Ölkəmizin sürətlə inkişaf edən, gözəlləşən rayonlarından biri də Cəlilabaddır. Dövlət qayğısı sayəsində burada sosial-iqtisadi tərəqqi dinamikası artmış, əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş tərkibdə iclasında bu məsələ ətraflı müzakirə olunmuş və yaxın perspektivdə görüləsi işlər nəzərdən keçirilmişdir.
İcra başçısı Əziz Əzizov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” geniş məruzə etdi və diqqəti Cəlilabadda görülən işlərə yönəltdi. Məruzəçi bildirdi ki, 2014-cü ilin birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə də öndə olmuşdur. Birinci yarımildə rayonun iqtisadiyyatında da müsbət meyllər müşahidə edilmişdir. İcra hakimiyyəti “Azərbaycan Respubliksı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Birinci yarımildə də əvvəlki illərin müsbət ənənələri davam etdirilərək tikinti-abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilmişdir.
Hazırda Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində ulu öndərin abidəsinin ucaldılacağı Heydər Əliyev parkı, mədəniyyət mərkəzi, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəbləri, Muğan kəndində 2 min tonluq soyuducu kamera, Cəlilabad şəhər məscidində mərasim evi tikilir, Cəlilabad Tibb Kollecinin binası əsaslı təmir olunur. Bundan başqa, Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar və Qarazəncir kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 15 kilometr olan 34 min kvadratmetrlik hasarlar yenidən qurulur, vətəndaşlara məxsus 400-dən çox darvaza müasir görkəmdə olanlarla əvəz edilir. Cəlilabad şəhərində 3 körpələr evi-uşaq bağçasının, Kövüzbulaq kəndində 360, İncilli kəndində isə 100 şagird yerlik məktəblərin tikintisinə başlanılmışdır. Bundan başqa, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üzrə 4 istiqamətdə iş aparılır. Altı ay ərzində 50 kilometr kanalizasiya, 34,5 kilometr su xətti, o cümlədən 1,5 kilometr magistral su xətti çəkilmişdir. Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilir. Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, 6 iri yaşayış məntəqəsini əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yollarının tikintisi davam etdirilir. Yaxın günlərdə Alar-Günəşli avtomobil yolunun yenidən qurulmasına başlanılacaq. Bundan başqa, əhalini ən çox narahat edən Kazımabad-Göytəpə-Komanlı-Həziabad, Muğan-Maşlıq-Söyüdlü, Xanəgah-Mikayıllı və Təklə-Bayxanlı avtomobil yollarının tikintisi də nəzərdə tutulmuşdur.
Rayon üzrə 70591 hektar taxıl sahəsinin biçini qısa müddətdə və minimal itki ilə başa çatdırılmış, 95,7 min ton taxıl istehsal olunmuşdur. Rayon qərargahı kombaynların optimal dislokasiyasını və taxılın yetişmə vaxtına uyğun olaraq kəndlərarası hərəkətini operativ şəkildə təşkil etmişdir. Biçin kampaniyası dövründə heç bir yanğın hadisəsinə yol verilməmişdir. Bundan başqa, kənd əməkçiləri tərəfindən 68,5 min ton kartof, 1,4 min ton tərəvəz, 343 ton bostan məhsulları, 423 ton meyvə, 9,2 ton ət, 51,1 ton süd və 15 milyon 314 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur. Birinci yarımildə kənd təsərrüfatı məhsullarının artırılması üçün istehsalçılara güzəştli şərtlərlə 1321 ton azot, 6 ton amofos və 60 ton kalium gübrəsi satılmışdır. Rayon üzrə 10310 hektar suvarılan sahələrin 13,6 faizini əkin torpaqları təşkil edir. Birinci yarımildə 248,6 min kubmetr kanal lildən təmizlənmiş, 14073 hektar əkin sahəsi suvarılmışdır.
İlin birinci yarısında tikinti-quruculuq işlərinin genişləndirilməsi, sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına stimul olmuşdur. Bunun nəticəsidir ki, 466 yeni, o cümlədən 145 daimi iş yeri açılmışdır. İlin ötən dövründə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 9192 nəfərə 22 milyon 527 min manat, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 27 nəfərə 305 min manat kredit verilmişdir. Hesabat dövründə büdcənin yerli gəlirləri 102,8 faiz icra olunmuş, büdcədən 13 milyon 592 min manat vəsait xərclənmişdir. Rayon maliyyə idarəsi maliyyə vəsaitlərinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirmiş, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqət mərkəzində saxlamışdır. DSMF rayon şöbəsi məcburi dövlət sosial sığorta haqlarından yayınma hallarının aradan qaldırılması, sığortaolunanların sığorta stajlarının fərdi şəxsi hesablarına işlənməsi üçün davamlı tədbirlər həyata keçirmişdir. Bütün bunların nəticəsində pensiyaçılara 22,5 milyon manat və ya ötən ilin eyni dövrünə nisbətən 3,2 milyon manat çox vəsait ödənilmişdir. İşləyən sığortaolunanlara məcburi dövlət sığorta haqları hesabına 35,9 min manat müavinət ödənilmişdir ki, bu da keçən ilin birinci yarısındakından 3,1 min manat çoxdur. Aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin yüksəldilməsi və sosial yardımların ünvanlılığının təmin edilməsi 2014-cü ilin birinci yarısında da davam etdirilmişdir. Rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 985 ailəyə və ya 4537 nəfərə ünvanlı sosial yardım təyin edilmiş, onlara 125 min 491 manat ünvanlı sosial yardım ödənilmişdir.
İlin əvvəlindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 10/4 kv-luq 25 yarımstansiya əsaslı təmir olunmuş, yararsız naqillər və dayaqlar dəyişdirilmiş, 6 transformator yenisi ilə əvəz edilmiş, Uzuntəpə kəndində TM-160/10 kva-lıq transformator yarımstansiyası qurulmuşdur. Rayon qaz istismarı sahəsi tərəfindən yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılmış, Cəlilabad şəhəri ilə Uzuntəpə kəndi arasındakı orta təzyiqli yeraltı qaz kəmərinin 3700 paqonmetri polietilen borularla əvəz edilmiş, Cəlilabad şəhərində 2700 metr yeni küçə xətti çəkilmiş, 110 ev təbii qazla təmin edilmiş, 241 abonentə yeni qaz sayğacı qoyulmuşdur.
Sadalanan rəqəmlər ilk baxışda quru və sxolastik təsir bağışlasa da, rayonda həyatın gözəlləşməsindən, əhalinin dolanacağının get-gedə daha da yaxşılaşmasından soraq verir. Başlıcası isə möhkəm inam yaranır ki, cəlilabadlılar cari ili bütövlükdə uğurla başa çatdırmaq üçün möhkəm zəmin yaratmışlar.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.