Biləsuvar: daha işıqlı sabahlara doğru

Son illərdə Biləsuvarda aparılan abadlıq-quruculuq işləri rayonun simasını tamamilə dəyişmiş, buranı ölkəmizin abad və yaraşıqlı diyarlarından birinə çevirmişdir. İlin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə konkret faktlar əsasında söhbət açılmış və perspektiv planlar müəyyənləşdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı  Mahir Quliyev ölkədə, o cümlədən Biləsuvarda gedən inkişaf proseslərini ətraflı şərh etmiş, sosialyönümlü iqtisadi siyasətin aspektlərini açıqlamışdır. O, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi, tərəqqi meyllərinin ilbəil artması ilə bağlı fikirlərini yığıncaq iştirakçıları ilə bölüşmüşdür.    

 İcra hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədovun yarımilliyin yekunlarına və qarşıda duran vəzifələrə dair məruzəsi maraqla dinlənilmişdir. O, bildirmişdir ki, son illərdə, eləcə də 2014-cü ilin birinci yarısında  nail olunmuş iqtisadi göstəricilər yüksək inkişafdan, möhtəşəm uğurlardan xəbər verir.

Birinci yarımildə Biləsuvarda yerli gəlirlər  7,6 milyon  manata qarşı 8,2 milyon manat  və ya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə  7,6 milyon manata qarşı 7,9  milyon manat  və ya 104  faiz icra edilmişdir. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi  116,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının, tikinti  və ticarətin payı daha çox olmuşdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat, orta aylıq əməkhaqqı isə 270  manat olmuşdur. “Sənaye ili” ilə əlaqədar rayonda bir sıra işlər görülmüşdür. Müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 58 sahibkarlıq subyektinə 600 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində  660  yeni iş yeri açılmışdır. 2014-cü ilin birinci yarımilində ailə üzvlərinin sayı 7712 nəfər olmaqla 1517 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 120 manat təşkil etmişdir.

Sonra rayon ərazisində aparılan tikinti-abadlıq işlərindən danışılmışdır. 1176 şagird yerlik Ağalıkənd kənd  və 220 şagird yerlik Amankənd kənd tam orta məktəbləri  tikilib istifadəyə verilmiş, 640 şagird yerlik Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta məktəbinin tikintilərində son tamamlama işləri aparılır. Biləsuvar rayon Toxumçuluq İdarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Dövlət Sosial Müdafiə Fondunun  rayon şöbəsinin inzibati  binasının, C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının, rayonun Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri və rayon mərkəzi xəstəxanasının əsaslı təmir işləri davam etdirilmişdir. Şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, hasarların tikintisi, kommersiya obyektlərinin  aqlay daşları ilə üzlənməsi, yan daşların düzülməsi, üzlük plitələrin döşənməsi və  işıqlandırma sisteminin quraşdırılması davam etdirilir.

Natiq bildirmişdir ki, Azərbaycan Prezidentinin 10 avqust  2013-cü il tarixli sərəncamı ilə  inşasına başlanılan və 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunda   torpaq yatağının, suötürücü qurğuların, yol əsasının və asfalt örtüyünün tikintisi başa çatdırılmışdır. Bundan başqa, cənab Prezidentin 7 sentyabr 2013-cü il tarixli digər sərəncamı ilə inşasına başlanan və 10 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən   6 kilometrlik Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda torpaq yatağı, yol əsası və suötürücü qurğuların tikintisi başa çatdırılmışdır, hazırda uzunluğu 81 metr olan körpüdə tikinti işləri davam etdirilir.

Əhalinin təbii qazla təmin edilməsində də nəzərəçarpan irəliləyiş var. Təkcə  bir il ərzində 4 kənd mavi yanacaqla  təmin olunmuş, ümumilikdə rayon üzrə 1 şəhər  və 18  kənd qazlaşdırılmışdır. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya    sisteminin tikintisi isə davam etdirilir.

 Aqrar sahədən danışarkən X.Məmmədov qeyd etmişdir ki, rayonun iqtisadiyyatının əsasını kənd  təsərrüfatı məhsulları istehsalından  gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Cari ilin birinci yarısında aqrar sahədə ümumi məhsul istehsalının həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 16,7  faiz çoxdur. 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 25697 hektar sahədə dənli bitkilər əkilmişdir ki, bunun 11050 hektarı buğda, 14647 hektarı isə arpadır.Yazlıq əkinlər üçün 18616 hektar əkin aparılmışdır.

Məruzəçi birinci yarımildə təhsil, səhiyyə və mədəniyyət sahələrində də uğurlu addımlar atıldığını bildirmiş, gənclərlə işin yaxşılaşdırılması, onların fəallıq və  təşəbbüskarlığının  artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Son illər rayonda 11 yeni məktəb tikilmiş  5 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunmuşdur. Açılışında  möhtərəm Prezidentimizin  iştirak etdiyi Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının   tapşırığına uyğun olaraq, ulu öndərin irsinə  həsr  olunan tarix dərsləri uğurla başa  çatmışdır.

Səhiyyə ocaqlarının maddi-texniki bazası ilbəil möhkəmlənir. Son illərdə rayonun 6  kəndində yeni səhiyyə ocaqları  tikilib  istifadəyə  verilmişdir. Cənab İlham Əliyevin “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı  tədbirlər  haqqında” 07 sentyabr 2013-cü il tarixli sərəncamı rayon əhalisi və tibb işçiləri tərəfindən  dərin razılıq hissi ilə qarşılanmışdır. Hazırda burada əsaslı  təmir işləri davam etdirilir.

Biləsuvar rayon su-kanal idarəsinin rəisi Sərxoş Səidov, ƏSMM-nin direktoru Xalid Rüstəmov, Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev və digərləri çalışdıqları   sahələr üzrə görülmüş işlər barədə  məlumat vermiş, problemlərin aradan qaldırılması yolları müzakirə olunmuşdur.

Sonra icra başçısı Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirmiş, ayrı-ayrı sahələr üzrə yaranan  problemlərin həlli  üzrə aidiyyəti şəxslərə tapşırıqlar vermişdir. O, belə bir əminlik ifadə etmişdir ki, biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, bundan sonra da sürətli tərəqqiyə layiqli töhfələr verəcəklər.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək respublikamızın bütün sahələrində gedən dinamik inkişafdan, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla həyata keçməsindən ətraflı danışmış, Biləsuvarda  aparılan tikinti, quruculuq və abadlıq işlərini yüksək qiymətləndirmişdir.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında