Ermənistan mətbuatında bildirilir ki, rəsmi Yerevan 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir. Qeyd edilir ki, ölkənin keçmiş korrupsioner baş naziri Tiqran Sarkisyanın dövründə sosial-iqtisadi vəziyyət indiki ilə müqayisədə daha yaxşı idi. Hazırki baş nazir Ovik Abramyanın yarıtmaz fəaliyyəti nəticəsində isə iqtisadi böhran getdikcə dərinləşir.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Sançes də Ermənistan üçün pessimist proqnozlar vermişdir. T. Sançes “Azadlıq” radiosuna müsahibəsində demişdir ki, bu ilin aprel ayında Ermənistan üçün verilən proqnozlar özünü doğrultmamışdır: Biz düşünürdük ki, Ermənistan iqtisadiyyatında 4,3 faiz artım olacaqdır. Amma, təəssüf ki, proqnoz özünü doğrultmadı.
Ermənistan iqtisadiyyatının, demək olar ki, çökdüyü bir zamanda ölkədə elektrikin qiyməti artırılmışdır. Bu isə Ermənistanda əhalinin ciddi narazılığına səbəb olmuş, sosial-iqtisadi şəraiti bir qədər də kəskinləşdirmişdir.
Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, əhalinin maddi rifah halının gündən-günə ağırlaşması beynəlxalq qurumların hesabatlarında da göstərilir. Məsələn, Dünya Bankının (DB) hesabatına görə, Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7 dəfədən artıq üstələyir.
Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhranın dərinləşməsi fonunda ölkəni tərk edənlərin sayı da durmadan artır. Bu isə ölkədə demoqrafik duruma mənfi təsir göstərir. Real demoqrafik durumun təhlili vəziyyətin sürətlə pisləşməsindən xəbər verir. Hətta burada uşaqların doğumu ilə bağlı problemlər də şəraitə öz mənfi təsirini göstərir. Bunula bağlı BMT-nin əhalinin məskunlaşması üzrə Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan bu ölkədə sonsuzluğun göstəricisinin hazırda 17 faiz olmasını demişdir.
Ermənistanın Milli Statistika Xidmətinin ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı məruzəsində vurğulanır ki, təkcə bu ilin son beş ayında ölkəni 35 min 447 nəfər vətəndaş tərk etmişdir. Ötən ilin müvafiq dövründə isə bu ölkədən baş götürüb gedən və geri qayıtmayan vətəndaşların sayı 28 min 500 nəfər olmuşdur. Bütün bunlar Ermənistanda sosial-iqtisadi böhranın ildən-ilə dərinləşdiyindən xəbər verir.
Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə, qeyd etdiyimiz kimi, ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.
Ermənistandan baş götürüb qaçan ermənilərin əksəriyyəti dözülməz şəraitdə yaşayır və onlar xarici ölkələrdə ən ucuz işçi qüvvəsi hesab olunur. Parisdə nəşr olunan gündəlik “Ermənistan xəbərləri” jurnalında jurnalist Vahan İşxanyan yazır ki, əslində, onlar müasir dövrün qullarıdır.
V. İşxanyan məqalədə göstərir ki, hətta bəzən səhərdən axşamadək qul kimi işlədilən ermənilərə 5 dollar əməkhaqqı verilir. Onlara ikinci növ adam kimi baxırlar. Lakin bununla belə, həmin miqrantlar xaricdə qul kimi yaşamağı Ermənistana qayıtmaqdan üstün tuturlar. Diqqətçəkən fakt odur ki, miqrant ermənilərin sayı ildən-ilə artır. Ermənistan dövlət rəsmiləri isə xaricdə yaşayan vətəndaşlarının taleyinə biganə yanaşır, onlarla, demək olar ki, maraqlanmırlar.
Erməni ekspertlərinin sözlərinə görə, ölkədə sosial problemlərin artması fonunda idxal mallarının bahalaşması əhalinin durumunu daha da ağırlaşdıracaqdır.
Ermənistanda iqtisadi vəziyyətin gərginləşdiyini göstərən başqa bir amil isə ticarət sektorundakı mövcud vəziyyətdir. Belə ki, təkcə ötən il Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanmışdır. Hazırda ticarətdə 36 min nəfər çalışır. Halbuki 2012-ci ildə bu göstərici 38,3 min nəfərdən çox idi. Bütün bunlar, təbii ki, sözügedən ölkədə sosial narazılığın güclənməsinə səbəb olur. Bundan istifadə etməyə çalışan dörd müxalifət partiyası ölkəni əhatə edəcək mitinqlərə hazırlaşır. Mitinqlərin “Çiçəklənən Ermənistan”, Ermənistan Milli Konqresi, “Daşnaksütyun” və “İrs” partiyaları tərəfindən keçirilməsi gözlənilir. Bu barədə qərar həmin partiyaların təmsilçilərinin görüşündə verilmişdir.
Bu gün Avropanın Ermənistana investisiya qoyuluşunu azaltması da vəziyyəti daha da ağırlaşdırır. “Johovurd” qəzetinin verdiyi məlumata görə, ötən il Ermənistan iqtisadiyyatının real sektorunda investisiyaların həcmi 62,1 faiz azalaraq 155,1 milyon dollar təşkil etmişdir. Bu ölkənin strateji tərəfdaşı olan Rusiya investisiyalarını 20,7 faiz, ABŞ 37,2 faiz, Fransa 81,6 faiz azaltmışdır. İnvestisiyaları ən çox artıran ölkə isə offşor zona sayılan Vircin adalarıdır.
Politoloq Mübariz Əhmədoğlu bildirmişdir ki, əslində, bütün bunlar göstərir ki, Ermənistanda əhalinin etirazı artıq silahlı üsyan formasına keçid mərhələsindədir. O, hesab edir ki, Ermənistanda yaxın aylarda çox ciddi proseslərin baş verəcəyi gözlənilir. Çünki bu ölkədə hakimiyyətin əhalinin sosial-iqtisadi vəziyyətini düzəltməyə nə maddi vəsaiti var, nə də iradəsi.
Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir ki, bu da 1,2 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Erməni mətbuatı müstəqil tədqiqatlara söykənərək bildirir ki, Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin getdikcə artacağı da gözəniləndir. Maraqlıdır ki, BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxarsaq, o zaman gerçək yoxsulluq həddinin 50 faizdən az olmayacağını görərik.
Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, durumun yaxşılaşdırılması üçün ən azı 16 il vaxt sərf edilməlidir. Erməni analitiklərin fikrincə, vəziyyətin bu halında hazırda ölkədə hər hansı iqtisadi inkişafdan belə söhbət gedə bilməz və bütün bunların məntiqi nəticəsidir ki, ölkədə yerli istehsal və ixracat demək olar ki, yox səviyyəsindədir. Hakimiyyətin kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları isə sadəcə deklarativ xarakter daşıyır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.