Azərbaycan indi nəinki regionda gedən proseslərin fəal iştirakçısıdır, həm də bir çox təşəbbüslərin əsas müəllifidir. Həm iqtisadi, həm nəqliyyat, energetika sahələrində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi nəzərə alınmadan heç bir addım atılmır. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycanın iştirakı olmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır".
Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da dəfələrlə öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan hesabatda Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doinq Buisness - 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında birinci yerə yüksəlmişdir.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı əhalinin həyat tərzinin daha da yaxşılaşmasına müsbət təsir göstərir. Bu ilin ötən aylarında əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən illə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir. Bundan başqa, əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır.
Bundan başqa, ilin ötən aylarında əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən, qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur. Hazırki qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
İndiki dövrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Özəl bölməyə dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır.
Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 60-a yaxıni iri qeyri-neft ixracatçıları ilə görüş keçirilmiş, eyni zamanda, işçilərinin sayı 100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin mövcud vəziyyəti haqqında toplanmış məlumatlar təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6 ayda əmək haqqı bu müəssisələrin 47 faizində artmış, 51 faizində dəyişməmiş, 2 faizində isə azalmışdır. Müəssisələrin 57 faizi cari ildə investisiya qoyuluşunu planlaşdırır.
Son illər iqtisadiyyatın balanslaşdırılmış şəkildə inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi üzrə həyata keçirilən tədbirlər nəticəsində xüsusi müəssisələrin sayı artmış və bu, registrdə qeydə alınmış statistik vahidlərin 77,7 faizini təşkil etmişdir.
Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında türkiyəli sahibkarların payı 29,3 faiz təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 12,7 faiz, Rusiya üzrə 7,4 faiz, ABŞ üzrə 6,3 faiz, İran üzrə isə 6,4 faizdir.
Xatırladaq ki, həmin müəssisələrin 54,6 faizi Bakıda, qalan hissəsi isə regionlarda fəaliyyətə başlamışdır.
Bu ilin ötən aylarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 278 minə çatmışdır. Hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmişlər.
Əhalinin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Statistik məlumata görə, 2009-cu il iyul ayının 1-i vəziyyətinə əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında 1292,6 min nəfər pensiyaçı olmuş və onlar ölkə əhalisinin 15 faizini təşkil etmişdir. Pensiyaçıların 65 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artaraq 99,43 manat olmuş və orta aylıq əmək haqqının 33 faizini təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, cari ilin altı ayı ərzində əhaliyə pensiya və müavinətlərin müəyyənləşdirilməsi üçün 801,5 milyon manat və keçən ilin müvafiq dövründən 198,5 milyon manat və ya 33 faiz artıq vəsait yönəldilmişdir. Vəsaitin 778,7 milyon manatını əhaliyə ödənilən pensiya, 22,8 milyon manatını isə müavinət xərcləri təşkil etmişdir.
Müavinətlərin 8,5 milyon manatı hamiləliyə və doğuma görə, 7,2 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 7,1 milyon manatı isə digər ödəmələrin payına düşür.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.