Yurdumuzun dilbər guşələrindən biri olan Yardımlının hər tərəfi heyrətamiz gözəllik tablolarıdır. Son illər Yardımlıda sürətli abadlıq yürüşünə başlanması, ard-arda əyalət həyat üçün mühüm obyektlərin tikilməsi dağlar diyarının önəmini daha da artırır. Yarımillik hesabat yığıncağında məhz bu inkişaf meyli, uğur yolu bir daha nəzərdən keçirilib, həm də görüləsi işlər diqqətə çatdırmışdır.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq bildirdi ki, altı ayda rayonda həyata keçirilənlər ilin arzuolunan nəticələrlə yekunlaşmasını təmin edə biləcək. Tikinti- quruculuq, abadlıq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi və körpülərin inşası, digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilir.
Prezident İlham Əliyevin sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi üçün vəsait ayrılmış, yolun 20 kilometrlik hissəsi asfaltlaşmış və ötən ilin sentyabrında rayona səfər edən dövlət başçısının iştirakı ilə istifadəyə verilmişdir. Möhtərəm Prezidentin növbəti sərəncamı ilə ayrılmış vəsait hesabına isə yolun qalan 18 kilometrlik hissəsi də əsaslı şəkildə tikilərək ulu öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində açılmışdır. Ötən ilin sentyabrında on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abasabad avtomobil yolunun tikintisi məqsədilə də Prezident tərəfindən vəsait ayrılmışdır. Hazırda həmin yolda son tamamlama işləri aparılır, daxili imkanlar hesabına Viləş çayı üzərində inşa olunan körpünün tikintisi başa çatdırqdan sonra istifadəyə veriləcək.
Fərəhli haldır ki, Prezident İlham Əliyevin sərəncamı ilə Yardımlıda da müasir idman kompleksi inşa olunur. Kompleksdə açıq şəraitdə mini-futbol, voleybol və tenis üçün meydançalar, güləş, boks və trenajor zalları, bütün növ tədbirlərin təşkili üçün böyük idman salonu, 2 mərtəbədən ibarət 40 otaqlı müasir otel binası da tikiləcək. Bundan əlavə, rayonda idman qurğularının bütün əraziləri əhatə etməsi də nəzərdə tutulur. Belə ki, cüdo və güləş zalının tikintisi üçün şəhərin “Biləzəmi” ərazisində torpaq sahəsi ayrılmış, zəruri sənədlər hazırlanmışdır.
Yardımlı şəhərində su və kanalizasiya xətləri çəkildiyinə görə şəhərin bəzi küçələrində abadlıq işləri bir qədər sonraya saxlanılmışdır. Yeri gəlmişkən, şəhərdə mövcud olan 22 küçədə, ümumi uzunluğu 45 km yolların asfaltlaşdırılması məsələsi Nazirlər Kabineti qarşısında qaldırılmış və müraciət müsbət qarşılanmışdır.
Şəhərin Əsədabad və Ünəç küçələri arasında, Viləş çayı üzərindəki qəzalı körpü daxili imkanlar hesabına yenilənmişdir. Bundan başqa, Yardımlı-Bozayran-Bürzünbül yolunun ilk kilometrlik hissəsində körpü salınmış, Yardımlı-Hamarkənd avtomobil yolunda daxili imkanlar hesabına daha bir körpünün inşasına başlanmışdır. Bununla da, rayonda son iki ildə tikilən körpülərin sayı 5-ə, yolarda quraşdırılmış iri və kiçik tutumlu suötürücülərin sayı 200-ə çatmışdır.
İcra başçısı digər quruculuq tədbirlərini də xatırladaraq dedi ki, mədəni-kütləvi tədbirlərin təşkili, əhalinin istirahəti məqsədilə Gənclər parkında Açıq hava teatrı tikilmişdir. Rayonun “Biləzəmi” adlanan ərazisində Heydər Əliyev Fondunun hesabına 55 yerlik uşaq bağçasının inşasına başlanmışdır. Tarixi “Əlyar” bulağı tamamilə yenidən, müasir zövqə uyğun şəkildə tikilmişdir. Şəhərdə mövcud olan yeganə mərasim evi də yenidən qurulmuşdur. Heydər Əliyev küçəsində rayon icra hakimiyyəti üçün müasir memarlıq üslubunda inzibati bina inşa olunacaq.
Abadlıq-quruculuq-işləri rayon mərkəzi ilə bərabər, kənd yaşayış məntəqələrində də icra olunmuşdur. Çayüzü kəndində 1941-1945-ci illərdə həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksi yenidən inşa olunaraq 9 May - Qələbə Günündə istifadəyə verilmişdir.
Rayon polis şöbəsinin yeni, müasir inzibatı binası bu il istifadəyə verilmişdir. “31 mart - Azərbaycanlıların Soyqırımı” abidə kompleksi də yenidən bərpa olunmuşdur.
Əlavə olaraq əhalisinin sayı 6 min nəfər olan, 5 yaşayış məntəqəsini birləşdirən, 15 kilometrlik yerli əhəmiyyətli Bozayran-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi üçün də müvafiq sənədləşdirmə işləri aparılmış, bu il üçün inşası planlaşdırılmışdır. Pirembel yolunun 2-ci kilometriliyində, Şəfəqli -Gərsava yolunun 1-ci kilometriliyində sel sularının kəskin artması nəticəsində uçulmuş hissələr icra hakimiyyətinin daxili imkanları hesabına qısa zamanda təmiri edilmişdir. Dəlləkli kəndində suötürücü qurğu quraşdırılmışdır. Bir sıra yollarda da müntəzəm olaraq təmir-bərpa və genişləndirmə işləri aparılır.
“Sənaye ili” ilə əlaqədar rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilmişdir. Sex 1 saat ərzində 1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin istehsalı gücünə malikdir. Burada gün ərzində 10 ton meyvə qəbul etmək mümkündür. Müəssisə artıq fəaliyyətə başlamış, 30-a yaxın sakin işlə təmin olunmuşdur. Müəssisənin gücü artıqca işçilərin də sayı artacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin layihəsi əsasında rayonun Çayüzü kəndi ərazisində Sənaye Məhəlləsinin yaradılması məqsədilə 2 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye Məhəlləsində pendir, qaynaq, avtomobillərin təmiri sexlərinin və digər sənaye müəssisələri tikiləcək ki, burada da bir qrup əhali işlə təmin olunacaq.
“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 67 kilometr olan su və 38 kilometrlik kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Bu sahədə nəzərəçarpan çatışmazlıqların qarşısı alınmışdır.
Kəndlərdə əhalinin içməli suya olan tələbatı “Sineyir” su mənbəyi hesabına, həmçinin “Soyuq bulaq”dan çəkilən boru xətti vasitəsilə ödənilir.Təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 1908-ə, müəssisələr üzrə abonentlərin sayı 17-yə çatdırılmışdır. Bu sahədə işlərin sürətlənməsinə tələbat var . Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə xətlərdə təmir işləri aparmışdır.
İlin birinci yarısında 2 kənd orta məktəbi - 360 yerlik Zövün və 220 yerlik Ostayır kənd tam orta məktəblərinin binaları istifadəyə verilmişdir. Yaxın vaxtlarda daha üç kənd məktəbləri üçün yeni tikilən binalar istifadəyə veriləcək. Hazırda daha beş məktəbin tikintisi sürətlə aparılır. Bununla da beş ildə istifadəyə verilən və ya yeni inşa edilən məktəblərin sayı 26-ya çatacaq. Əhaliyə tibb xidmətinin göstərilməsində ciddi irəliyişə nail olunmuşdur.
Yığıncağın başlıca yekunu bundan ibarət oldu ki, cari ili uğurla başa çatdırmaq üçün Yardımlıda əsaslı zəmin yaradılmışdır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.