Nərimanov rayonunda cari ilin birinci yarısının yekunları müzakirə olunmuşdur

 Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında  rayonun 2014-ci ilin birinci yarısı üzrə sosial-iqtisadi  inkişafının yekunları və  qarşıda duran vəzifələr ətraflı təhlil olundu.  Tədbir  iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq onun xatirəsini ehtiramla yad etdilər.

Şura üzvlərinin, eləcə də rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərlərinin iştirak etdikləri yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, cari il iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı ilin əvvəlindən nəzərdə tutulan bütün məsələlərin icra olunduğunu diqqətə çatdırmış və qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.

A.Fərzəliyev ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və bu işlərin hazırda da uğurla davam etdirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, 2014-cü ilin birinci yarısının yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 205,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çoxdur. İstehlakçılara 1 milyard 114,7 manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,9 faiz təşkil etmişdir. İlin ötən dövründə yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində rayonda 1890 daimi iş yeri açılmışdır. Cari ilin birinci yarısında bütün mənbələr hesabına əsas kapitala 195,6 milyon manatlıq investisiya qoyulmuş, bu sahədə 21,1 faiz artım əldə olunmuşdur. Bu ilin altı ayı ərzində  tikinti təşkilatları tərəfindən 325,4 milyon manatlıq podrat işlərinin görüldüyünü diqqətə çatdıran natiq onu da bildirdi ki, hesabat dövründə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 457,9 milyon manata çatmış, əhaliyə 37,5 milyon manatlıq nəqliyyat və 159,9 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir.

Məruzəçi, həmçinin bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən dövlət başçısı İlham Əliyev bu il yanvarın 7-də ölkəmizin ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin təntənəli açılışında iştirak etmiş,  martın 7-də  inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuş,  mayın 29-da isə Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimində iştirak etmişdir.

A.Fərzəliyev Nərimanov rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verərək qeyd etdi ki, yarım il ərzində metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir. Bundan əlavə, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov və  Akademik Həsən Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq işlər həyata keçirilmişdir.

Məruzəçi daha sonra rayonun mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər, eləcə də xidmət sahələri tərəfindən görülmüş işlər barədə məlumat verdi. Qeyd olundu ki, bu ilin altı ayında sakinlərin istilik, elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlər görülmüşdür.

Cari ilin birici yarısında rayonda təhsilin inkişafı sahəsində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran natiq  bildirdi ki, ilin ötən dövründə rayonda 9730 şagird yerlik 11 məktəb əsaslı təmir olunmuş, 3 məktəb üçün 1940 yerlik əlavə tədris korpusu inşa edilib şagirdlərin istifadəsinə verilmişdir. Hazırda isə 47 nömrəli məktəbdə əsaslı təmir işləri və 207  nömrəli məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir. Bundan əlavə, rayonda fəaliyyət göstərən 19 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Məruzə ətrafında çıxış edən natiqlər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlərin  bütün  ölkədə olduğu kimi, Nərimanov rayonunun da sürətli inkişafının təmin etdiyini bildirərək təmsil etdikləri sahələrin işi, əldə olumuş uğurlar barədə məlumat verdilər. Eyni zamanda, hesabat yığıncağında iştirak edən Milli Məclisin deputatları Rasim Musabəyov və Adil Əliyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirdilər, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə etdilər.

Hesabat yığıncağına yekun vuran A.Fərzəliyev bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi  istiqamətində işlər bundan sonra da davam etdiriləcək və 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.

 

Mirbağır YAQUBZADƏ,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında