Azərbaycanda aqrar sahənin inkişafına mühüm önəm verilir

 

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Azərbaycanda elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir.

Ölkə rəhbəri İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasəti,  həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini vermiş, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Əvvəllər fermerlərin banklardan kredit götürüb öz təsərrüfatlarını genişləndirmək imkanları məhdud idi. Dövlət bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər gördü. Bunun ən başlıcası aqrar sektorda çalışan sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. İndiyədək  dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilmişdir. Qeyd edək ki, bu təsərrüfatların hamısı iri istehsal obyektləridir.

İstehsal müəssisələrinin genişlənməsi də məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. Cari ilin birinci yarısında ölkə üzrə bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində sabit artım müşahidə edilməsi də məhz bununla bağlıdır. Sözügedən dövrdə 2,3 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki,  bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bu dövrdə bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq sahələr üzrə artım 10,1 və 3 faiz olmuşdur. Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı sabit qalaraq 4,4 faiz təşkil etmişdir.

Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə hazırda ölkədə bir sıra mühüm işlər görülür. Belə ki, 2014-cü ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 milyon manat dəyərində 504 taxılyığan kombayn, 499 müxtəlif növ traktor, 355 kotan, 44 səpici aqreqat, 42 otbiçən, 30 çiləyici və tozlayıcı maşınlar, 22 ot dırmıqları, 15 gübrəsəpən maşın və 55 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.

Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi haqqında qaydalara dəyişikliklər etmişdir. Həmin dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılacaq mineral gübrələrin güzəşt faizi artırılmışdır. Hər hektara görə müəyyən edilən 300 kiloqram mineral gübrə həddi ləğv edilmişdir. Bundan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 70 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 80 manata qədər müəyyən olunmuşdur. Müvafiq olaraq, bu istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılacaq və tərkibi təsdiq ediləcəkdir. Bu qərarın icrası ilə bağlı artıq Maliyyə Nazirliyinə tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etmək tapşırılmışdır. Qərar 5 il müddətində qüvvədədir.

Xatırladaq ki, indiyədək kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılan mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqram, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilirdi.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında