Beynəlxalq seminarda Azərbaycanın biznes imkanları təqdim edilib

İyulun 16-17-də Yaponiyanın Kavaquçiko şəhərində “Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkilatçılığı ilə “Bəzi dünya ölkələrində biznes imkanları” mövzusunda beynəlxalq seminar keçirilib.

Yaponiyanın 100-dən artıq şirkətindən nümayəndələrin qatıldığı tədbirdə ABŞ, Sudan, Səudiyyə Ərəbistanı, Monqolustan, Pakistan, Çin və Honkonq ilə yanaşı, Azərbaycan haqqında da xüsusi təqdimat olub.

Beynəlxalq seminarı açan “WorldInvesters TV” internet televiziyasının prodüseri, dünya ölkələrinin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida son illər dünya iqtisadiyyatında baş verən proseslərdən, bəzi ölkələrin yaranmış mürəkkəb şəraitdən bacarıqla çıxmasından danışıb. Bildirilib ki, inkişaf etməkdə olan bəzi ölkələr mövcud iqtisadi potensialdan məharətlə yararlanaraq böhrandan itkisiz çıxmağı bacarıb, ümumi daxili məhsulun artımında mühüm irəliləyişə nail olublar. Belə ölkələr sırasında Azərbaycanın xüsusən seçildiyini vurğulayan K.İşida son 10 ildə respublikamızda həyata keçirilən nəhəng layihələrdən söhbət açıb.  Tanınmış ekspert Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu, yaxın 15 ildə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıb. K.İşida bu sürətli inkişafın şahidi olmaq istəyənləri cari ilin oktyabrında Azərbaycana təşkil olunacaq növbəti işgüzar səfərə dəvət edib.

Seminarda Azərbaycanın Yaponiyadakı səfirliyinin üçüncü katibi, konsul Fuad Bağırov ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan dünyanın enerji təminatında mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələrində əsas rol oynayan ölkələrdən biridir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini diqqətə çatdıran diplomat, ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb. F.Bağırov bildirib ki, respublikamızda əlverişli biznes mühiti və investisiya qoyuluşu üçün münbit şərait yaradılıb. Azərbaycan Yaponiyanın yüksək texnologiyaları, alternativ enerji mənbələri, kosmik məkanın mənimsənilməsi sahələrində qabaqcıl texniki nailiyyətlərin idxalında maraqlıdır. Eyni zamanda, “Gündoğar ölkə”də də Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük maraq var. Bu, hər iki ölkədə qarşılıqlı mənfəət əsasında perspektivli biznesin inkişafına təkan verə biləcək amillərdir.

Tədbirdə iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları ətraflı cavablandırılıb.   

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Kavaquçiko

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında