Dünyanın potensial neft və qaz ölkəsi kimi tanınan Azərbaycanda emal müəssisələrinin imkanları da ilbəil genişləndirilir, neft məhsullarının istehsalı sürətlə artır. Məhz bunun nəticəsidir ki, indi ölkəmiz neft məhsullarının ixracatçısı kimi dünyada layiqli yer tutur.
Hazırda Azərbaycanda neft məhsullarının istehsalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və “Azərneftyağ” Neft Emalı Zavodunda həyata keçirilir. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus bu nəhəng müəssisələrdə il ərzində 16 milyon ton neft emal olunur. Həmin müəssisələrdə istehsal olunan neft məhsulları ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarlarına da ixrac olunur. Azərbaycanın neft məhsulları hazırda əsasən Gürcüstan, Xəzər və Qara dəniz hövzəsi ölkələrinə göndərilsə də, ixracın coğrafiyası ilbəil genişlənir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1 milyard 225,3 milyon manatlıq neft məhsulları istehsal olunmuşdur. Ölkənin neft məhsullarının istehsalı sahəsində əsas növ məhsullarının buraxılışına diqqət yetirək. Hesabat dövründə neft emalı müəssisələri tərəfindən 570,3 min ton avtomobil benzini, 1 milyon 102,1 min ton dizel yanacağı, 317,8 min ton ağ neft, 123,1 min ton neft bitumu, 77,3 min ton neft sənayesində istifadə üçün benzin, 21,1 min ton sürtgü yağları istehsal olunmuşdur. Yeri gəlmişkən, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin iyul ayında 128 ton atomobil benzini, 150 min 593 ton dizel yanacağı, 24 min 190 ton təyyarə yanacağı və 105 min 794 ton vakuum qazoylu ixrac etmişdir. Bütövlükdə isə 2014-cü ilin yanvar-iyul ayları ərzində ölkəmizdən xaricə 686 ton avtomobil benzini, 528 min 229 ton dizel yanacağı, 99 min 782 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 215 min 429 ton vakuum qazoylu ixrac edilmişdir.
Son illər ölkəmizin neft emalı müəssisələrinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda görülən işlər diqqəti cəlb edir. Hazırda burada müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xatırladaq ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni layihənin—54 nömrəli qurğuda doymuş amin məhlulunun regenerasiya blokunun tikinti-quraşdırma işlərinə başlanılmışdır. Bu istiqamətdə mexaniki, elektrik və nəzarət-ölçü cihazları sahələri üzrə quraşdırma-sazlama işləri davam etdirilir. Qurğuda texnoloji prosesin idarə edilməsi HS 900 tipli avtomatik idarəetmə sistemi ilə həyata keçiriləcək. Həmin işlərin reallaşması üçün qurğuda yeni alınmış sərf, təzyiq, səviyyə və temperatur vericiləri, eləcə də tənzimləyici klapanlar quraşdırılacaqdır. Sahə cihazları ilə sistem arasında əlaqə xətləri yerləşdirmək üçün artıq mühafizə novları quraşdırılmışdır. Hazırda operator zalında HS-900 tipli kotrollerin yerləşəcəyi otağın rekonstruksiyası, tənzimləyici klapanların və səviyyəölçən cihazların quraşdırılması işlərinə başlanılmışdır. Qurğuda həyata keçirilən işlərin avqustun 20-dək başa çatdırılması nəzərdə tutulur. Zavodda, həmçinin 31 nömrəli katalitik riforminq qurğusunda da müasir tipli avtomatik idarəetmə sisteminin tətbiqi üzrə cihaz və avadanlıqların yeniləri ilə əvəz olunmasına da başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Bundan əlavə, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun məşəl təsərrüfatı da yeniləşdirilir. Yeri gəlmişkən, 4 nömrəli istehsalat sahəsinin məşəl təsərrüfatı xidməti müəssisədə ekolojı problemlərin həlli baxımından müstəsna rol oynayan bölmələrdəndir.Cari və əsaslı təmir işləri zamanı atmosferə atılan qazları tutaraq utilləşdirmək üçün nəzərdə tutulmuş bu bölmə yeni üç ədəd qaz kompressorunun, bir neçə tutumun və 10 min kubmetrlik qazqolderin quraşdırılması ilə yeniləşmişdir.
Sahədə əvvəllər quraşdırılmış 2CQM4-15/25 tipli porşenli qaz kompressorları yalnız quru qazların nəql edilməsi üçün nəzərdə tutulduğu üçün sahəyə yağlı qazlar daxil olduğu zaman kompressorlarda və boru xətlərində güclü silkələnmələr müşahidə edilirdi. Bu isə öz növbəsində kompressorun əlaqəli boru xətlərinin hermetikliyinin pozulmasına, kompressorun özül vintlərinin boşalmasına gətirib çıxarırdı. Ötən müddətdə həmin problemin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və kompressorların təmir işləri ilə paralel olaraq məşəl təsərrüfatı sahəsinə atılan qazların miqdarının azaldılması məqsədilə mühüm işlər görülmüşdür. Belə ki, kompressorların beton bünövrələri təzələnmiş, dayaqların metal konstruksiyaları bir neçə dəfə dəyişdirilərək möhkəmləndirilmiş, boru xətlərində bərkidilmə işləri aparılmışdır. Nəticədə sahəyə atılan qazların miqdarı əvvəlki vaxtlarla müqayisədə bir neçə dəfə azalmışdır. Yenidənqurma işləri Dövlət Neft Şirkətinin’’Azərneftyağ’’ Neft Emalı Zavodunda da davam etdirilir. Bu yaxınlarda müəssisənin 3 saylı istehsalat sahəsinin 305 saylı qurğusunda cari təmir işləri başa çatdırılmışdır. Xatırladaq ki, cari ilin iyul ayında başlanmış təmir işlərinin əsas məqsədi digər istehsalat sahələri ilə texnoloji inteqrasiyanın gücləndirilməsi və istehsalın səmərəliliyinin artırılmasıdır. Təmir zamanı qurğunun bir neçə istidəyişdiricisinin boru dəstləri yeniləri ilə əvəz olunmuşdur. Avadanlıqlara texniki baxış keçirildikdən sonra qurğu istismara buraxılmışdır. Hazırda qurğu tam gücü ilə işləyir.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən neft emalı müəssisələrində təkrar emal qurğularının gücündən səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir. Yeri gəlmişkən, ölkənin emal müəssisələri ilə kimya sektoru arasında sıx əlaqələrin yaradılması da Azərbaycan Respublikası Dövlət Şirkətinin diqqət mərkəzindədir. Bu məqsədlə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan quru qazların birbaşa “Azərikimya” İstehsalat Birliyinə nəqli üçün 62 kilometr uzunluğunda boru kəməri çəkilmişdir ki, bu da Etilen-Polietilen Zavodunun xammalla davamlı təminatına imkan yaratmışdır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin dəstəyilə “Azərikimya” İstesalat Birliyinin ərazisində Kimya Texnoparkının yaradılması işləri də sürətlə davam etdirilir. Burada birliyin istehsal etdiyi məhsullardan xammal kimi istifadə olunmaqla müxtəlif çeşidli yekun istehlak mallarının hazırlanması nəzərdə tutulur. Bu isə çoxlu sayda yeni müəssisə və iş yerlərinin açılması deməkdir.
Göründüyü kimi, Azərbaycanda “Sənaye ili” elan olunmuş 2014-cü ildə neft məhsullarının istehsalı müəssisələrində həyata keçirilən modernləşdirmə işləri bütövlükdə emal sənayesinin işinə təkan verməklə yanaşı, daxili tələbatın tam ödənilməsinə və ölkənin ixrac potensialının daha da genişləndirilməsinə imkan yaradacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.