İstəyirəm ki, Azərbaycanın qədim paytaxtı, nizamilərin, nüşabələrin Bərdəsi qısa müddətdə müasir tipli şəhərə çevrilsin.
Heydər ƏLİYEV
Ümummilli lider
Bərdənin Azərbaycanda xüsusi yeri vardır.
Bərdə Azərbaycanın qədim şəhəridir, Qarabağımızın mərkəzidir. Bu gün də Bərdə sürətlə inkişaf edir. Bu qədim torpağın Azərbaycan üçün dəyəri artır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
* 2003 – 2013-cü illərdə Bərdədə ümumi məhsul buraxılışının həcmi 5,1 dəfə artaraq 64,4 milyon manatdan 329,8 milyon manata çatmışdır.
* Son 10 ildə sənaye istehsalı 4 dəfədən çox, kənd təsərrüfatı məhsulu 3 dəfə, rabitə və nəqliyyat xidməti 2 dəfə, əmtəə dövriyyəsi 8 dəfə artmışdır.
* Rayonda bu müddətdə aparılan tikinti işlərinin həcmi 29 dəfədən çox artaraq 121 milyon manatı ötmüşdür.
* Əhalinin pul gəlirləri 10 ildə 7, orta aylıq əmək haqqı 9 dəfə artaraq 250 manata çatmışdır.
* 2003–2013-cü illərdə 10792-si daimi olmaqla 21,2 mindən çox yeni iş yerləri yaradılmışdır.
Şirvanla Qarabağı ayıran Kürü və birləşdirən körpünü keçən kimi təkcə son illərdə Yevlax şəhərinin buradan başlayan abadlığı, yaraşığı deyil, həm də təbiətin özünün fərqliliyi diqqəti cəlb edir. Bəli, Qarabağ buradan başlayır və dərhal havasının, suyunun, torpağının insana xoş təsiri aydınca duyulur. Hava burada nisbətən sərin, sular daha dadlı, torpaq isə bərəkətlidir. Ağacların, otların rəngi bu yerlərdə bir az da yaşıl, görkəmləri daha şuxdur.
Təxminən, bir kilometr irəliləyib “dördyol” deyilən yerdən sola burulub Bərdəyə doğru yan alırıq. Son illər yenidən çəkilmiş rahat, enli yolla 15-20 dəqiqəyə qədim Bərdə şəhərinin girəcəyinə çatırıq. Günəsdən istilik, sudan sərinlik əmib bol el ruzisinə çevrilən yamyaşıl əkinlərin yaratdığı xoş duyğularla buradakı yolqovuşanı ağuşuna almış “Qala kompleksi” ilə tanış oluruq.
3 min ilin Bərdəsinin şərəfinə yaradılan bu əzəmətli memarlıq kompleksi şəhərin uzaq, tarixdə silinməz izləri qalan dünəni ilə yeni intibahını yaradan bu günü arasında rəmzi körpü kimi diqqəti cəlb edir. İstər-istəməz sevimli şairimiz Fikrət Qocanın illər bundan əvvəl yazdığı, hər yada düşəndə duyğularımıza qanad taxan misraları yada düşür:
Eramızdan o tayda,
Nizamidən bəridə.
Bəlkə, qədim Bərdənin
Əksi qalıb göylərdə...
Salam, ay qoca Bərdə!
Şairin qədim Bərdənin əksini xəyalən göylərdə tapmaq istəyini başa düşsək də, biz onun mövcuddluğunu qoruyub saxlayan, tarixdən gələn təcrübəsinə sahiblik edən, dünəni ilə bu gününün cövhərini qurub-yaratmaq enerjisinə çevirən insanlarına üz tuturuq...
Saat 11 radələri olsa da, Bərdə Rayon İcra Hakimiyyətində başçının köməkçisindən başqa heç kəsi tapa bilmədik. Hamı yerlərdə iş üstündə idi. RİH başçısının sorağını isə yeni salınan, əslində, işlərin tamamlanmaqda olduğu Heydər Əliyev park-bulvarından aldıq.
Tərtərin sağ sahili boyunca uzanan parkın klasik üslubda ucaldılmış giriş tağını keçib içəri daxil olanda çoxdan tanıdığımız qocaman təsərrüfat rəhbəri, indi isə Rayon Ağsaqqallar Şurasının sədri Həsən Həsənovla görüsdük. Hal-əhvaldan sonra veteran bildirdi:
— İndi rayonumuzun nəbzi burada döyünür. Hər kəs bu nəhəng obyektdə işlərin başa çatmasına nəsə bir töhfə vermək istəyir. Mən də gəldim ki, cavanlara “yorulmayasınız”-deyim. Bax odur başçımız Vidadi İsayevlə bir yerdədirlər. Möcüzə yaradırlar: yayın bu istisində əkdikləri ağacın biri də yayınmır. Bu, əsl möcüzədir. Ən böyük möcüzə isə qısa müddətdə belə bir nənəng parkın, axar-baxarın yaradılmasıdır.
Başçımız hamıya nümunədir. Əslində, parkım memarı da, baş iş içraçısı da onun özüdür. Misli görünməmiş bu quruculuğun müəllifi və hamisi isə Prezidentimiz İlham Əliyevdir. O hər yerdə işbilən adamları iş başına gətirib. Ölkədə, xüsusən, regionlarda əsl quruculuq bəhsləşməsi gedir. Bizim tərəflərdə Gəncədə, Yevlaxda görülən işlər dildə-ağızda gəzir. Başçımız Vidadi İsayev də gecəli-gündüzlü çalışır ki, Bərdə də bu bəhsləşmədə özünə layiq yer tutsun, irəlidə getsin.
Parkın hündür nöqtəsinə çatıb başçını yaşıllıq qatı salan işçilərlə bir yerdə gördük. Vidadi İsayev qısa söhbətdən sonra Rayon İcra Hakimiyyəti tikinti və memarllq şöbəsinin müdiri Rəşid Süleymanova bizi parkda görülən işlərlə ətraflı tanış etməyi tapşırdı. Söhbəti axşamtərəfi RİH binasında davam etdirməyimizin münasib olduğunu söylədi. Özü isə ayrı-ayrı yerlərdə aparılan tamamlama işlərinə nəzarəti davam etdirdi.
Rəşid müəllim bizi yeni parkla yerli- yataqlı tanış etdi:
– 36 hektarı əhatə edən Heydər Əliyev park-bulvarının salınması üçün Tərtər çayının yatağı boyunca illərdən bəri bərbad vəziyyətə düşmüş 54 min kvadratmetr dərin çala-çuxurlu ərazi doldurulmuş, mərkəzi hissə xeyli qaldırılmışdır. Bütovlükdə, əraziyə memarlıq işləri aparılmasına hazırlıq üçün 172 min kubmetr torpaq tökülmüş, 14 min kubmetr ballast qatı verilmiş, 14 min kubmetr qum-çınqıl əsas düzəldilmişdir. Parkın kənarına 1880 kvadratmetr dekorativ hasar çəkilmiş, 3800 kvadratmetr divar aqlayla, 1210 kvadratmetr qranititlə üzlənmişdir. 57 min kvadratmetr əraziyə tamet, 1150 kvadratmetr sahəyə qranit döşənmişdir. 2,4 kilometr beton və 1460 metr qranit səki daşları düzülmüşdür. Parkın hissə-hissə yüksələn mərkəzi hissəsini təntənəli şəkildə ətrafla əlaqələndirən pilləkanlara 62 kubmetr beton işlədilmiş, 600 kvadratmetr qranit üzlük çəkilmişdir. Ərazinin suvarılması üçün 27,6 kilometr boru xətti, işıqlandırılması üçün isə 4,4 min metr kabel çəkilmiş, 206 yaraşıqlı işıq dirəyi quraşdırılmışdır. 3200 kvadratmetr sahə asfaltlaşdırılmışdır.
Park-bulvarda əzəmətli giriş qapısı yaradılmışdır. Hər tərəfdən pilləvari ucalan guşələr mərkəzdə təntənə ilə qovuşur. Bu hündürlükdə ümummilli lider Heydər Əliyeviv nəhəng abidəsi ehtişamla ucalacaq.
Parkla tanış olub gördük ki, orijinal bədii tərtibatlar, mürəkkəb relyefə uyğun və bir-birinə qovuşan hovuzlar, rəngarəng istirahət guşələri axar-baxarlı bir mənzərə yaradır. Dağlardan gətilmiş assimmetrik vulkanik daşlar, qədim qoç heykəlcikləri, müxtəlif ölçülü qədim küplər, bədii cəhətdən işlənmiş quru ağac gövdələri memarlığın təbii, tarixi elementlərini çağdaş tərtibatlarla üzvi surətdə qovuşdurur.
6 iri fəvvarə, 2 süni göl əraziyə qeyri-adi gözəllik, ruha dinclik, cana sərinlik gətirir. Qədim Tuqay meşəsindən qalma nadir ağaclar, rəngarənc fidanlar, müxtəlif kollar, min bir rənglə təbbəssüm saçan gül-çiçək guşələri, yaşıl xalıya bənzər çəmənliklər təbii mənzərənin bolluğu ilə gözü-könlü sevindirir. Parkın ümumi ansamblında seçilən və zəngin görüntü yaradan çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina geniş ərazinin müxtəlif yerlərində boşluğu doldurur, bir-birini tamamlayır, obyektin çoxfuksiyalılığını təmin edir.
Tərtər çayının tarixi yatağında qalmış qədim körpünü seyr etmək üçün asma körpü misilsiz bir mənzərə yaradır, bura gələnləri füsunkarlığı ilə heyran qoyur. Körpünün ətrafında muzey yaradılacaq. Parka fasiləsiz elektrik enerjisi vermək üçün ayrıca transformator binası tikilmiş, daimi və bol su üçün artezian quyusu vurulmuş, istirahətə gələnlər üşün avtodayanacaq salınmışdır.
Park-bulvarın Tərtər çayının sel-sularından qorunması, həmçinin çayın yatağındakı tarixi körpünün qorunması üçün sahilbərkitmə işləri aparılmışdır. Körpünün ətrafında 236 metr uzunluqda istinad divarları tikilmiş, 2 sudüşürən, uzunluğu 30 metr olan piyada körpüsü inşa edilmişdir. Bu istiqamətdə işlərin genişləndirilməsi üçün tədbirlər görülür.
Bunlarla yanaşı, park-bulvardan şəhərin ümumi görünüşünü yaxşılaşdırması üçün Tərtər çayının sağ sahilində süni təpə massivi yaradılmış, ərazi abadlaşdırılmışdır.
Vədələşdiyimiz kimi, axşamtərəfi RİH başçısı Vidadi İsayevlə onun kabinetində görüşdük. Son 10 ili əhatə edən I və II regional inkişaf proqramlarının uğurla həyata keçirilməsindən konkret fakt və rəqəmlərlə söz açan başçı bildirdi:
– Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə gerçəkləşdirilən bu dövlət proqramları Bərdənin yaşayış məntəqələrinin simasını əsaslı surətdə dəyişmiş, iqtisadi potensial müasirləşdirmiş və gücləndirmiş, sosial sferanın bir sıra problemlərini həll etmiş, əhalinin güzəranını xeyli yüksəltmişdir. Bunu ümumi rəqəmlər ifadəli şəkildə əks etdirir.
Gəlin diqqət yetirək:
2003 – 2013-cü illərdə Bərdədə ümumi məhsul buraxılışının həcmi 5,1 dəfə artaraq 64,4 milyon manatdan 329,8 milyon manata çatmışdır. Son 10 ildə sənaye istesalı 4 dəfədən çox, kənd təsərrüfatı məhsulu 3 dəfə, rabitəvə və nəqliyyat xidməti 2 dəfə, əmtəə dövriyyəsi 8 dəfə artmışdır. Rayonda bu müddətdə aparılan tikinti işlərinin həcmi 29 dəfədən çox artaraq 121 milyon manatı ötmüşdür. Əhalinin pul gəlirləri 10 ildə 7, orta aylıq əmək haqqı 9 dəfə artaraq 250 manata çatmışdır. 2003-2013-cü illərdə 10792-si daimi olmaqla 21,2 mindən çox yeni iş yerləri açılmışdır.
Bərdə şəhərinin mərkəzi medanında əzəmətli Heydər Əliyev Mərkəzi yaradılmış, ümummilli liderin abidəsi ucaldılmışdır. Ulu öndərin adını daşıyan və şəhərin baş xətti olan Heydər Əliyev prospekti başdan-başa yenidən qurulmuş, bir sıra memarlıq nümunələri ilə Bərdəyə müasir və təntənəli bir görkəm gətirmişdir. Olimpiya idman kompleksi, üzgüçülük hovuzu, Uşaq xəstəxanasının 60 çarpayılıq korpusu, Müalicə diaqnostika mərkəzi, Rəsm qalereyası, İstirahət parkı, Bayraq meydanı, Qəhrəmanlar parkı, Mərkəzi meydan, Nüşabə parkı, Uşaq incəsənət məktəbi indi bərdəlilərin öyüncünə çevrilən ünvanlardır. Bərdə şəhərinin Bakı, Koroğlu, H.Aslanov, M.Ə.Sabir, A.Əhmədov, İ.Qayıbov, Nüşabə küçələri də tarixilik saxlanılmaqla, müasir memarlıq üslubunda yenidən qurulmuş və asfaltlaşdırılmışdır. Bütövlükdə, rayonda 2,5 milyondan artıq ağac və gül əkilmişdir.
Seyid Yusif Ağa ziyarətgahı, “Aqrolizinq”in laqistik bazası, Biolabaratoriya, Sahə baytarlıq məntəqəsi, YAP rayon təşkilatının, DSMF-nin rayon şöbəsinin, Qaz istismar, Baytarlıq, Sukanal və maliyyə idarələrinin, Təhsil şöbəsinin, Regional pasport qeydiyatı və miqrasiya xidmətinin inzibati binaları, Vergilər Nazirliyinin terminalı, Daxili Qoşunların şəxsi heyəti üçün bina, Kətəlparaq kəndində qazpaylayıcı stansiya da son illərdə tikilmiş obyektlərdir.
Ötən illərdə yeni istehsal sahələri olan süd və süd məhsulları emalı, çörək, pambıqtəmizləmə zavodları, soyuduculu ətkəsmə müəssisəsi, 2000 başlıq ətlik, 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri, tutumu 10 min və 10,5 min ton olan 2 soyuducu ambar istifadəyə verilmişdir. 5640 şagird yerlik 14 ümumtəhsil məktəbi və 2000 şagird yerlik 10 yeni korpus, 6 kənd həkim məntəqəsi, Qarabağ əlilləri və şəhid ailələri üçün 60 mənzilli 2 kommunal bina və 17 fərdi ev, 13 mənzilli yaşayış binası, məcburi köçkünlər üçün Təhlə kəndində 195 ailə üçün fərdi, Həsənqaya kəndində 866 ailəlik kommunal məhəllə bu müddətdə istiradəyə verilmişdir.
Yol-nəqliyyat kommunikasiyalarının təzələnməsi, genişləndirilməsi, əhalinin su, elektrik enerjisi və qazla normal təchizatı dövlət proqramlarında, ölkə başçısının Bərdəyə səfərlərdən sonra imzaladığı sərəncamlarda xüsusi diqqət yetirilən zəruri məsələlərdən olmuşdur. Avtovağzal, Tərtər çayı üzərində uzunluğu 56 metr olan piyada körpüsü, 24 min nəfər əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 kilometrlik Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı yolu, Qəhrəmanlı-Nağılar-Seyid Yusifli yolunun 6,3 kilometri çəkilib qurtarmışdır. Rayon mərkəzində və 10 kənddə elektrik şəbəkəsi yenidən qurulmuşdur. Bərdə şəhəri və 59 yaşayış məntəqəsi tam qazlaşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmış, kəndlərarası və daxili yollar təmir edilmişdir.
Vaxtilə tikilmiş Qarabağ pambıqtəmizləmə və Bərdə çörək zavodları rekonstruksiya edilərək müasir texnologiya ilə təchiz edilmişdir. Mehmanxana, 1 uşaq bağçası, Ağ ciyər xəstəlikləri xəstəxanası, Doğum evi, Mərkəzi xəstəxananın 2 korpusu, Mərkəzi poçtamt, Şahmat məktəbi və Tarix-diyarşünaslıq muzeyi, Elektrik şəbəkəsinin və Statistika idarəsinin inzibati binaları da əsaslı təmir edilmişdir.
Rayonda təbii-texnogen proseslərdən müdafiə üçün tədbirlər görülmüş, Tərtər çayının daşqınlardan illər boyu dağılıb enlənmiş hövzəsində zəruri sahilbərkitmə işləri aparılmış, sel sularının axıdılması üçün tədbirlər görülmüşdür. Tərtərin şəhərin içərisindən keçən hissəsinin zaman-zaman bərbad vəziyyətə düşmüş sağ və sol sahillərində yaradılmış Qəhrəmanlar parkı və Heydər Əliyev park-bulvarı, özünüz də gördünüz ki, Bərdədən daha böyük şəhərlərə layiq memarlıq nümunələri, şəhərin ümumi çəkisini artıran istirahət zonalarıdır.
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı məhsulları istehsalında tarla – süfrə kompleksinin təmin edilməsi üçün son illərdə tədbirlər görülmüşdür. “Aqrolizinq” ASC-nin rayon “Aqrotexsevis” xidmətləri təşkil edilmiş, çox sayda cins heyvanlar alınmış, süni mayalama işləri təşkil edilmişdir.
İlin əvvəlindən həyata keçirilmiş tədbirlərdən də danışan Vidadi İsayev bildirdi ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli kommunal yaşayış binası, Uşaq musiqi məktəbi artıq istifadəyə verilmişdir. Hazırda yem zavodu, 780 şagird yerlik 3 ümumtəhsil məktəbi, Dövlət Əmlak Komitəsinin ərazi idarəsinin inzibati binası, Mədəniyyət və Gənclər mərkəzləri sürətlə tikilir. “Bərdə” türbəsi, 2780 yerlik 3 ümumtəhsil məktəbi əsaslı təmir və bərpa olunur. Mərkəzi elektrik yarmstansiyası yenidən qurulur, kəndlərin qazlaşdırılması davam etdirilir.
Başçı daha sonra dedi:
– Gördüyünüz kimi, nəhəng və ölkədə bənzəri olmayan Heydər Əliyev park-bulvarı bugünümüzün baş obyekti kimi bərdəlilərin bütün daxili imkanlarını, həvəs və səylərini səfərbər etməklə onların nəyə qadir olduğunu bir daha sübuta yetirir, İnşallah, parkda işlər tezliklə başa çatacaq, ən hündür yerdə Azərbaycanı indiki uğurlar yoluna çıxarmış, xalqımızı əbədi səadətə qovuşdurmuş ümummilli lider Heydər Əliyevin ərazinin tacına çevriləcək abidəsi ucaldılacaq.
Dövlət başçısı İlham Əliyev bu vaxtadək 6 dəfə Bərdədə olmuş, burada aparılan sosial-iqtisadi layihələrə güclü dövlət dəstəyini təmin etmiş, genişmiqyaslı quruculuğu yüksək qiymətləndirməklə, adamları yeni fəaliyyətə ruhlandırmaqla bizə dağı-dağ üstə qoymaq gücü vermişdir. Təsadüfi deyil ki, Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə ölkə Prezidenti 4 ayrıca sərəncam imzalamışdır.
Möhtərəm İlham Əliyev hər gəlişində əhalinin arzu və ehtiyacları ilə də yaxından tanış olmuş, bir çox obyektlərin təməl qoyulmasında və açılışında şəxsən iştirak etmişdir. Ölkə rəhbərinin növbəti səfərini səbirsizliklə gözləyirik. Onun hər gəlişi kimi, növbəti səfəri də Bərdənin ümumi inkişafına yeni təkan olacaq.
Bərdənin təşəbbüskar, enerjili adamları şəxsi nümunəsi ilə irimiqyaslı quruculuğa səfərbər etməyi bacaran, qəlbində qurub-yaratmaq həvəsi gündən-günə artan rəhbəri Vidadi İsayevə yeni uğurlar arzumaqla söhbəti bitirib xudahafisləşdik.
Mərkəzi meydana düşəndə qədd-qamətli xan çinarların sırasının sərin kölgə saldığı Heydər Əliyev prospektində adamların axın- axın axşam gəzintisinə çıxdıqlarını gördük. Gün ərzində qızmar günəş altında yorulmadan işləyib doğma şəhərlərini gözəlləşdirən, çatışmazlıqları aradan qaldıran, bolluq yaradan bu adamlar indi ailələkcə dincəlir, zəhmətlərindən zövq-səfa alırdılar...
Daha xoş günlər nəsibiniz olsun, qəhrəman bərdəlilər!
Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
Bərdə – Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.