Məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə xüsusi diqqət yetirilir

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illərdə özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır. Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” tezisinə uyğun olaraq, hazırda Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyev bununla bağlı  demişdir: “Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün də  bunun böyük əhəmiyyəti vardır...”.

Son illər  biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır.

Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Özəl bölmənin inkişafı bu ilin ötən aylarında da hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Elektron xidmətlərin genişləndirilməsi çərçivəsində fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin “onlayn” rejimində qeydiyyatına başlanılması nəticəsində onların vergi orqanında qeydiyyatına sərf edilən vaxt 3 gündən bir neçə dəqiqəyə qədər endirilmişdir. 

Azərbaycan dövləti tərəfindən ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində özəl bölmənin roluna mühüm önəm verilir. Son 10 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq deyə bilərik ki, yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği azaldılmışdır.

Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən verilməsi, ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların 10 illik lizinqlə paylanılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da özəl bölmə  üçün yaradılan yüksək şəraitdən xəbər verir.

Şəffaflığın təmini və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviq edilməsi, vergidən yayınma hallarına qarşı ciddi və məqsədyönlü mübarizənin aparılması da hökumətin diqqət mərkəzindədir.

Şəffaflığın təmini baxımından qarşıda duran əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin fəaliyyətində hesabatlılığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə Mərkəzi Bank və digər aidiyyəti qurumlar ticarət və xidmət sahələrində pos-terminalların quraşdırılması işini daha da sürətləndirmişlər. Eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi təmin edilmişdir.

Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində bu gün də mühüm tədbirlər həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir. 

Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdik. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə görülmüş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bir fakta nəzər salaq. Bu il iyunun 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirmişdir.

Yüzə  yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış  və regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr-kiçik cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş sexi və pendir istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istəyinə uyğun olaraq, bu istehsal və emal müəssisələrinin avadanlıqlarla təmin edilməsinə dəstək göstəriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onların maarifləndirilməsi və dövlətin güzəştli kreditlərinin verilməsidir. Şirzad Abdullayev həmçinin qeyd etmişdir ki, indiyədək 1300 məcburi köçkün sahibkara 30,8 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 2700-ə yaxın yeni iş yerinin yaradılması mümkün olmuşdur. Təkcə 2014-cü ilin ötən dövrü ərzində 100 məcburi köçkün sahibkara 4,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 250-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Azərbaycan dövləti tərəfindən son  illərdə milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilmiş, ölkənin bütün potensialı intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edilmişdir. Respublikanın iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını reallaşdırmaqdan, özəl sektoru daha da gücləndirməkdən  ibarətdir. Son illər imzalanan fərmanlarda, təsdiq edilən dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək  və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Buna nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında