalanmış əsas tikinti və təchizat müqavilələrinə  Səngəçal terminalında yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri, yatağın tammiqyaslı işlənmə mərhələsinin iki platforması üçün üst modulların tikintisi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların inşası, dənizdə bütün daşınma və quraşdırılma işləri, dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi, sualtı hasilat sistemlərinin təchizatı, sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası, sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi və dəniz platforması üçün yaşayış bloklarının mühəndis-layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri daxildir.

Bu da Azərbaycan və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində  ilkin işlərin başlanmasına imkan yaratmışdır. Artıq dayaq blokları və göyərtələrin tikilməsi üçün tikinti-quraşdırma sahələrində, həmçinin qurudakı terminal tikinti sahələrində işlərə bu yaxınlarda start veriləcək. Buna əlavə olaraq platformanın dayaq blokları və üst modulların quraşdırılması üçün poladın ilk partiyaları artıq ölkəmizə gətirilmişdir. Həmin fəaliyyətlər isə “Cənub” dəhlizi layihələrinin bütövlükdə irəliləməsinə kömək edir. 

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında