Uğurlu investisiya siyasəti ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirir

 

 

 

Azərbaycanda həyata keçirilən neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan  tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Bu da ölkəmizdə uğurlu investisiya siyasətinin həyata keçirilməsinə imkan yaradır.

 Təsadüfi deyil ki,  keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanda hazırda bütün sahələrin inkişafına iri məbləğdə investisiyalar yönəldilir. Bunun da nəticəsində  nəzərdə tutulmuş bütün infrastruktur layihələri vaxtında və müvəffəqiyyətlə  icra olunur, ölkədə quruculuq işləri gündən-günə sürətlənir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, böyük məbləğdə investisiyaların qoyuluşu Azərbaycan iqtisadiyyatına və Azərbaycanın gələcəyinə böyük inamın təzahürüdür.

Ölkəmizin sosial-iqtisadi inkişafı əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ilk yarısında da davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüşdür.  Cari ilin birinci yarısında  iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çoxdur. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir. İlin birinci yarısında xarici mənbələrdən isə əsas kapitala 2 milyard 233,1 milyon manat vəsait yönəldilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 794,1 milyon manatı Böyük Britaniya, Norveç, ABŞ, Türkiyə, Yaponiya və Fransa sərmayədarlarına məxsus olmuşdur.

2014-cü ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Məhz bunun nəticəsidir ki, cari ilin ötən dövrü ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Belə ki, həmin müddətdə Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Gimnastika Arenası, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, AMEA-nın Mərkəzi Kitabxanası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika  İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilmişdir. Sevindirici haldır ki, ilin buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya-İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxıda  “Şamaxı Palace Platinum By Rixos” oteli fəaliyyətə başlamışdır. Bundan əlavə, ilin altı ayında bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 824,6 min kvadratmetr olan yaşayış evləri, 200 çarpayılıq xəstəxana, 2640 şagird yelik ümumtəhsil məktəbləri və 672 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir. Hazırda isə 300-dən çox sosial obyektin təmir-tikintisi həyata keçirilir.

  Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək. Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir”.

Ölkə Prezidenti İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında imzaladığı sərəncamla Azərbaycanda sənayeləşmə prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Yeri gəlmişkən, cari ilin altı ayında əsas kapitala yönəldilmiş investisiyaların 47 faizi məhz ölkənin sənaye sahələrinin inkişafına yönəldilmişdir."Sənaye ili" ilə bağlı işlənib hazırlanmış geniş tədbirlər planına əsasən, ölkəmizin sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.  Məlum olduğu kimi,  Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması istiqamətində hazırlıq işləri görülür. Xatırladaq ki, bu kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.

Sumqayıt Kimya Sənaye Parkında infrastrukturun tam formalaşdırılması işləri də sürətlə davam etdirilir.

Balaxanı Sənaye Parkının uğurlu fəaliyyəti ölkənin digər iri şəhərlərində də analoji istehsal sahələrinin yaradılmasına imkan yaratmışdır. Artıq Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.

Bütövlükdə isə cari ilin 6 ayında qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır. Yeri gəlmişkən, son zamanlar ölkəmizdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcəkdir.

Hazırda Azərbaycanda yol infrastrukturunun yeniləşdirilməsi istiqamətində mühüm işlər görülür. Artıq ölkənin magistral və beynəlxalq yolları ilə yanaşı, kənd yollarının tikintisinə də diqqət getdikcə artırılır, bu məqsədlə Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır. Elə üçüncü regional inkişaf proqramında da kənd yollarının tikintisi xüsusi yer tutur. Azərbaycan dövlətinin bu sahədə müəyyənləşdirdiyi ən mühüm vəzifə isə qarşıdakı 3-4 il ərzində ən ucqar kəndləri belə, rahat və müasir standartlara cavab verən avtomobil yolları ilə tam təmin etməkdən ibarətdir. İlin sonunadək nəqliyyat sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət başçısının tapşırığına əsasən,  Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana aid olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatdırılmalıdır. Ölkəmizin  nəqliyyat sektorunda reallaşdırılan ən mühüm layihələrdən sayılan Ələt Beynəlxalq Ticarət Limanının tikintisi də sürətlə davam etdirilir. Yaxın aylarda layihənin birinci mərhələsinin istismara verilməsi nəzərdə tutulur. Bununla da, paytaxtın mərkəzindəki liman Ələtə köçürüləcək və orada bir sıra ictimai zonalar yaradılacaq.  Bundan əlavə, Bakı şəhərinin nəqliyyat parkının yeniləşdirilməsi məqsədilə yeni avtobuslar gətiriləcək. Eyni zamanda, paytaxtın əsas ictimai nəqliyyatı sayılan metro tikintisinin sürətləndirilməsi də qarşıda duran prioritet məsələlərdəndir və bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.

Məlum olduğu kimi, gələn il Bakı şəhərində birinci Avropa Oyunları keçiriləcək. Bu məqsədlə paytaxtımızda mühüm infrastruktur obyektləri inşa olunur, yeni yollar çəkilir. Hazırda inşası sürətlə davam etdirilən Bakı Olimpiya Stadionunun yaxınlığındakı Böyükşor gölünün təmizlənməsi də  icrası nəzərdə tutulan nəhəng layihələrdəndir. Müşahidələrə əsasən, ən çox çirklənməyə məruz qalmış bu göl mərhələli şəkildə təmizlənərək ətrafı abadlaşdırılacaq və paytaxtımızın yaraşıqlı istirahət guşələrindən biri kimi sakinlərin və qonaqların istifadəsinə veriləcəkdir.

İçməli su və kanalizasiya şəbəkələrinin yaradılması və əsaslı təmiri də ölkəmizdə  icra edilən mühüm infrastruktur layihələrindəndir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bir çox layihələrin icrası isə artıq başa çatdırılmışdır. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suyu fasiləsiz alırlar. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, növbəti aylarda ölkə ərazisinin qazlaşdırılması ilə bağlı işlər də sürətləndiriləcək və nəticədə  Azərbaycanda qazlaşdırma 95-97 faizə çatdırılacaqdır.

İlin sonunadək Bakı şəhərində və ölkənin regionlarında  bütün infrastruktur layihələrinin icrasının başa çatdırılması nəzərdə tutulur. Bunun üçün ölkəmizin kifayət qədər maliyyə güçü vardır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır,–ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin”.

Göründüyü kimi, bu ilin ötən dövründə Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. İlin sonunadək isə ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Bu da öz növbəsində nəzərdə tutulmuş bütün infrastruktur və sosial layihələrin icrasını vaxtında başa çatdırmağa imkan verəcəkdir. Bütövlükdə isə Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti iqtisadiyyatın neft amilindən asılılığının azalmasına, ölkəmizin gələcək tərəqqisinə və xalqın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasına imkan yaradır.

Mirbağır YAQUBZADƏ,  “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında