Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin mühüm prioritetlərindəndir

Azərbaycanda neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və ölkə iqtisadiyyatının diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı, dünya iqtisadiyyatına inteqrasiyanı sürətləndirmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Əldə olunmuş  bütün bu nailiyyətlər iqtisadi göstəricilərdə də öz əksini tapır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilin əvvəlindən keçən dörd ay ərzində 18,2 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artmışdır. Ümumi daxili məhsulun 60,9 faizi məhsul istehsalı, 31,9 faizi xidmət sahələrində yaradılmış, 7,2 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir.

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9 faiz artmış, neft-qaz sektorunda isə 3,2 faiz azalmışdır. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1942,6 manata və ya 2476,5 ABŞ dollarına çatmışdır.

Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.

Xatırladaq ki,  ölkə  Prezidentinin  2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin planda  sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz ifadəsini tapmışdır.

Məhz reallaşdırılan tədbirlərin nəticəsidir ki, bu ilin ötən aylarında sənaye sektorunda müsbət nəticələr əldə edilmişdir. Faktlara nəzər salaq. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 11 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artmış, neft-qaz sektorunda isə 2,9 faiz azalmışdır.

Emal bölməsində toxuculuq sənayesi məhsulları istehsalı 3,5 faiz, geyim istehsalı 16,6 faiz, tikinti materialları istehsalı 26,3 faiz, maşın və avadanlıqların istehsalı 11,5 faiz, avtomobil və qoşquların istehsalı 2,5 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 21,6 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 1,4 faiz artmış, 7,7 milyard kilovatsaat və ya keçən ilki səviyyədən 3,2 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.

Prezident İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasəti,  həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini vermiş, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 262 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 20,3 min hektar sahədə dən üçün qarğıdalı, 57,5 min hektar sahədə kartof, 52,5 min hektar sahədə tərəvəz, 14,8 min hektar sahədə pambıq çiyidi, 18,1 min hektar sahədə bostan bitkiləri, 4,6 min hektar sahədə şəkər çuğunduru, 7,2 min hektar sahədə dən üçün günəbaxan və 756 hektar sahədə tütün əkilmişdir.

Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 144,5 min tona, süd istehsalı 2,1 faiz artaraq 569,8 min tona, yumurta istehsalı 12,3 faiz artaraq 496,6 milyon ədədə çatmış, ötən ildəkindən 11,2 faiz çox və ya 2,7 min ton yun qırxılmışdır.

Bitkiçilik məhsullarından 46,6 min ton və ya 12,3 faiz çox tərəvəz, 6 min ton və ya 15,6 faiz çox kartof istehsal edilmişdir.

Kənd əməkçilərinin səyi nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9,1 faiz, heyvandarlıq məhsulları istehsalı 3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz artmışdır.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Təsadüfi deyildir ki, artıq Azərbaycan dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.

Bu gün Azərbaycanda dövlətin investisiyası hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü və Şəmkirçay su anbarlarını buna misal göstərmək olar. Hər iki obyekt istifadəyə verildikdən sonra ölkəmizdə aqrar sektorun inkişafında böyük dönüş yaranacaq. Bundan başqa, Azərbaycanda güclü ixracyönümlü sənaye potensialı yaradılır. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində bu məqsədlə dünya standartlarına cavab verən texnoparklar tikilir. Yeri gəlmişkən xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən texnoparkda istehsal olunan məhsullar dünya standartlarına tam cavab verir və rəqabətqabiliyyətlidir.

Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 4,6 milyard manat, yaxud 2013-cü ilin yanvar-aprel aylarında olduğundan 8,6 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 3,2 milyard manatı və ya 68,9 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3,2 milyard manatı və ya 68,8 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 3,5 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 22 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 25,6 faiz artaraq 3,4 milyard manat təşkil etmişdir. Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1728,7 milyon manatından istifadə edilmişdir.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində 500,9 min kvadratmetr sahəsi olan yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi və s. obyektlər istifadəyə verilmişdir.

Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 67,6 milyon ton yük və 564,4 milyon sərnişin daşınaraq 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 1,9 faiz və 6 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 3,2 faiz, boru kəməri ilə 10,7 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 6,3 faiz, hava nəqliyyatı ilə 2,7 faiz, metropolitenlə 4,4 faiz artmışdır.  Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir.

Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ilin birinci rübündə xarici ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 6,5 milyard dolları və ya 91 faizi uzaq xarici dövlətlərin, 642,4 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 14,9 faiz, o cümlədən uzaq xarici ölkələrlə 13,2 faiz, MDB üzvü dövlətləri ilə isə 25,6 faiz azalmışdır.

Bu dövrdə ölkəmizdən 5,4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 13 faiz az mal göndərilmişdir. İxrac olunmuş məhsulların 5,2 milyard dollarlığı (96,7 faizi), MDB üzvü dövlətləri istisna olmaqla, digər ölkələrə, 179,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 11 faiz və 46,4 faiz azalmışdır.

Rüb ərzində ölkəmizə 1,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən 1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 22,1 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 17,5 faiz azalmışdır.

İxracın idxalı üstələməsi nəticəsində 3,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrlə əlaqələrdə 3,9 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 0,2 milyon dollarlıq mənfi saldo yaranmışdır.

Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir. Məhz bunun nəticəsidir ki, əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq aprelin 1-nə 6,7 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olmuşdur.

Bu ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 3,3 faiz artaraq 1290,7 manata çatmış və onun 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,1 faizi əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Dövlətimizin  başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalinin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında