Suraxanı rayonunda növbəti səyyar görüş

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bu ilin altı ayında  1333 nəfər sakinin  iştirakı ilə 19 səyyar görüş-qəbul keçirilmişdir. 

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü  Qaraçuxur qəsəbəsində 4048-ci məhəllədə 3, 10, 14 saylı binaların həyətində  keçirilmişdir. Görüşdə rayon rəhbəri məlumat vermişdir ki, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası  nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayon üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuş, onların 17-nin icrasına başlanılmış, başlanılan tədbirlər proqramın 31,5 faizini təşkil etmişdir. Dövlət Proqramına əsasən, bu dövr ərzində 850 metr yeni su borusu çəkilmiş, 27 ədəd siyirtmə dəyişdirilmiş, 7524 ədəd yeni su sayğacı quraşdırılmış, görülmüş tədbirlər nəticəsində 69,9 min abonentin 38 faizi 24 saat fasiləsiz su ilə təmin edilmişdir.

Rayonun elektrik enerjisi şəbəkəsində 3 kompleks transformator məntəqəsi quraşdırılmış, 8 məntəqədə güc transformatorları daha güclü transformatorlarla əvəzlənmiş, 3190 metr kabel xətti, 5140 metr naqil çəkilmiş, 0,4 kilovolt şəbəkənin SİP xətləri ilə qurulması işi davam etdirilmişdir. Qaz təchizatının yaxşılaşdırılması işləri də davam etdirilmiş, 597 metr yeni qaz xətti çəkilmiş, 825 ədəd “Smart-kart” tipli elektron qaz sayğacı quraşdırılmışdır.

Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Görüşdə 400-ə yaxın sakin və rayon icra hakimiyyəti  başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının,  xidmət sahələrinin rəhbərləri iştirak etmişlər. 

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişdir.

 

V. BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında