Dağlar diyarı Lerik son illərdə özünün vüsətli inkişaf mərhələsindədir. Rayonun təbii gözəllikləri insan əllərinin qüdrətilə daha da cilalanır, əhalinin həyat şəraiti, güzəranı yaxşılaşır.
Buraya gəzməyə, dincəlməyə gələn qonaqlar da, xarici turistlər də Lerikin büsatını görüb heyran qalır, ən xoş təəssüratlarla geri qayıdırlar. İlk yarımildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışılmış, nailiyyətlərlə arxayınlaşmamaq əzmi ifadə olunmuşdur.
Yığıncağı rayon icra hakimiyyəti başçısının I müavini Cəlil Baxşıyev açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasından bəhs edən natiq bildirmişdir ki, uğurlarımızın təməlində sosialyönümlü iqtisadi siyasət, möhkəm ictimai sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlarla Azərbaycanın dayanıqlı inkişafına nail olunmuşdur. Dövlətimizin başçısı bu tərəqqini düşünülmüş siyasətin nəticəsi kimi xarakterizə etmiş və bizim islahatlarımızın mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır.
Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev ulu öndərin müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla həyata keçirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun ilk yarımildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzəsi maraqla dinlənilmişdir. O, demişdir ki, bu il regional inkişafa dair üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Ölçülüb-biçilmiş fəaliyyət planları olan həmin sənədlərin uğurlu icrası sayəsində ölkədə işsizlik tam aradan qalxmaq üzrədir. Prezident İlham Əliyev tərəfindən 2014-cü il “Sənaye ili” elan edilib. Məqsəd ölkə iqtisadiyyatında sənayeləşmənin keyfiyyətini yüksəltmək, onun miqyasını və rəqabət qabiliyyətli məhsul istehsalını artırmaqdır.
Sonra məruzəçi dağlar diyarının nailiyyətləri fonunda son altı ayın yekunları barədə məlumat vermiş, uğurların təməlində duran amilləri nəzərə çatdırmışdır. O bildirmişdir ki, rayonda yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Son illər rayonun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə, ən ucqar yaşayış məntəqələrində belə zəruri quruculuq-abadlıq işləri vüsət almışdır. Keçən 10 il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan , tərəqqi hədəfli sərəncamlar rayonun uzunmüddətli inkişafı üçün əsas stimul olmuşdur.
Hesabat dövründə Azərbaycan Prezidentinin 2013-cü il 14 sentyabr tarixli sərəncamı ilə ayrılan vəsait hesabına 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Yolun 20 kilometrlik hissəsi asfalt örtüyünün çəkilməsinə tam hazırlanıb, 13 kilometri asfaltlanıb. Dünya Bankının ayırdığı vəsait hesabına Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Həmçinin 19 kilometrlik Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi tamamlanıb, bir neçə yerdə su tutarları inşa edilib. Suya ehtiyacı olan kəndlərin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yaşayış məntəqələrinə su xətləri çəkilib, artezian quyuları qazılıb.
Diqqətə çatdırılmışdır ki, Lerik şəhərində 17 meqavatlıq “Modul” tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar Lerik-Telavar-Yardımlı 35 kilovoltluq yüksək gərginlikli elektrik hava xətti yenidən inşa olunub. Piran-Hamarat-Vijaker avtomobil yolu qayaların partladılması ilə genişləndirilib, burada əsaslı təmiri işləri aparılıb. Nücü, Pirasora, Vizəzəmin, Boykəndil kənd tam orta məktəblərinin tikintisi, Mastayıl kənd tam orta məktəbinin, Lerik şəhəri uşaq bağçasının əsaslı təmiri sürətlə davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Şəhər məscidində təmir işləri aparılıb, yeni minarələr ucaldılıb, ərazidə 400 yerlik xeyir-şər evi inşa edilib. Hazırda Gürdəsər kəndində 300 yerlik xeyir-şər evinin tikintisində son tamamlama işləri aparılır.
Yığıncaqda qeyd olunmuşdur ki, bu ilin birinci yarısında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5, sənaye məhsulları 6,9, rabitə xidmətinin həcmi 3,3, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 2,7, əhaliyə göstərilən ticarət xidmətinin həcmi 3,7, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 5,1 dəfə artıb. Bu dövrdə 354 sakin işlə təmin edilib ki, bunun 185-i daimidir.
Daha sonra rayon icra hakimiyyəti başçısının aqrar məsələlr üzrə müavini Saday Qurbanov, rayon üzrə maliyyə idarəsinin rəisi Elman Abbasov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Mirzəyev altı ay ərzində görülmüş işlər barədə çıxışlar etmişlər. Qeyd olunmuşdur ki, dövlət tərəfindən qarşıya qoyulan bütün məsələlərin həlli istiqamətində səylər inamla davam etdiriləcək, mövcud çatışmazlıqların aradan qaldırılması üçün kollektivlər daha böyük əzmlə çalışacaqlar.
Hesabat yığıncağında rayon ağsaqqallar şurasının üzvləri - Musa Bədəlov, Vəliağa Şahpələngov işgüzar təkliflər səsləndirmişlər. Ümumiyyətlə, belə bir qətiyyət ifadə olunmuşdur ki, leriklilər bütövlükdə ili yüksək göstəricilərlə başa çatdıracaqlar.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.