Hazırda həyatımızın heç bir sahəsini informasiya-kommunikasıya texnologiyalarının nüfuz dairəsindən kənarda təsəvvür etmək mümkün deyil. Bu texnologiyalar qlobal iqtisadiyyata xüsusilə güclü təsir göstərir. Fərəhli haldır ki, son illərdə İKT-nin tərəqqi göstəricilərinə görə Azərbaycan dünyanın ən dinamik inkişaf edən 10 ölkəsi sırasında yerini möhkəmləndirib. Ötən il orbitə ilk süni peykimiz buraxılıb və Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olub.
Dövlət başçısının 7 mart 2014-cü il tarixli sərəncamı ilə müvafiq nazirliyin strukturu daha da təkmilləşdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb. Ölkə üzrə modern rabitə mühitinin gücləndirilməsi, informasiya cəmiyyətinin inkişafı, yeni layihələrin dəstəklənməsi, ictimai yerlərdə Wi-Fi zonalarının yaradılması, onlayn medianın genişləndirilməsi və sair tədbirlər daha intensiv xarakter alıb.
“İnformasiya-kommunikasiya ili” elan edilmiş 2013-cü ildə mühüm uğurlara imza atmış Sumqayıt Telekommunikasiya Qovşağının kollektivi bu il də rabitə xidmətinin yüksəldirilməsini eyni vüsətlə davam etdirir.
Milli rabitənin inkişafı üzrə mühüm layihələr Sumqayıtda da uğurla həyata keçirilir. Qovşaq üzrə bütün rabitə qurğuları texniki normaya uyğun yenidən qurularaq dizayn edilib. TKQ-nin inzibati binasının fasadı müasir memarlıq üslubunda tikinti işləri ilə daha da gözəlləşib. Bütün bunlarla bərabər, rabitəçilər doğma şəhərin son illərdə xüsusilə sürətlənən tərəqqisinə ürəkdən sevinir, abadlıq və quruculuq işlərində də yaxından iştirak edirlər. Burada inkişaf naminə həyata keçirilən bütün tədbirlərdə onların da zəhmət payı var.
Cari ilin birinci yarısında TKQ üzrə tarif gəliri proqnozu 101,1 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrünə nisbətən tarif gəliri 18,3 faiz artıb. Əsas telefon aparatlarının sayı 372 ədəd artırılaraq ümumi tutum 58924 ədədə çatdırılıb.
Qovşağın rəisi Akif Əsgərov bizimlə söhbətində kollektivin uğurları barədə həvəslə məlumat verdi:
- Nazirliyin və “Aztelekom” İB-nin, həmçinin Sumqayıt şəhər rəhbərliyinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Şəhərdə ADSL genişzolaqlı internet xidmətinin inkişafı təmin edilib. Bu məqsədlə TKQ-nın xidmət ərazisində yarımildə 911 ədəd genişzolaqlı internet port montaj olunaraq istismara verilib. Genişzolaqlı internet istifadəçilərinin sayı ilin əvvəlinə nisbətən artaraq 831-ə çatdırılıb. Daxili imkanlar hesabına Sumqayıt Stansiyası yaşayış massivindəki EATS-də 32 nömrə, Kimyaçılar qəsəbəsindəki EATS-də 32 nömrə montaj edilərək istismara verilib. 657-ci EATS-dən 3 ədəd A32 abunə kartı 96 nömrə demontaj olunub və tələbat çox olan Xəzri qəsəbəsindəki EATS-də montaj edilib.
Yeri gəlmişkən, hesabat dövründə Xəzri yaşayış massivində 100, boruyayma zavodunun bağları ərazisində, 8-ci məhəllədə 20, Corat qəsəbəsi 2-ci məhəllə istiqamətində 50 abunəçi üçün telefon xətti çəkilərək istifadəyə verilib. Sumqayıt Kimya Sənayesi Parkında İnşaatçılar qəsəbəsi istiqamətində 5000 metr fiber optik kabeli kanallar qoyulub. 18-ci mikrorayon ərazisindəki əlillər binasına 2500 metr magistral kabeli çəkilib və abunəçilərin telefonları kabelə qoşulub. Dənizkənarı xəstəxana ərazisində quraşdırılması nəzərdə tutulan 512 nömrəlik EATS-in 7 kilometr məsafədə fiberoptik magistral və paylayıcı şəbəkəsi tikilərək istismara hazır vəziyyətə gətirilib.
Ötən il ilk dəfə məhz Sumqayıtda “Hər evə optika” pilot layihəsinin tətbiqinə başlanıb və 14-cü məhəllədəki hündürmərtəbəli binada müvafiq avadanlıq quraşdırılaraq istifadəyə verilib. “Hər evə optika” 2013-2015-ci illərdə və sonrakı dövrdə yüksək sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, magistral şəbəkədə ATS-dən iki kilometrdən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xəttlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.
Evlərə qədər optikləşmə prosessinin həyata keçirilməsini dəstəkləyən “GİPON” layihəsi də ilk dəfə olaraq 2013-cü ildə Sumqayıtda tətbiq olunub. Nəticədə hər bir mənzildə genişzolaqlı internet xidmətinin fiber optik kabel üzərindən ötürülməsinə başlanılıb.
Şəhərin 5-ci mikrorayon ərazisində yeni istifadəyə verilmiş “AG” bank filialının korporativ şəbəkəsinin yaradılması üçün oradakı EATS-lə obyekt arasında 1200 metrlik FO-8 kabeli qoyulub və istismara verilib. “Bank Technique” ASC-nin filial binasına yeni fiberoptik və TPP kabeli çəkilməklə şəbəkə yenilənib. Şəhərin1-ci mikrorayon ərazisində inşa edilmiş çoxmərtəbəli binalara TPP-20x2 kabeli çəkilib və 20 abonent telefonla təmin olunub. Sumqayıt Stansiyası ərazisində 10 sakinə telefon çəkilməsi üçün yeni paylayıcı şəbəkə tikilib, 44-cü məhəllədəki hündürmərtəbəli binalarda 100 mənzilə telefon çəkilişi üçün 1000 metr TPP-100x2 magistral və paylayıcı şəbəkə tikilərək istismara verilib. Xəzər bağları istiqamətində isə 50 nəfər sakin üçün telefon çəkilişi məqsədilə Nizami və Xətai küçələrində telefon şəbəkəsi tikilib. 14-cü məhəllədə, Yaşıldərə massivində əlavə 200 ünvanda müasir telefonlaşdırma aparılıb. Tağıyev qəsəbəsində fəaliyyət göstərən bir şirkətdə internet və telefon şəbəkəsinin yaradılması təmin edilib. Bütün elektron stansiyaların avadanlığı ideal səliqəyə salınıb.
Sumqayıt rabitəçiləri stansiyalararası alternativ rabitənin təkmiləşdirilməsi üzrə də fəaliyyət davam etdirilir. Kollektiv üzvləri peşəkarlıqlarını durmadan artırır, İKT və rabitə sektorunun tərəqqisi naminə əllərindən gələni edirlər. İnanırıq ki, ilk yarımili yüksək nəticələrlə yekunlaşdıran rabitəçilər bütövlükdə ilin tam uğurla başa çatmasına nail olacaqlar.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.