Azərbaycanda əldə edilən uğurlar görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir

Ötən altı ayda ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,1 faiz artmışdır

Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində, ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, “Fitch”, “Standard and Poors” və “Moodys” reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir. Bununla yanaşı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.

Ölkə iqtisadiyyatında yaşanan inkişaf tempi bu ilin altı ayında da davam etmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda göstərilir ki, bütün makro-iqtisadi göstəricilər üzrə artım tempi qorunub saxlanılmışdır. Belə ki, ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,1 faiz artaraq 28,7 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 46 faizi sənaye sahələrində, 10,7 faizi tikinti kompleksində, 10,3 faizi ticarət və pullu xidmət sahələrində, 5,2 faizi nəqliyyatda, 1,6 faizi informasiya və rabitə müəssisələrində, 4,4 faizi aqrar bölmədə, 14,7 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 3063,3 manat məbləğində (3905,2 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artmışdır. Əlavə dəyərin 56,3 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7 faiz artmışdır.

Ölkə Prezidentinin 2014-ci ilin “Sənaye ili” elan edilməsi haqqında sərəncamı ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və həmin proqramda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür. Bunlardan bir qisminə nəzər salaq. “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkında isə qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda sənayenin inkişafı ilə bağlı bəzi göstəricilərə də nəzər salaq. Bu  ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin emal bölməsində qida məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 60,3 faiz, geyim istehsalı 30,9 faiz, hazır metal məmulatlarının istehsalı 7 faiz, tikinti materiallarının istehsalı 16,8 faiz, elektrik avadanlıqları istehsalı 30,2 faiz, avtomobil və qoşquların istehsalı 38 faiz artmışdır. Qeyri-neft emal sənayesində 2,4 milyard manatliq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində də işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.

Dövlət başçısının ərzaq təminatında yerli istehsalın payının artırılması ilə bağlı verdiyi tapşırığa əsasən, hazırda iri özəl taxılçılıq təsərrüfatlarının qurulması istiqamətində işlər davam etdirilir. Ötən il yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında biçin başa çatmış və hər hektardan orta hesabla 56 sentner yüksək keyfiyyətli məhsul yığılmışdır.

Hazırda ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir.

Ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunması məqsədilə iri heyvandarlıq kompleksləri ilə yanaşı, regionlarda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılmış, artıq bu tip iki təsərrüfat güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 24-nə kimi 357,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28 min hektar sahədə dənli və dənli paxlalılar, 36,9 min hektar sahədə dən üçün qarğıdalı, 76 min hektar sahədə tərəvəz, 61,7 min hektar sahədə kartof, 22,9 min hektar sahədə pambıq, 28 min hektar sahədə bostan bitkiləri, 5,7 min hektar sahədə şəkər çuğunduru, 11,7 min hektarda dən üçün günəbaxan, 1109 hektar sahədə tütün və s. əkilmişdir.

Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 4-nə olan məlumata görə, qarğıdalı istisna olmaqla 1778,6 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 273,5 min ton çox məhsul yığılmışdır.

Yığım başlanandan tarlalardan 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 90,8 min ton meyvə və giləmeyvə, 44,2 min ton bostan məhsulları, 58,6 ton tütün, 230,4 ton yaşıl çay yarpağı toplanmışdır.

Ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları bu gün uğurla icra olunur. Cari ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625,9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3,4 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 5296,4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 10,7 faiz artmışdır. Əsaslı vəsaitin 67,9 faizi və ya 5179,3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, əsas kapitala yönəldilmiş vəsaitin 5,4 milyard manatını və ya 70,7 faizini daxili investisyalar təşkil etmişdir.

Hesabat dövründə ölkənin xarici iqtisadi əlaqələri də dinamik inkişaf etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, yanvar-may aylarında 133 xarici ölkə ilə 13 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9 faizi, yaxud 1164,4 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 91 faizi və ya 11,8 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.

Beş ay ərzində 9,5 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 310,2 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96,7 faizi və ya 9169,1 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür. Xarici ticarət dövriyyəsinin 46,4 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9 faizi MDB-yə üzv dövlətləri ilə, 44,6 faizi digər ölkələrlə aparılmışdır. Beləliklə, beş ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2,7 dəfə çox olmuş və 5969,4 milyon dollar müsbət saldo yaranmışdır.

Son illərin  reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Məhz bunun nəticəsidir ki, 2014-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4,7 faiz artaraq 17,8 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,3 faiz artaraq 1895 manata çatmışdır. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Göründüyü kimi, bu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın  bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında