Kürəyini yamyaşıl dağlara söykəyib, ayağını Xəzərin ləpələrində yuyan “cənub mirvarisi” Lənkəran indilər daha da cazibədar görünür. Yay Günəşi sularda, aynabəndlərdə bərq vurur, dağlardan əsən sərin meh havanı ətirləndirir. Lənkərana dincəlməyə, təbiətlə candaş olmağa gələnlərin sayı-hesabı bilinmir. Yüksək zövqlə yaradılmış müasir istirahət mərkəzləri turistlərlə doludur. Bu qədim diyar cənub bölgəsinin şəriksiz tarixi, mədəni, elmi mərkəzi, mayakıdır. Elə müsafirləri cəlb edən də bu amillərdir.
Son illərdə Lənkəranda abadlıq yürüşü güclü sıçrayışlarla davam edir. Şəhər rəhbərliyi də, müvafiq qurumların işinə cavabdeh olanlar da, adi vətəndaşlar da bu gözəlliyi qorumaq və artırmaq üçün ciddi səylər göstərirlər. Bu günlərdə ŞİH başçısı yanında keçirilən şura iclasında diqqət məhz tərəqqi meyillərinə yönəldilmişdir.
İcra başçısının birinci müavini İlqar Dadaşov gündəlikdə duran məsələni iştirakçıların nəzərinə çatdırdıqdan sonra “2014-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzə etdi.
Məruzəçi bildirdi ki, ölkə üzrə olduğu kimi, Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf artan templə davam etmişdir. Altı ay ərzində rayonda ümumi məhsul buraxılışı 3,8 faiz artaraq 144,7 milyon manat olmuşdur. Sənayedə 9,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul buraxılmışdır. Qeyri-dövlət sənaye sektorunda istehsal ümumi həcmin 66,8 faizi qədərdir.
Aqrar sahədə də uğurlar davam etdirilmişdir. 29,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki dövrə nisbətən 6 faiz çoxdur. Sahibkarlığın inkişafı sayəsində sənayedə istehsalın həcminin 66,8 faizi, aqrar bölmədə 99 faizi və pullu xidmətlərin 77,4 faizi özəl bölmənin payına düşür. Altı ay ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 964 min 500 manat güzəştli kredit verilmişdir.
Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, beynəlxalq hava limanı yolunda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağlayla üzlənmiş, səkilərə tamet və yan daşları düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, burada dekorativ ağac və gül kolları əkilmişdir. Qəhrəmanın büstü yenidən mərmər üzlüklə işlənmişdir. Xocalı soyqırımı abidə-kompleksinin arxasındakı guşə yenilənmiş, abidə ətrafına qranit döşənmişdir. Şəhərdə bu yöndə işlər davam edir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsinin abadlaşdırılması həyata keçirilir. Bundan başqa, altı ayda icra hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına şəhərdaxili küçələrdə 25000 kvadratmetr yol əsaslı təmir edilmiş, Darquba, Boladi kəndlərində və Liman şəhərində, ümumilikdə, 7750 kvadratmetr yola asfalt döşənmişdir.
Rayonda müvəqqəti məckunlaşmış 70 məcburi köçkün ailəsinin sosial problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır, onların müraciətlərinə həssaslıqla yanaşılır.
Birinci yarımildə rayonda 1325 yeni iş yeri açılmışdır ki, onların da böyük əksəriyyəti daimi xarakterlidir.
Əhalinin elektrik enerjisi və təbii qazla normal təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi üzrə də zəruri tədbirlər həyata keçirilmişdir.
Abonentlərin sayı 3103 nəfər olan 6 kənd yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 54 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir. Rayonun Tükəvilə-Diryan-Gəgiran, Hirkan-Daşdatük-Biləsər avtomobil yollarında və Daşdatük kəndi ərazisində Bəşəruçayın üzərində yeni körpülər salınmışdır.
İlqar Dadaşov hesabat məruzəsində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işləri barədə də məlumat verdi, nailiyyətləri göstərməklə bərabər, bəzi nöqsanları da diqqətə çatdırdı.
Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli beşulduzlu otel-kottec kompleksinin tikintisi davam etdirilir.
Məruzəçi qeyd etdi ki, müasirliyi ilə seçilən Lənkəran Gənclər Mərkəzinə gələnlərin burada təkcə asudə vaxtları xoş keçmir, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Rayon gənclərinin hərbi xidmətə yola salınması da Lənkəranda bir qayda kimi təntənəli şəkildə təşkil olunur.
Birinci yarımildə şəhər icra hakimiyyəti başçısı yanında şuranın 12 iclası keçirilmişdir. İclaslarda 15 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Altı ayda şəhər icra hakimiyyəti başçısının 24 qəbulu təşkil olunmuş və 709 vətəndaş dinlənilmişdir. Həmin dövrdə icra başçısı ayrı-ayrı yaşayış yerlərində 22 səyyar qəbul-görüş keçirmişdir. Görüşlərdə 8060 nəfər iştirak etmişdir. Hər kəsin danışması, fikirlərini açıq söyləməsi üçün hərtərəfli şəraitin yaradıldığı birbaşa ünsiyyət tədbirlərində vətəndaşlar tərəfindən 235 məsələ qaldırılmışdır. Yerindəcə həlli mümkün olan məsələlər dərhal çözülmüş, qalan məsələlər tədbir görülməsi üçün nəzarətə götürülmüşdür.
Məlum olduğu kimi, 2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən “Sənaye ili” elan edilmişdir. Bununla əlaqədar Lənkəran sahibkarları və iş adamlarına rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılması tövsiyə edilmişdir. Artıq şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilmiş, digər çörək zavodunun və “Lənkəran mexanikləşdirmə” MMC-də yeni istehsalat sexlərinin tikilməsinə başlanılmışdır. İstehsal müəssisələri fəaliyyətə başladıqdan sonra burada 380 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Məruzə ətrafında müzakirələrdə Lənkəran şəhəri üzrə maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev, ŞİH başçısının şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və çörək zavodunun direktoru Fikrət Xəlifəli iştirak etdilər. Onlar ilin 6 ayında öz sahələrində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
Şura iclasının yekununda növbəti yarımildə qarşıda duran vəzifələri uğurla icra etməkdən, mövcud nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verildi.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.