“ECOBANK”ın Rəhbərlər Şurasının İstanbulda keçirilən 13-cü illik toplantısında Azərbaycanın iqtisadi uğurlarından geniş söhbət açılmışdır

İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (“ECOBANK”) Rəhbərlər Şurasının 13-cü illik toplantısı keçirilmişdir.

Tədbirdə ölkəmizi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Şahin Mustafayev çıxışında Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində ölkəmizin ticarət, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələrdə sazişlərə qoşulduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz 2013-cü ildə “ECOBANK”a üzv olmuşdur. Hazırda Azərbaycan “ECOBANK”ın üzv ölkələri ilə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq edir.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat vermişdir. O, respublikamızın etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulamışdır.

Nümayəndə heyətinin rəhbəri “ECOBANK”ın prioritet sahələri olan infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, enerji və digər sektorların, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu diqqətə çatdırmış, Bankı ölkəmizdə bu istiqamətlərdə, xüsusilə özəl sektorda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir. Bankın xidmətlərinin Azərbaycanda geniş təşviqi üçün “ECOBANK” Rəhbərlər Şurasının İllik Toplantısının Azərbaycanda keçirilməsi təklif edilmişdir.

Tədbirdə “ECOBANK”ın 2013-cü il üzrə illik hesabatının təqdimatı keçirilmiş, Bankın 2014-cü il büdcəsi təsdiq edilmiş, təşkilati məsələlərə baxılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında