Suraxanı Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, bu ilin ötən altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Suraxanı rayonunda da yüksək templə davam etmişdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur.
İ. Abbasov bildirmişdir ki, hesabat dövründə rayon iqtisadiyyatında əsas yer tutan sənayenin dinamik inkişafına xüsusi önəm verilmişdir. Məhz elə bunun nəticəsidir ki, rayonda ötən altı ayda sənaye məhsulunun istehsalı 215,2 milyon manat, tikinti işləri 73,5 milyon manat, nəqliyyat xidmətləri 9,4 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyalar 34,7 milyon manat, orta aylıq əmək haqqı isə 576 manat olmuşdur. Hesabat dövründə 1858 yeni iş yeri açılmışdır.
Natiq çıxışında xatırlatmışdır ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayon üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuş, onların 17-nin icrasına başlanılmış, başlanılan tədbirlər isə adı çəkilən proqramın 31,5 faizini təşkil etmişdir.
Rayonda tikinti-quruculuq işləri də geniş vüsət almışdır. İlin birinci yarısında “Gənclər evi” istifadəyə verilmiş, Hövsan qəsəbəsində tutumu 2 min nömrəlik ATS tikilmiş, Zığ qəsəbəsində isə ATS-in inşasına başlanılmış, Qasım Qasımov adına uşaq bağçası əsaslı təmir edilmişdir. Eyni zamanda, rayonda bir neçə köhnə məktəb binasının yerində yenilərinin inşasına, əlavə tədris korpuslarının, şahmat məktəbinin tikintisinə, uşaq bağçalarının əsaslı təmirinə başlanılmışdır.
Hesabat dövründə rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 2,3 hektar olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, texniki rekultivasiya işi aparılaraq 4,4 hektar torpaq sahəsi bərpa edilmiş, 18 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, rayon ərazisində iməciliklər keçirilərək 8 min ağac, o cümlədən, mədən ərazilərində 3 min ağac və kol əkilmişdir.
Ötən dövrdə vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir. İlin birinci yarısında 1333 nəfər sakinin iştirakı ilə 19 səyyar görüş-qəbul keçirilmişdir. Rayon icra hakimiyyətində 891 nəfər, o cümlədən başçı tərəfindən 446 vətəndaş qəbul edilmişdir.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digərləri çıxış etmişlər.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov əminliklə bildirmişdir ki, rayonun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin uğurlu icrası üçün bundan sonra da bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və dövlətimizin başçısını əmin etmişdir ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.
Yığıncağın sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təltif edilmiş icra hakimiyyəti aparatının şöbə müdiri Etibar Yolçiyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, bir qrup şəxsə isə rayonun ictimai həyatında fərqləndiyi üçün RİH başçısının Fəxri fərmanı təqdim olunmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.