Xətai Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı başlamamışdan əvvəl toplantı iştirakçıları Heydər Əliyev parkına gəlib ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoydular və xatirəsini ehtiramla yad etdilər.
YAP Xətai rayon təşkilatının iclas zalında keçirilən yığıncaq icra başçısı Razim Məmmədovun məruzəsi ilə başladı. Natiq qeyd etdi ki, Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf və tərəqqi strategiyasını yaradıcı şəkildə və qətiyyətlə davam etdirməklə 2014-cü ilin başa çatmış 6 ayında da ölkəmizə sosial-iqtisadi və ictimai-siyasi sahələrdə misilsiz uğurlar qazandırmış, qloballaşan dünyanın inkişaf etmiş dövlətləri sırasında müstəqil Azərbaycan Respublikasının yerini bir qədər də möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu nailiyyətləri konkret faktlar və rəqəmlərlə diqqətə çatdırmış, ölkənin iqtisadi inkişaf strategiyasının yeni hədəflərindən danışmışdır.
R.Məmmədov vurğuladı ki, bu gün Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf dinamikası Xətai rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, rayonumuzda uzun illərdən bəri həllini tapa bilməyən bir çox sosial- iqtisadi, məişət problemləri artıq tarixə, keçmişə çevrilir, sakinlərimiz hər addımda inkişaf strategiyasının gerçək nəticələrindən bəhrələnirlər.
Razim Məmmədov rayonda görülən işlərdən geniş məlumat vermiş və bildirmişdir ki, ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı nəticəsində 541 milyon 779,2 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehlakçılara 100,1 faiz sənaye məhsulu göndərilmişdir.
Nəqliyyat xidmətindən əldə olunan gəlir faktiki qiymətlərlə 19,9 faiz artaraq 143 milyon 302,8 min manat olmuş, əsas kapitala yönəldilən investisiyalar keçən ilin eyni dövründəkindən 11,4 faiz artaraq 91 milyon 729,1 manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş ümumi investisiyadan tikinti-quraşdırma işlərinin həcmi 2,5 dəfə, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi isə əvvəlki ilin eyni dövrünə nisbətən 37,7 faiz çox olmuşdur.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 10,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 26,5 faiz, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 20,4 faiz artmışdır.Keçən ilin eyni dövrü ilə müqayisədə orta aylıq əmək haqqı sənaye müəssisələrində 17,3 faiz artaraq 619,3 manat, tikinti kompleksində 37,5 faiz artaraq 805,1 manat, nəqliyatda isə 10,5 faiz artaraq 840,1 manat olmuşdur.
R.Məmmədov qeyd etdi ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu prioritet sahəni daim diqqətdə saxlayan Xətai rayonunda da sahibkarlığın dəstəklənməsi və inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Sahibkarlara yaradılmış şəraitin nəticəsində bu ilin birinci yarısında hamısı daimi olmaqla rayonumuzda 2365 yeni iş yeri, 2003-cü ilin oktyabrından bu ilin 1 iyulunadək 35611 yeni iş yeri yaradılmışdır ki, bunun da 35405-ı daimidir.
Natiq rayonda aparılan tikinti işlərindən danışarkən bildirdi ki, göstərilən müddətdə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən istifadə edilməklə respublika əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Rayonda “Bakı Ağ şəhər” layihəsinin inşası hesabat dövründə sürətlə aparılmış, Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilmiş, Fransız məktəbinin tikintisində, “Yeni Ag şəhər” bulvar kompleksinin salınmasında işlər sürətləndirilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasının əsaslı təmiri də icra olunan layihələr sırasındadır. Müasir tələblərə cavab verməyən bu bina bütövlüklə yenidən qurulur, müasir standartlar səviyyəsində iş otaqları, akt və müşavirə zalları, yeməkxana yenilənir, müasir avadanlıqlarla təchiz olunur.
Razim Məmmədov xüsusi qeyd etdi ki, həmişə olduğu kimi, son 6 ayda da rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması qarşımızda duran mühüm məsələlərdən olmuşdur. Bunu nəzərə alaraq rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Cari ilin əvvəlindən həyata keçirilməyə başlanan 2-ci yaşıllaşdırma proqramına uyğun olaraq Azadlıq prospekti – Hava Limanı istiqamətində, Nobel prospekti boyunca yaşıllaşdırma işlərinin 1-ci mərhələsi başa çatdırılmış, bu mərhələdə magistiral yolun kənarında istinad divarları tikilərək üzlük daşla üzlənmiş, torpaq daşınaraq yayılmış, 45 min kvadratmetr ərazidə yaşıllıq massivləri salınmışdır. Zığ yolu boyuncada yaşıllaşdırılan ərazilər genişləndirilmiş, bu yol kənarında da əlavə 30 min kvadratmetrədək sahə hazırlanaraq yaşıllaşdırılmışdır.
Daim diqqətdə saxlanılan rayon ərazisindəki yolların təmiri və tikintisi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Gəncə prospekti boyu uzanan yol ikitərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi ilə təchiz edilir. Xocalı prospektində bütün yeraltı kommunikasiya xətləri dəyişdirilmiş, bu prospekt bütövlükdə yenidən qurulmuşdur. Məhəllədaxili yolların, küçə və səkilərin asfaltlanması ilə əlaqədar xeyli iş görülmüş, yollara və binaların qarşısındakı ərazilərə hesabat dövründə 46 min kvadratmetrdən çox asfalt döşənmişdir.
Rayon ərazisindəki qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təminatı, həmçinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması da rayon icra hakimiyyətinin diqqətində olmuş və yarım il ərzində 20 məcburi köçkün ailəsinin mənzil şəraitini yaxşılaşdırmışdır.
Rayonun xidmət təsərrüfatının normal fəaliyyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, icra hakimiyyəti başçısının tapşırığı ilə yaradılmış qərargahın fəaliyyəti nəticəsində enerji daşıyıcılarının dəyərinin ödənilməsində müsbət nəticələr əldə olunmuş, bu sahələrdə meydana çıxan problemlər vaxtında aradan qaldırılmışdır.
Rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. İnşa olunmuş modul tipli istilik qazanxanasının və müasir tipli yeni istilik qazanxanasının istismara verilməsi ətrafdakı dövlət müəssisələrinin və yaşayış binalarının istilik təminatını yaxşılaşdırmışdır. Artıq 8 istilik məntəqəsinin qazanxanaya çevrilməsi uşaq bağçalarının, səhiyyə müəssisələrinin və 90-dan artıq yaşayış binasının istilik sisteminin bərpa olunmasına imkan vermişdir.
İstismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində də işlər aparılır. İndiyədək 742 lift yenisi ilə əvəz olunmuş, 192 liftdə isə əsaslı təmir işləri aparılmışdır.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına və ona edilmiş əlavələrə, həmçinin digər investisiya proqramlarına uyğun olaraq, 194 nömrəli məktəbin binasının inşası, 63 saylı məktəbdə əlavə tədris korpusunun tikintisi, 48 və 56 saylı məktəblərin, 171 saylı orta məktəbdə yeməkxana və akt zalının, 116 saylı məktəbin istilik sisteminin təmiri işləri əsaslı şəkildə davam edir. Bu proqramla təmir olunmuş 8 uşaq bağçası hesabat dövründə fəaliyyətə başlamış, 4 uşaq bağçasında isə təmir işləri davam etdirilir.
2014-2016-cı illər üçün Dövlət Proqramına uyğun olaraq hazırda 1 uşaq evində, 1 peşə liseyində və 5 orta məktəb binasında təmir işləri aparılır. Proqramda nəzərdə tutulan digər obyektlərin tikintisi və əsaslı təmiri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir. Hesabat məruzəsi ətrafinda çıxışb edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və başqaları 2014-cü ilin birinci yarısında Xətai Rayon İcra Hakimiyyəti başçısının gördüyü işləri qənaətbəxş qiymətləndirdilər və qarşıda duran vəzifələrin uğurla həll olunması üçün ona və rəhbərlik etdiyi aparata uğurlar arzuladılar. Sonda qeyd olundu ki, yarım ildə əldə edilmiş nailiyyətlər deməyə imkan verir ki, Xətai rayonunda ili uğurla başa vurmaq üçün bütün əsaslar var.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev əldə olunan uğurlarla kifayətlənməməyi və Prezident İlham Əliyevin tərəqqi strategiyasının təntənəsi üçün daha böyük səylə çalışmağı tövsiyə etdi. Yığıncağın sonunda elə bu hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilmiş Xətai Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşı Pənah İmanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.