Avqustun 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Amerika Birləşmiş Ştatları səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında bütün sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırmış, ölkəmizin dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan ABŞ ilə əlaqələrə xüsusi önəm verdiyini bildirmişdir.
Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran komitə sədri vurğulamışdır ki, son illər gömrük sisteminin inkişafı daha da sürətləndirilmiş, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılmış, fəaliyyəti təkmilləşdirilmişdir.
Qanunvericilik bazasının möhkəmləndirilməsinə daim xüsusi önəm verildiyini vurğulayan Komitə sədri Azərbaycanda 2012-ci ilin əvvəlindən yeni Gömrük Məncəlləsinin tətbiqi ilə əlaqədar 59 normativ-hüquqi sənədin hamısının qısa zaman kəsiyində hazırlanaraq qəbul edildiyini diqqətə çatdırmış və bildirmişdir ki, sonuncu sənəddə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli fərmanı ilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir.
Belə ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunurdu. 1 noyabr 2014-cü il tarixdən qüvvəyə minəcək qeyd olunan qaydalara Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə edilmiş dəyişikliklərə uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur. Bu isə ölkənin həm ticarət əlanqələrinin, həm də göstərilən gömrük xidmətinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir. DGK sədri Aydın Əliyev eyni zamanda, qeyd etmişdir ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrə edilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunmuşdur.
Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əlaqələrə gəlincə, istər ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də qanunvericilik bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi baxımından Azərbaycan Gömrük Xidmətinin Amerika təcrübəsindən xeyli yararlandığını bildirən komitə sədri Dövlət Gömrük Komitəsi rəsmilərindən ibarət nümayəndə heyətinin Amerika Gömrük Xidmətinin işi ilə tanışlıq məqsədi daşıyan səfərlərini də məmnunluqla xatırlamış, bu səfərləri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan uğurlu addım kimi səciyyələndirmişdir. Cari ilin may ayında Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfransın keçirildiyini xatırladan DGK sədri Aydın Əliyev bu mötəbər tədbirin əhəmiyyətindən danışmış, Nobel mükafatı laureatlarının, eləcə də ABŞ Daxili Təhlükəsizlik Departamentində beynəlxalq işlər üzrə nazir müavini və baş diplomat Alan Bersin qlobal konfransda iştirakını xüsusilə qeyd etmiş, bu mötəbər tədbirin əhəmiyyətindən danışmışdır.
Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Amerika Birləşmiş Ştatları səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd etmiş, iki ölkə arasında istər siyasi istərsə də iqtisadi münasibətlərin hazırki durumundan məmnunluqla söhbət açmışdır. Amerikalı diplomat Azərbaycan Gömrük Təşkilatının modernləşməsi və inkişafı yolunda atılan uğurlu addımları, eləcə də qarşılıqlı münasibətlərin inkişafı naminə respublikamızın gömrük xidmətinin ölkəsinin analoji qurumu ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirmiş, ABŞ Daxili Təhlukəsizlik Departamentində beynəlxalq işlər üzrə nazir müavini və baş diplomat Alan Bersinin ikitərəfli münasibətlərin, eyni zamanda qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq müstəvisində ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə qarşı mübarizə, təcrübə mübadiləsi və s. istiqamətlərdə həyata keçiriləcək konkret proqramlarla bağlı təkliflərin müzakirəsi üçün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin ABŞ-a səfər gerçəkləşdirməsi xahişini diqqətə çatdırmışdır. Derek Hoqan, həmçinin cari ilin 26-28 avqust tarixlərində ABŞ-ın San-Antonio şəhərində keçiriləcək “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvət məktubunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təqdim etmişdir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvətə görə təşəkkürünü bildirmiş, verilən təklifləri müsbət dəyərləndirmiş, bütün sferalarda birgə əməkdaşlığın önəmindən bəhs etmişdir.
Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.
DGK mətbuat xidməti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.