Xaçmaz: yekunlar, vəzifələr

Xaçmaz Rayon İcra Hakimiyyəti əvvəlki dövrdə olduğu kimi, 2014-cü ilin I yarısında da Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, tövsiyə və göstərişlərini rəhbər tutaraq rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin etmək istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirmişdir. İyulun 16-da rayonda keçirilən hesabat yığıncağında bütün bunlar barədə ətraflı bəhs olunmuşdur.

Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev son illər bütün sahələrdə əldə olunan müvəffəqiyyətləri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə ardıcıllıqla həyata keçirilməkdə olan uğurlu daxili və xarici siyasət xəttinin bəhrəsi kimi dəyərləndirmişdir.

Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov 2014-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd olunduğu kimi, 2009-2013-cü illəri əhatə edən regionların inkişafı üzrə Dövlət Proqramının icrası Xaçmaz rayonunda da uğurla başa çatmışdır. Proqram çərçivəsində sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, təbii qaz təminatı, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi və sair istiqamətlərdə kifayət qədər böyük həcmli işlər görülmüşdür. Xatırladaq ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramında da Xaçmazın gələcək inkişafına yönəlik çox mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müsbət haldır ki, ikinci Dövlət Proqramının qəbulundan keçən müddət ərzində rayonda 7992 yeni iş yeri açılıb, bunlardan da 4902-si daimi iş yerləridir. Təkcə hesabat dövründə 941 yeni iş yeri açılmışdır ki, bunun da 915-i daimidir. 2014-cü ilin I yarısında rayon üzrə ümumi məhsul buraxılışı 126,5 milyon manat, sənaye məhsulu 13,4 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 44,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30,7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 125,4 milyon manat, adambaşına düşən pul gəlirləri 746,4 manat təşkil etmişdir.

Altı ay ərzində rayonda ümumi sahəsi 5373 kvadratmetr olan mənzil tikilib istifadəyə verilmişdir. Orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 302 manat təşkil etmişdir. Əsaslı kapitala qoyulan investisiyaların həcmi 13,3 milyon manat olmuşdur ki, bunun da 94 faizi tikinti-quraşdırma işlərinin payına düşür.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin I yarısında da rayonda abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilmişdir. Belə ki, “Heydər Əliyev seyrangahı” və “Çənlibel” parkında yeni fəvvarələr, bulaqlar və digər memarlıq elementləri tikilmiş, uşaqlar üçün müxtəlif attraksionlar quraşdırılmışdır. Xaçmaz Elektrik Stansiyasının qarşısında, magistral yolun kənarında qədim və müasir işıq mənbələrinin rəmzlərini özündə birləşdirən 2 ədəd qədim lampanın tikintisi başa çatdırılmış, “Çənlibel” və “Fəvvarələr” parklarında isə daha 2 ədəd qədim üslubda lampa qoyulmuş, “Çənlibel” parkında 19 metr hündürlükdə süni dağ kompleksinin tikintisi isə başa çatmaq üzrədir.

Açılışı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən Tarix-Diyarşünaslıq Muzeyi ilə yanaşı, Şəxsiyyətlər Muzeyi də tamamilə yenidən qurulmuşdur. Hesabat dövründə Tarix- Diyarşünaslıq Muzeyinin birinci mərtəbəsində 1050 kvadratmetr sahəyə malik rəsm qalereyası fəaliyyətə başlamışdır. Qalereyada, hətta beynəlxalq səviyyəli sərgilərin təşkili üçün bütün imkanlar yaradılmışdır. Hələlik, sahəsinə görə respublikamızda ən böyük qalereya hesab edilən bu mədəniyyət ocağı daxili tərtibatı və ekspozisiya zənginliyi etibarı ilə də diqqəti cəlb edir. Deyilənlərə onu da əlavə edək ki, Şəxsiyyətlər Muzeyində daha 2 görkəmli aktyorun — Azərbaycan kino və teatr tarixində özünəməxsus və təkrarsız yeri olan Səyavuş Aslan və Yaşar Nurinin abidələri də qoyulmuşdur. Bununla da muzeydəki abidə və büstlərin sayı 52-yə çatdırılmışdır.

Hesabat dövründə rayondakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi də əsaslı təmir olunaraq, yenidən qurulmuş, H.Z.Tağıyev küçəsindən Mədəniyyət Mərkəzinədək olan yerə geniş səki salınmış, həm mərkəz, həm də ətraf ərazi işıqlandırılmışdır. Mədəniyyət Mərkəzinin qarşısındakı xiyabanda Azərbaycanın 12 məşhur teatr və kino aktyorunun, bəstəkar və müğənnilərin abidələri ucaldılmışdır. 

Bu günlərdə Xaçmaz şəhərinin girəcəyində 1 hektardan artıq ərazidə Dövlət Bayrağı meydanının tikintisinə başlanmışdır. Meydanın mərkəzində artıq 85 metr hündürlükdə olan bayraq dirəyi quraşdırılmışdır. Ərazidə planlaşdırma işləri də artıq tamamlanmış, su və elektrik xətləri çəkilmiş, mərmər və daş plitələrin döşənməsinə başlanmışdır. “Çənlibel” parkı ilə Bayraq meydanı arasında olan və ərazini 2 yerə ayıran avtomobil yolu meydanın kənarına keçirilmişdir. Nəticədə Bayraq meydanı “Çənlibel” parkı ilə birləşərək, ümumi ərazisi 8 hektar olan geniş, həm də nümunəvi bir mədəniyyət və istirahət guşəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına tikintisinə başlanmış 3,5 kilometr uzunluğunda Yalama – Xanoba avtomobil yolunun tikintisi də hesabat dövründə başa çatdırılmışdır. Xaçmaz şəhərinin şimal istiqamətindən giriş qapısı tikilmiş, ətraf ərazidə geniş miqyaslı abadlıq işləri aparılmış, Heydər Əliyev və Bakı prospektlərinin qovuşduğu yerdə görkəmli dövlət xadimi və sərkərdə Cavanşirin at üzərində abidəsi ucaldılmış, Xaçmaz şəhərində daha bir uşaq müəssisəsinin – 60 yerlik körpələr evi – uşaq bağçasının tikintisi başa çatdırılmışdır.

Hazırda N.Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişdiyi ərazidə rayon mədəniyyət və turizm şöbəsi üçün yeni, ikimərtəbəli inzibati binanın, həmçinin Əliağa Şıxlinski küçəsində 60 yerlik yeni uşaq bağçasının tikintisi davam etdirilir. Rayon icra hakimiyyətinin sifarişi ilə tikintisi davam etdirilməkdə olan Arzu, Qıraqlı, Qaraçı, Qaradağ-buduq kənd məktəblərinin tikintisi, Hacılar kənd məktəbində isə bərpa-gücləndirmə işləri artıq başa çatmaq üzrədir.

Hesabat dövründə rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə təchizatı istiqamətində də bir sıra əsaslı və cari işlər həyata keçirilmişdir. Bununla belə, yığıncaqda çıxış edən natiqlər hər iki sahədə hələ də müəyyən problemlər olduğunu da diqqətə çatdırmışlar.

Xaçmaz respublikanın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Təbiidir ki, rayon iqtisadiyyatının əsasını da məhz kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Hesabat dövründə aqrar sahədə görülən tədbirlər sayəsində 31750 hektar sahədən 72708 ton taxıl məhsulu toplanmış, hər hektardan orta hesabla 22,9 sentner məhsul əldə edilmişdir. Hesabat dövründə rayonun təsərrüfatlarında 11127 ton tərəvəz, 15064 ton meyvə, 3354 ton kartof istehsal olunmuşdur. 818 hektar yeni meyvə bağı, 1 hektar sahədə isə üzümlük salınmışdır.

Təhsil sahəsi həmişə olduğu kimi, bu gün də bilavasitə ölkə rəhbərliyinin diqqətində olan prioritet sahələrdən biridir. Odur ki, Xaçmaz rayonunda da təhsilin maddi-texniki bazasının gücləndirilməsi sahəsində çox mühüm işlər görülmüş və hesabat yığıncağında bu məsələ barəsində ətraflı bəhs olunmuşdur.

2014-cü ilin I yarısı rayonun səhiyyə işçiləri üçün də çox əlamətdar olmuşdur. Belə ki, cari il fevral ayının 17-dən may ayının 1-dək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişinə əsasən, böyük bir sosial layihə – əhalinin dispanserizasiya proqramı həyata keçirilmişdir. Bu proqram çərçivəsində rayon əhalisinin 131616 nəfəri və ya 77,8 faizi tibbi müayinədən keçmişdir.

Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət yerlərdə, o cümlədən Xaçmaz rayonunda ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını və daha da möhkəmləndirilməsini təmin etmişdir. Yerli idarəetmə və hüquq-mühafizə orqanlarının birgə işi və səmərəli fəaliyyəti nəticəsində hesabat dövrü ərzində rayonda kriminogen vəziyyət sabit saxlanılmış, qanunçuluğun möhkəmləndirilməsi sahəsində ardıcıl işlər həyata keçirilmişdir. Bu gün Xaçmaz rayonunda 14 siyasi partiya, 27 ictimai təşkilat və cəmiyyət fəaliyyət göstərir. Rayonda aparıcı siyasi qüvvə Yeni Azərbaycan Partiyasıdır ki, hazırda onun sıralarında 8000 nəfərdən artıq üzv birləşir. Bütün partiya və ictimai təşkilatlara fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. 

Rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev hesabat yığıncağındakı yekun nitqində əldə olunmuş bütün uğurları ölkə Prezidenti möhtərəm İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyətinin, şəxsən onun Xaçmaz rayonuna olan xüsusi diqqət və qayğısının nəticəsi kimi xarakterizə etmiş və buna görə də xaçmazlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qəlbən minnətdar olduqlarını bildirmişdir.

 

Q.CƏFƏROĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında