Yasamal rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yarım il ərzində əldə olunmuş nailiyyətlərdən danışmış və görüləcək işlər barədə məlumat vermişdir.
O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtısadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn bir sıra faktları diqqətə çatdırdı.
Respublikamızın yarım il ərzində qazandığı uğurlardan söhbət açan İ.Mehdiyev bu irəliləyişdə Yasamal rayonun sakinlərinin də payı olduğunu vurğuladı. 2014-cü ilin 6 ayı ərzində rayonda sənaye məhsulunun ümumi həcmi 30 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 718 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 233 milyon manat tıkinti-quraşdırma işləri 358 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Əsas kapitala yönəldilən investisiyalar 448 milyon manata, pərakəndə əmtəə dövriyyəsi 499 milyon manata çatdırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100,8 və 100,2 faiz artım deməkdir. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 12,6 faiz artaraq 600 manata çatmışdır.
Rayonda yeni iş yerlərinin yaradılması həmişəki kimi bu dəfə də diqqət mərkəzində olmuşdur. Məhz bu diqqətin nəticəsidir ki, cari ilin altı ayı ərzində rayonda 2022 yeni iş yeri açılmışdır. Onlardan 245-i yeni yaradılmış, 128-i mövcud və bərpa olunmuş müəssisələrdə, 1649-u isə fiziki şəxslərdən ibarət olmuşdur.
İ.Mehdiyev dedi ki, 2013-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsu” ASC-nin Yasamal rayonunda yerləşən mərkəzi laboratoriyasının yeni inzibati binasının açılış mərasimində iştirak etmiş, “110 Qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olaraq müvafiq göstərişlər vermişdir. Hazırda sahəsi 10 hektar olan və Dənizkənarı Milli Parkdan sonra ərazisinin böyüklüyünə görə ikinci olan parkın salınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçırilir.
Bu gün Yasamal rayonu ərazisində ən çox narahatlıq doğuran məsələ “Sovetski” adlanan ərazidə söküntü işlərinin aparılması ilə əlaqədar başlanan irimiqyaslı işlərdir. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə işçi komissiya yaradılmış, köçürülmə zonasının sərhədləri və mərhələləri müəyyən edilərək müvafiq tapşırıqlar verilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrində dəqiq ölçmə, sənədlərin toplanması və söküntü işlərinin aparılması üçün 5 işçi qrup yaradılmışdır. Ədalət naminə deyilməlidir ki, istər işçi komissiya, istərsə də işçi qruplar tərəfindən indiyədək çox böyük zəhmət tələb edən xeyli irimiqyaslı iş görülmüşdür. Bu günədək 3300-dən çox ünvanda ölçü işləri aparılmışdır. 1500-dən artıq ünvan üzrə yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma protokolu imzalanmışdır.
2014-cü ilin 6 ayı ərzində rayon icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan 2124 müraciət daxil olmuşdur. Halbuki ötən il 1610, 2012-ci ildə isə 1249 müraciət daxil olmuşdu. Daxil olan müraciətlərin təhlili göstərir ki, Bakı Şəhərinin Baş Planına uyğun olaraq, istifadəyə yararsız evlərin sökülməsi ilə əlaqədar ötən il ilə müqayısədə müraciətlərin sayı 500-dən çox artmışdır.
Rayon icra hakimiyyəti başçısının 12 səyyar-qəbul görüşündə 1900 nəfərdən çox sakin iştirak etmişdir. 134 nəfər sakin onları narahat edən 138 məsələ ilə əlaqədar müraciət etmiş, onlardan 129 məsələ öz həllini tapmışdır, 9 məsələnin isə baxılma müddəti vardır.
İ.Mehdiyev bildirdi ki, cari ildə körpə və uşaqların tərbiyə aldığı məktəbəqədər müəssisələrdə mövcud olan sıxlığın aradan qaldırılması kimi aktual olan problemin həlli istiqamətində də işlərə başlanılmışdır. Heydər Əlıyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tövsiyyəsi ilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən A.M.Şərifzadə küçəsi, 146 A, 148, 150, 154 və 156 saylı yaşayış binalarının yaxınlığında körpələr evi-uşaq bağçasının tıkintisinə başlanılmışdır. Məktəbəqədər müəssisənin tikintisinin 2014-2015-ci dərs ilinin başlanmasına qədər başa çatdırılaraq istıfadəyə verilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Yasamal rayonu ilin birinci yarısını uğurla başa vurmuşdur. Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digərləri də bunu xüsusi vurğuladılar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.