Azərbaycan investisiya ixracatçısına çevrilmişdir

Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması, təbii ki, ölkənin xarici ticarətində də müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir.

Son 10 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır.

Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir.

Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.

Xatırladaq ki, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.

Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır.

Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır.

Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşdur.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.

Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bildirdiyinə görə,  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, ticarət və investisiya fəaliyyəti sahəsində başlıca vəzifə məhsullarımızın yeni bazarlara çıxışını təmin etməkdən, dost ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur.

Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir.

Dövlət başçısı tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmizin 44 faizi, yəni, 15,3 milyard dolları bu ölkələrin payına düşmüşdür. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşmüşdür.

Bununla yanaşı, Yaxın Şərq, Asiya, Amerika ölkələri ilə də əməkdaşlıq genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Beynəlxalq maliyyə institutları ilə də fəal əməkdaşlıq münasibətləri yaradılmışdır. Hazırda 14 beynəlxalq maliyyə institutu ilə nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələrdə ümumi dəyəri 7,2 milyard dollar olan 41 layihə icra olunur.

Ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35 faizə, Asiya İnkişaf Bankının payı 16 faizə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10 faizə, İslam İnkişaf Bankının payı isə 6 faizə bərabərdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ötən il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzvolma proseduru yekunlaşmış, Avropa İnvestisiya Bankı ilə çərçivə sazişi imzalanmışdır.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında