Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri tərəfindən hazırlanmış “İnsan inkişafı hesabatı-2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutmuşdur. Xatırladaq ki, bu qiymətləndirmədə ayrı-ayrı dövlətlərdə insanların yaşayışı səviyyəsi, orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınmışdır.
Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsvecrə, Niderland, ABŞ tutmuşdur. Bu sıralama 2013-cü ildəki insan inkişafı indeksi nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşmışdır. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.
Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15,725 dollar təşkil etdiyi bildirilir. Qeyd edək ki, BMT-nin “İnsan inkişafı indeksi hesabatı-2013"-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı..
“İnsan inkişafı hesabatı-2014”-də diqqətçəkən bu göstərici ölkəmizdə həyata keçirilən siyasi kursun mərkəzində insan amilinin dayanmasından xəbər verir. Başqa sözlə, bu, Azərbaycanda insanların sosial şəraitinin daha da yaxşılaşdırılması, insan kapitalının prioritet məsələ kimi önə çəkilməsi ilə bağlıdır. Faktlara diqqət yetirək. Ötən 10 ildə həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri 6 dəfədən çox artmışdır. Bu müddət ərzində sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər 9 dəfə, mülkiyyətdən gələn gəlirlər 45 dəfə, işçilərin əmək ödənişləri isə təxminən 7 dəfə yüksəlmişdir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enmişdir.
Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş vermişdir ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları, həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olmuşdur. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarmışdır.
Yeri gəlmişkən, orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan Qafqazda birinci yerdədir.Bu, onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata kecirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.
Ölkəmiz hazırda inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir. Bundan başqa, son on il ərzində milli büdcə 19 dəfə artmışdır.
Azərbaycanda aparılan uğurlu siyasətin məntiqli nəticəsi olaraq iqtisadiyyatın neftdən asılılığı dinamik şəkildə azalır. Belə ki, 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, ötən il bu rəqəm 32 milyard manat olmuşdur. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. Bu dinamikanın arxasında isə dövlət başçısı İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət durur. Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.
Hazırda Azərbaycanda 2014-cü il üçün yaşayış minimumu müvafiq qanunla ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyənləşdirilmişdir. Bundan başqa, ünvanlı dövlət sosial yardımının bu il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilmişdir.
Hazırda iqtisadiyyatın dinamik inkişafı, görünməmiş yüksəliş, tərəqqi Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Rəsmi proqnozlara görə, 2014-cü il də daxil olmaqla gələcək 4 il ücün Azərbaycan iqtisadiyyatının real artım tempi orta hesabla təxminən illik 5 faiz olacaq. Mütəxəssislərin fikrincə, qlobal böhranın hələ də davam etdiyini nəzərə alsaq, bu, cox pozitiv rəqəmdir və yaxın illərdə iqtisadi islahatların davam etdiriləcəyindən xəbər verir. Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda baş verən canlanma və diversifikasya meylləri proqnozlaşdırılan artımların reallaşacağına ümidləri daha da artırır.
Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağını proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manta qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da olkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.
Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri örta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda calışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsinə və gəlirlərinin artmasını təmin edəcək. Bü müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.
Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətədavamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha çox real iqtisadiyata söykənən büdcə formalaşacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.