Neft və qaz hasilatının artması iqtisadiyyatın digər sahələrinin inkişafını sürətləndirir

Cari ilin 7 ayında Azərbaycanda 29,8 milyon ton neft və 15,4 milyard kubmetr qaz hasil edilmişdir
Azərbaycan iqtisadiyyatında müsbət inkişaf meyilləri, əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da davam etmişdir. Artıq iqtisadiyyatımızın bütün sahələrində yüksək inkişaf tendensiyası müşahidə olunur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə çox düzgün və düşünülmüş iqtisadi strategiya həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bir neçə il öncə iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet vəzifə kimi qarşıya qoyulması artıq öz müsbət nəticələrini verməkdədir. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin ötən dövrü ərzində qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınmışdır ki, bu da yüksək göstərici hesab edilə bilər.
Bununla belə, neft sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olmaqla yanaşı, digər sahələrin inkişaf etdirilməsi üçün etibarlı təminat yaradır. Təsadüfi deyil ki, 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: "... Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın".
Cari ilin ötən 7 ayında ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən ümumi daxili məhsul istehsalında 3,5 faizlik, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon manatlıq artım qeydə alınmışdır. Bundan əlavə, hesabat dövründə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənaye istehsalında 3,2 faizlik artım baş vermişdir ki, bu da dünya üzrə yüksək göstərici hesab olunur.
Sənaye istehsalında, bütövkdə isə ölkə iqtisadiyyatında qeydə alınan artım, əsasən neft-qaz sektorunun hesabına baş vermişdir. Belə ki, yanvar-iyul ayları ərzində Azərbaycanda 29,8 milyon ton neft və 15,4 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur. Hesabat dövründə hasil olunmuş neftin təqribən 5,2 milyon tonu, qazın isə 4,5 milyard kubmetri dövlət sektorunun - ARDNŞ-in payına düşmüşdür. Göründüyü kimi, ölkəmizin neft-qaz sektorunda inkişaf meyilləri davam etməkdədir. Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanda neft və qaz hasilatı artıq rekord səviyyəyə çatdırılmışdır. Bundan əlavə, alternativ neft-qaz nəql marşrutlarının uğurlu fəaliyyəti ölkəmizin ixrac imkanlarını da getdikcə artırır.
Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neft hasilatında əldə olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz istehsalının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Neft sənayesinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatla bağlı əvvəlki illərdə müşahidə olunan çətinliklərin tam aradan qaldırılması və s. tədbirlərin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Artıq neft və qaz hasilatına dair proqnoz tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarında ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 5 milyon 286,3 min ton neft hasil olunmuşdur. Bu dövrdə çıxarılmış ümumi neftin 4 milyon 258,2 min tonu "Azneft" İstehsalat Birliyinn tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür.
Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət göstərən xarici tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin də iqtisadi səmərəsi aybaay, ilbəil artır. Cari ilin 7 ayında qurudakı yataqların istismarını həyata keçirən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən, eləcə də ARDNŞ-in "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üzrə payı çərçivəsində 1 milyon 28,1 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil olunmuşdur. Bundan əlavə, ötən dövrdə müştərək müəssisələr və əməliyyat şirkətlərindən alınan yerli bazar nefti 96,5 min ton təşkil etmişdir.
2010-cu ilin yanvar-iyul aylarında Dövlət Neft Şirkəti üzrə emala 3 milyon 643,6 min ton neft təhvil verilmişdir. Hesabat dövründə şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Azərbaycandan xaricə 1 milyon 582,4 min ton neft ixrac olunmuşdur.
Azərbaycanda qaz istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərin də səmərəsi getdikcə artır. Son illər Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınmışdır. Artıq Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə yaxın artmışdır ki, bu da əhalinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatını xeyli yaxşılaşdırmışdır. Cari ilin 7 ayında Dövlət Neft Şirkəti üzrə qaz hasilatı 4 milyard 517,4 milyon kubmetr təşkil etmişdir. Hasil olunmuş ümumi qazın 4 milyard 175,6 milyon kubmetri "Azneft" İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. Bundan əlavə, yanvar-iyul ayları ərzində "Şahdəniz" layihəsi çərçivəsində Dövlət Neft Şirkətinin payı 341,8 milyon kubmetr təşkil etmişdir. "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neft hasilatı ilə yanaşı, səmt qazı istehsalı da ilbəil artır. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin 7 ayı ərzində adı çəkilən layihə üzrə Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 1 milyard 961,3 milyon kubmetr qaz təhvil verilmişdir. Bununla yanaşı, hesabat dövründə "Şahdəniz" layihəsi üzrə Dövlət Neft Şirkətinə 860,4 milyon kubmetr "mavi yanacaq" satılmışdır.
Ölkə üzrə qazın təhvili planına da artıqlaması ilə əməl olunmuşdur. Cari ilin 7 ayı ərzində 5 milyard 200,1 milyon kubmetr "mavi yanacaq" satılmışdır ki, bunun da 4 milyard 148,1 milyon kubmetri daxili bazarın payına düşmüşdür. Onu da deyək ki, daxili bazarda satılmış qazın 1 milyard 110,67 milyon kubmetri əhalinin və iqtisadiyyatın "mavi yanacağa" olan tələbatının ödənilməsinə yönəldilmişdir. Qazın 2 milyard 217,7 milyon kubmetri isə ölkənin istilik elektrik stansiyalarının normal fəaliyyətini təmin etmək məqsədilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. 2010-cu ilin yanvar-iyul aylarında Dövlət Neft Şirkəti tərəfindən xaricə satılmış "mavi yanacağın" həcmi isə 1 milyard 52 milyon kubmetr təşkil etmişdir.
Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Azərbaycan xaricdən qaz alırdısa, aparılmış məqsədyönlü və təxirəsalınmaz işlər nəticəsində artıq ölkəmiz kənara "mavi yanacaq" ixrac edir. Prezident İlham Əliyev Azərbaycanın beş il bundan əvvəl istehlak olunan qazın yarısını xaricdən aldığını xatırladaraq əməli, praktik işlərə vaxtında başlamağın uğurlu nəticələr verdiyini bildirmişdir. Ölkə Prezidenti Dövlət Neft Şirkətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Məhz həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, bu gün ölkədə qazlaşdırma prosesi sürətlə gedir, bütün rayon mərkəzlərinə, eləcə də iri kənd və qəsəbələrə "mavi yanacaq" verilir. Bütövlükdə isə, artıq Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85 faiz təşkil edir ki, bu da neft və qaz hasil edən ölkələr arasında yüksək göstərici hesab olunur. Bununla belə, dövlət başçımız yaxın illərdə ölkə üzrə qazlaşdırma səviyyəsinin 90-95 faizə çatdırılmasını tövsiyə etmişdir.
Dövlət Neft Şirkəti üzrə neft hasilatında sabitliyi qorumaq, həmçinin qaz istehsalını artırmaq məqsədilə bir sıra texniki və geoloji tədbirlər, eləcə də cari və əsaslı təmir işləri ilə yanaşı, qazma işlərinə də diqqət xeyli artırılıb. Bu baxımdan təqribən üç il yarım əvvəl şirkətin tərkibində ayrıca bir qurumun - Kompleks Qazma İşləri Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə başlaması dənizdə, eləcə də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli intensivləşməsinə səbəb olmuşdur. 2010-cu ilin 7 ayı ərzində Dövlət Neft Şirkəti üzrə 83 min 260 metr qazma işi həyata keçirilmişdir. Göründüyü kimi, kəşfiyyat və istismar qazmasının aparılmasına xüsusi diqqət göstərilməsi yeni neft və qaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.
2010-cu ildə ölkə neftçilərini daha mühüm, məsul vəzifələr gözləyir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, qarşıdan neftçilərin peşə bayramı gəlir. Məhz 20 Sentyabr - Neftçilər Gününü yüksək iqtisadi göstəricilərlə qeyd etməyə hazırlaşan bu şərəfli peşə sahibləri həm də neft və qaz hasilatı üzrə nəzərdə tutulmuş illik proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanları səfərbərliyə almışlar.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında