Bu günlərdə Astara Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında 2014-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Yığıncaqda icra hakimiyyəti aparatının işçiləri, şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bütün respublikada olduğu kimi, Astara rayonunda da cari ilin birinci yarısı uğurlarla müşayiət olunmuşdur. Yerli gəlirlər 2 milyon 568 min manata qarşı 2 milyon 970 min manat icra olunmuşdur ki, bu da 115,7 faiz təşkil edir. Ümumi məhsul buraxılışı 59,7 milyon manat olmuşdur. Bunun 10,2 faizi sənaye sahələrində, 43,1 faizi kənd təsərrüfatında, 33,6 faizi ticarət və pullu xidmət sahələrində, 10,3 faizi tikintidə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 579 manat təşkil etmişdir.
Altı ayda rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli iş görülmüşdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikeş avtomobil yolunun tikintisi və asfaltlaşdırılmasına 2014-cü ilin mart ayında başlanmışdır. 21 kilometr məsafədə yolun tikintisi ilə əlaqədar torpaq işləri yekunlaşmış, 13,5 kilometrlik hissə asfaltlaşdırılmışdır və hazırda yol tikintisi işləri davam etdirilir.
Kakalos-Kolatan, Suparibağ-Seləkəran yolları asfaltlaşdırılmışdır. Bundan əlavə Pensər-Şahağacı, Astara-Qamişovka, və Astara-Alaşa avtomobil yolunda asfalt-beton qarışığı ilə təmir işləri yerinə yetirilmiş, ayrı-ayrı kəndlərarası yollar avtoqreyderlə hamarlanmışdır. Siyaku-Marzəsə və Siyaku-Şəmətük avtomobil yollarında 4 körpü tikilmişdir.
Astara şəhərində ictimai yaşayış binalarının fəsadları əsaslı təmir edilmiş, bir sıra küçədə abadlıq işləri görülmüş, yeni işıqlandırma sistemi quraşdırılmış, kuveytlər təmizlənərək, betonlanmışdır. Gənclər küçəsi 1,3 kilometr asfaltlaşdırılmış və yan daşlar düzülmüşdür.
Əlamətdar işlərdən biri də şəhərin Xəzərsahili ərazisində 8 hektar sahədə park-bulvarın tikintisinə başlanmasıdır. Burada bulvarın salınması üçün 200 min kubmetr torpaq daşınmış, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanmışdır. Hazırda bulvar ərazisində 1400 kvadratmetrlik əyləncə mərkəzinin, çay evi və kafelərin, fəvvarə, karusel, mini-futbol, voleybol meydançalarının tikinti-quraşdırma işləri görülür. Həmin ərazidə 12 istirahət evinin, üçmərtəbəli mehmanxananın da inşası davam etdirilir.
Suparibağ kəndində tikilən 220 şagird yerlik tam orta məktəbi üçün yeni binada tamamlama işləri aparılır. Asxanakəran ərazi nümayəndəliyinin Anboba və Əzərud kəndlərində 80 şagird yerlik ibtidai məktəblər üçün də yeni binalar tikilir.
Astara şəhərində Maliyyə İdarəsi üçün ikimərtəbəli müasir tipli inzibati bina tikilmiş, Telman kəndində yeni çay emalı fabrikinin tikintisinə başlanmışdır. Züngüləş kəndi ərazisindəki “Astara-1” kiçik su elektrik stansiyasında tikinti işləri davam etdirilir.
Rayonda inşaat işlərinin aparılması üçün 2014-cü ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon manat məbləğində vəsait yönəldilmişdir. İnvestisiyanın 3,3 milyon manatı istehsal təyinatlı obyektlərin, 3,7 milyon manatı isə xidmət sahələrinə aid obyektlərin inşasında istifadə edilmişdir.
Son dövrdə rayonda 6276 iş yeri açılmışdır ki, bunun da 5860-ı daimi xarakterlidir. Birinci yarımillikdə 403 yeni iş yeri yaradılmışdır.
Əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüşdür. Şəhərdə, Telman, Təngərüd, Pensər, Kakalos, Balaca Şahağacı kəndlərində qazlaşdırma həyata keçirilmişdir.
Elektrik şəbəkəsi təsərrüfatında da zəruri səliqə-sahman yaradılmışdır. Rayonun 2000 hektara yaxın ərazisinə xidmət edən Lovayın nasos stansiyasında təmir işləri aparılmışdır.
Əhalinin və əkin sahələrin sel sularından mühafizəsi məqsədilə Astaraçayda və Pensərçayda məcra təmizləmə işləri görülmüşdür.
Birinci yarımildə 29 hektar çay plantasiyası salınmışdır. Ümumən mövcud olan 533 hektar plantasiyanın 205 hektarı məhsuldar çay sahəsidir. 1115 hektarlıq sitrus və subtropik meyvə bağlarında aqrotexniki qulluq işləri aparılmış, kimyəvi preparatlarla ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüşdür.
2014-cü ildə 147 heltarda çəltik, 163 hektarda payızlıq buğda, həmçinin yetərli qədər tərəvəz, dənli və dənli-paxlalı bitkilər, kartof və bostan məhsulları əkilmişdir. Hazırda bol məhsul yığılır. Diri çəkidə 1702,3 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal olunmuşdur. Qaramalın sayı 45 min 794 başa, o cümlədən xırda buynuzlu mal-qaranın sayı 29 min 81 başa çatmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 10 min 402 ailə üzvünü əhatə edən 2 min 81 ailəyə ÜDSY ödənilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 130 manat təşkil etmişdir. Rayon Dövlət Sığorta Filialı 46 min 158 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 20,9 min manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət edənlərin 112 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuşdur.
İcra hakimiyyətində 524 ərizə və şikayət qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 159 ərizə azalmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində 18 səyyar qəbul keçirilmiş, 86 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.
Məruzəçi bildirdi ki, cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə ediləcək, əhalinin güzəranının daha da yaxşılaşdırılmasına nail olunacaq, rayonun abadlaşdırılması naminə bütün qüvvələr səfərbər ediləcək.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.