Etibarlı ərzaq təminatı Azərbaycanın iqtisadi sabitliyinin mühüm şərtidir

 

Bu gün beynəlxalq ekspertlər ölkəmiz haqqında söhbət gedərkən ilk növbədə vurğulayırlar ki, Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Son illərdə respublikada mühüm iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Dahi rəhbərin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir, xarici ölkələrə məhsul ixrac edir.

Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında hazırda istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.

Xatırladaq ki, bu gün Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə ölkədə müxtəlif aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.

Burada bir məqama da diqqət çəkmək yerinə düşər. Hazırda ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Mütəxəssislərə görə, məqsədə nail olmaq üçün vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir. Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına Azərbaycanda illik taxıl istehsalını 2,8-3 milyon tona çatdırmaq üçün real imkanlar vardır. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.

Ekspertlər hesab edirlər ki, taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin tələbatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir. Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir...”.

Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, ötən müddətdə Dövlət Proqramının icrası mühüm nəticələr əldə edilməsinə səbəb olmuşdur. Adıçəkilən Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaratmışdır.

Fikrimizin təsdiqi kimi cari ilin birinci yarısında aqrar sahədə əldə edilən müsbət göstəricilərin bir qisminə diqqət yetirək. Hesabat dövründə 2,3 milyard manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur. Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.

Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında dövlət başçısının müvafiq sərəncamının icrası nəticəsində bu ilin birinci yarısında meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.

Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyənləşdirən və beynəlxalq təcrübədə geniş istifadə olunan “kənd təsərrüfatı siyasətinin dəyəri” indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin əsas şərtidir. Bu baxımdan, dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları bundan sonra da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında