Əkinçiliyin əsas qolu olan taxılçılığa muxtar respublikada mühüm əhəmiyyətli sahə kimi yanaşılır. Aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi və məhsuldar toxum sortlarından istifadə bu sahədə məhsul istehsalının dinamik artımını təmin etmişdir. Bu ilin məhsulu üçün muxtar respublikada 35,7 min hektarda taxıl əkini həyata keçirilmişdir. Hazırda sahələrdə biçin aparılır.
İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” toxumçuluq təsərrüfatının taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, ötən il “Bərəkət” toxumçuluq təsərrüfatı üçün ayrılan sahədə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilmiş, şoranlaşmanın qarşısı alınmış və yeni suvarma xətti çəkilmişdir. 400 hektarlıq ərazidə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilmişdir. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 6 kombaynı cəlb olunmuşdur. Hazırda hektardan məhsuldarlıq orta hesabla 20 sentinerdir. Taxıl tədarükündə iştirak edən mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılmışdır.
Ərazidə yeni suvarma sistemlərinin qurulması nəticəsində əlavə torpaq sahələri əkin dövriyyəsinə qatılacaqdır. Bu da “Bərəkət” toxumçuluq təsərrüfatının əkin sahələrinin 2 min hektara qədər genişləndirilməsinə imkan verəcəkdir.
Ali Məclisin sədri ərazinin xəritələşdirilməsi, məhsuldar toxum sortlarının seçilərək rayonlaşdırılması və toxum satışının təşkil olunması barədə tapşırıqlar vermişdir.
Torpaq sahələrinin su təminatı yaxşılaşdırılır
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyasının 16,6 kilometr uzunluğundakı təzyiqli boru xətti yenilənmiş, mövcud supaylayıcı hovuzda təmir-bərpa işləri aparılmışdır. Yeni boru xətti 2 min hektardan artıq torpaq sahəsində dayanıqlı suvarma tədbirlərinin həyata keçirilməsinə imkan verəcəkdir.
Bildirilmişdir ki, hazırda supaylayıcı hovuzdan 3 min metr uzunluğunda özüaxımlı boru xətti çəkilir. Bu günə qədər 810 metr məsafədə tikinti işləri başa çatdırılmışdır. Həmçinin ərazidə vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsinin bərpa edilməsi də nəzərdə tutulmuşdur. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən torpaq sahələrinin etibarlı su təminatına şərait yaradacaqdır.
Ali Məclisin sədri tikinti işlərinin mühəndis-texniki tələblər nəzərə alınmaqla aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan şəhərində “Bərəkət” toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur
Kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdən biri də emal müəssisələrinin yaradılmasıdır. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, yeni taxıl emalı müəssisələri və anbarlar tikilərək istifadəyə verilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda Naxçıvan şəhərində “Bərəkət” toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur.
İyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kompleksin layihəsinə baxmış, aparılan tikinti işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, hazırda ərazidə texnikaların saxlanılması üçün qaraj və anbar binalarının inşası aparılır. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, həm də digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcəkdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.