Cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil etmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər hesabına fermerlərin kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi dönüş yaradılmışdır. Belə ki, hesabat dövründə “Aqrolizinq” ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu avadanlıqları və digər texnikalar alınaraq istifadəyə verilmişdir. Bütün bunların nəticəsidir ki, dövlət başçısının birbaşa dəstəyi nəticəsində yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı, demək olar ki, yanğın hadisələrinə yol verilməmişdir. Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və “qaynar xətt” yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq aşağı düşmüşdür. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırığın əhəmiyyəti bu faktlardan sonra daha aktual xarakter almışdır.
Onu da qeyd edək ki, bu mövsümdə iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsizliyi ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən, buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olmuşdur. “FAO ərzaq qiyməti indeksinə”, eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır.
İyulun 21-nə olan məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) 2014-cü ilin məhsulu üçün biçiləcək 963255 hektar sahənin 931600 hektarı (96,7 faiz) biçilib. Əkin sahələrindən 2 milyon 129 min 497 ton taxıl istehsal olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, istehsal edilən taxılın 1422746 tonunu buğda təşkil edir. Ölkə üzrə hər hektar taxıl sahəsinin orta məhsuldarlığı isə 24 sentner olmuşdur.
Bu il Şəmkir taxılçıları yüksək məhsuldarlıq əldə etmişlər. Onlar 18 min 576 hektar sahədə taxıl əkən torpaq sahibləri bütün aqrotexniki tədbirləri vaxtında yerinə yetirərək sahələrdə bol məhsul yetişdirmişlər. Taxılçılar hər hektardan 33,3 sentner olmaqla 44 min 657 ton taxıl əldə etmişlər.
Ağstafa rayonunun təsərrüfatlarında isə taxıl biçini kampaniyası başa çatmışdır. Cari mövsümdə rayonda 9 min 592 hektar sahənin taxılı biçilmiş, 26 min 865 ton məhsul istehsal olunmuşdur. Tədarük edilmiş taxılın 22 min 221 tonu buğda, 4 min 644 tonu isə arpadır. Zəmilərdən orta hesabla hər hektardan 28 sentner məhsul götürülmüşdür.
Son illər Göyçay rayonunda fermerlər bitkiçiliyin inkişafına böyük maraq göstərirlər. Bu ilin məhsulu üçün rayonda 22 min 438 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilmişdir. Bu da ötən ildəkindən 1830 hektar çoxdur. Torpaq mülkiyyətçiləri 15 min 254 hektar sahədə taxıl becəriblər ki, bunun 8467 hektarını buğda, 6787 hektarını arpa təşkil edir.
Qazax rayonunda da taxıl biçini başa çatmışdır. 7 min 787 hektar sahədə biçin aparan sahibkarlar zəmilərdən 19 min 935 ton məhsul əldə etmişlər. Rayon üzrə hər hektardan orta məhsuldarlıq 25,6 sentner olmuşdur.
Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmışdır. Cari mövsümdə fermerlər 17 min 47 hektar taxıl sahəsindən 33 min 124 ton məhsul götürmüılər. Tədarük olunan taxılın 21 min 8 tonu buğda, 12 min 116 tonu arpadır.
Hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun aparılmasına başlanılmışdır. İndiyədək 2 min hektara yaxın sahə şumlanılmış və bu iş davam etdirilir. Hazırda qarğıdalı əkilmiş 548 hektar sahəyə aqrotexniki qulluq olunur, suvarma işləri aparılır. Taxıl səpini üçün toxum fondu yaradılır.
İyulun 21-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında (MR) 32 min 84 hektar sahənin taxılı biçilmişdir. Hazırda taxıl biçini davam edir. Zəmilərdə 91 kombayndan istifadə olunur. Taxılın məhsuldarlıq göstəricisi muxtar respublikanın şəhər və rayonları üzrə hər hektardan orta hesabla 20-31 sentner intervalında müşahidə olunmaqdadır. Taxıl biçinini itkiyə yol verilmədən mütəşəkkil qaydada başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri bəhrəsini verir.
Qeyd edək ki, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilmişdir. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Ötən illə müqayisədə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur. Muxtar respublikada 26274,1 hektarda buğda, 9475,6 hektarda isə arpa əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2008-ci ilin sentyabrın 17-də imzaladığı sərəncam ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilərək bir sıra uğurlu nəticələrə nail olunmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.