Son illərdə qeyri-neft sənayesinin inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin yaradılması üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır.
Ölkədə sahibkarlığın inkişafının sürətləndirlməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama presedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.
Sənayeyə göstərilən diqqətin nəticəsidir ki, bu ilin yeddi ayında müəssisələr və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,8 milyard manatlıq və az sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 14,4 milyard manatı və ya 72,5 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 24,9 milyon ton neft və 10,8 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində 4,3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 3,1 faiz, tütün məmulatları istehsalı 71,9 faiz, geyim istehsalı 42,9 faiz, hazır metal məmulatların istehsalı 14,4 faiz, tikinti materiallarının istehsalı 22,6 faiz, elektrik avadanlıqları istehsalı 17,1 faiz, avtomobil və qoşquların istehsalı 66,2 faiz artmışdır. Qeyri-neft emal sənayesində 2,8 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,3 faizi istehsal olunmuşdur. İstehsal olunmuş 12,5 milyard kVt.saat elektrik enerjisi əvvəlki ilin yeddi ayının səviyyəsini 3,5 faiz üstələmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,9 faiz artmışdır.
Müsbət göstəricilərin əldə edilməsində şübhəsiz ki, son illərdə rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələrin icra edilməsi, yeni iş yerlərinin açılması mühüm rol oynamışdır. Bununla yanaşı, sözügedən dövrdə sənayenin sürətli inkişafına ölkə Prezidentinin 2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı təsdiq edilən Tədbirlər Planının uğurla reallaşdırılması da öz təsirini göstərmişdir.
Hazırda Tədbirlər Planına əsasən, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində işlər görülür.Bununla əlaqədar sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılır, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, müasir texnoparkların yaradılması, iqtisadi rayonlar üzrə sənaye şəhərcikləri infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirlər reallaşdırılır. Bütün bunlarla yanaşı, standartlaşdırma siyasəti çərçivəsində sənaye sahələrində fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi təmin edilir.
İqtisadi İnkişaf Nazirliyindən aldığımız məlumata görə, yaxın gələcəkdə Azərbaycanda infrastruktur layihələrinin davam etdirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların cəlb olunması, rəqabət qabiliyyətli istehsalın dəstəklənməsi, istehsal prosesində müasir texnologiyaların istifadəsinin və intensiv metodların tətbiqinin stimullaşdırılması, maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, bazara çıxarılan məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının iqtisadi artımın stimullaşdırılmasını təmin edəcək şəkildə təkmilləşdirilməsi istiqamətində işlər və sahibkarlıq subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi tədbirlər reallaşdırılacaqdır.
Sənayenin inkişafından danışarkən, bir məqama da diqqət yetirməyi zəruri sayırıq. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Başqa sözlə, qarşıdakı illərdə yeni neft-qaz komplekslərinin, metro stansiyalarının tikintisi, I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi idman obyektlərinin inşası, yeni sənaye parklarının yaradılması metallurgiya sənayesinin sürətlə inkişafını sürətləndirməyə imkan verəcəkdir. Xatırladaq ki, hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.
Azərbaycan iqtisadiyyatında əsas məqsədin qeyri-neft sənayesinin inkişaf etdirilməsi olduğunu deyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Yeri gəlmişkən, Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillərə də qısaca toxunaq. Burada ilk növbədə ölkəmizdəki makroiqtisadi sabitliyi vurğulamaq lazımdır. Digər mühüm amil isə son illərdə yaradılmış güclü sənaye potensialıdır. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir.
Onu da qeyd edək ki, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir. Həmçinin, son illərdə enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl işlər görülmüş, 2300 meqavatdan çox yeni generasiya gücü yaradılmışdır. Bununla yanaşı, alternativ və bərpa olunan mənbələr hesabına enerji istehsalının artırılması ilə bağlı tədbirlər davam etdirilir. Bütün bunlar isə, sənayenin etibarlı enerji təchizatında əhəmiyyətli olacaqdır. Eyni zamanda, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcəkdir. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır.
Ölkədə yaradılmış və hazırda ümumi daxili məhsulun 70 faizi həcmində olan strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.
Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olmuşdur. Bununla yanaşı, müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu və s.) sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Ölkədə formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaqdır. Bütün bu və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcəkdir.
Azərbaycanda sənaye siyasətinin əsas istiqamətləri barədə isə onu deyə bilərik ki, gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcəkdir. Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunmuşdur. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.
Növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biri də bu sahədə dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndiriləcəkdir. Eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması da ölkədə qeyri-neft sənayesinin inkişafına töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bildirilir ki, 2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.
Qarşıya qoyulan vəzifəni həyata keçirmək üçün yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.
Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Konsepsiyada ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.
Adıçəkilən konsepsiyada həmçinin vurğulanır ki, qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur.
Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.