Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında neft-qaz kompleksinin müstəsna rolu vardır. Bu gün ölkənin neft-qaz kompleksinin qarşısında duran əsas vəzifə ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyasının reallaşdırılması nəticəsində qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda qarşıdakı dövrdə bu kompleksə daxil olan sahələrin müəyyənləşdirilmiş inkişaf istiqamətləri və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Qeyri-neft sənayesinin inkişafında, məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olmasının təmin edilməsi məqsədilə zəruri standartlaşdırma və sertifikatlaşdırma işləri aparılacaq, milli standartlaşdırma, sertifikatlaşdırma və akkreditasiya sistemlərində sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Onu da deyək ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulmuşdur.
Qeyri-neft sektorunda ölkəmizin daxili tələbatının ödənilməsi baxımından böyük potensialı olan metallurgiya sənayesini də xüsusi qeyd etmək lazımdır. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Belə ki, növbəti illərdə genişmiqyaslı tikinti layihələrinin həyata keçirilməsi (yeni neft-qaz kompleksinin yaradılması, yeni metro stansiyalarının tikintisi, I Avropa Olimpiya Oyunlarına hazırlıq və s.) və qeyri-neft sənayesinin genişlənməsi (yeni sənaye parklarının yaradılması) qara metallurgiya sənayesinin inkişafı üçün əsas şərtləndirici amillər olacaqdır. Hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.
Son illərdə qeyri-neft sənayesinin inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi baza və infrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerli və xarici investorlara bərabər şəraitin yaradılması üçün “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.
Sənayeyə göstərilən diqqətin nəticəsidir ki, sözügedən sahədə bu ilin altı ayı ərzində müsbət göstəricilər əldə edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sənayenin inkişafı ilə bağlı bəzi göstəricilərə nəzər salaq. Hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin emal bölməsində qida məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 60,3 faiz, geyim istehsalı 30,9 faiz, hazır metal məmulatların istehsalı 7 faiz, tikinti materiallarının istehsalı 16,8 faiz, elektrik avadanlıqları istehsalı 30,2 faiz, avtomobil və qoşquların istehsalı 38 faiz artmışdır. Qeyri-neft emal sənayesində 2,4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Ümumiyyətlə, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 3 dəfəyə yaxın artmışdır. Bundan başqa rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi də keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.
Xatırladaq ki, ölkə Prezidentinin 2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı təsdiq edilən Tədbirlər Planında sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz ifadəsini tapmışdır.
Ümumiyyətlə, 2014-cü ilin “Sənaye ili” elan edilməsində əsas məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev “Sənaye ili”ndə qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.
Xatırladaq ki, sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişdirir. Bunu dünyada sənaye inqilabının baş verdiyi ilk ölkə olan İngiltərənin timsalında da aydın görmək olar.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir ki, sənayenin inkişafı ilə bağlı texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq.
Prezident İlham Əliyev ölkəmizdə texnologiya parkları ilə yanaşı, sənaye klasterlərinin yaradılmasının vacibliyinə də diqqət çəkərək demişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.
Bəli, bu gün Azərbaycanda son illər klasterlərin yaradılması ən çox müzakirə olunan məsələlərdən biridir. Yəni ölkə sənayesində klasterlərin formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulmaqdadır. Klaster həm onu əhatə edən sahələrin bir-biri ilə əlaqələrini möhkəmləndirir, həm də həmin sahələrin inkişafına təkan verir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının, sənayenin inkişafında klasterlərin rolu danılmazdır. Belə ki, klaster müəyyən bir coğrafi ərazidə yerləşən, tamamlayıcı, ortaq xüsusiyyətlərə malik müəssisələrin və əlaqəli institutların toplusudur. Daha dəqiq desək, son məhsul istehsal edən müəssisələr, təchizatçı firmalar, əlaqədar xidmət sahələri, elmi-tədqiqat institutları və digər qurumlar adətən klasteri təşkil edən əsas subyektlər hesab olunur.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əsas strateji məqsədlərdən biri ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilən sənayenin inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsidir. Bunun üçün bölgələrdə sənaye texnoparklarının yaradılmasının stimullaşdırılması nəzərdə tutulur. Məsələn, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri və digər texnoparkların təşkili istiqamətində iş aparılır. Çünki Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradır. Mingəçevirdə müasir tipli sənaye kompleksinin yaradılması da planlaşdırılır. Bir sözlə, yerli xammala əsaslanan yüngül və yeyinti sənayesi obyektlərinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması, həmçinin yeni müəssisələrin yaradılması istiqamətində ölkənin bütün bölgələrində tədbirlər həyata keçiriləcəkdir.
Bir müddət bundan əvvəl Prezident İlham Əliyev Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsində demişdir: 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir...”.
Dövlət başçımız yuxarıda adı çəkilən müsahibəsində həmçinin vurğulamışdır ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.